HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-11

:

Cənab Hürr ibn Yezid Riyahi

Müxtəlif tarixi qaynaqlarda Hürrün mənsub olduğu nəsil şəcərəsi barədə məlumatlar verilib. İslam Ensiklopediyasında Hürrün bütöv adı və soy adları bu cür təqdim olunub: Hürr ibn Yezid ibn Naciyə ibn Kənab ibn Əttab ibn əl-Haris ibn Əmr ibn Həmman əl-Riyahi əl-Yərbui əl-Təmimi. Təbərinin nəql etdiyi bir tarixi qaynaqda Zəkəriyyə ibn Yəha əl-Dərir Hürrü əl-Yərbui Riyahinin soyundan gəldiyini və İraqın Kufə şəhərindəki Bəni-Təmim qəbiləsindən olduğunu yazır. Bu versiya Hürrün nəsil mənsubiyyətilə ilə bağlı ən çox etimad olunan məlumat hesab edilir. Lakin Təbərinin istinad etdiyi digər qaynaq Hüseyn ibn Əbdürrəhman Hürrün soyadını ibn Yezid əl-Hənzəli kimi qeyd edib və onu Bəni-Nəhşəl qəbiləsinə mənsub bilib. Bütün hallarda böyük şəxsiyyət olan Hürr qısaca ibn Yezid ibn Təmimi əl-Yərbui kimi qəbul edilir. İslamdan əvvəl də, sonra da Hürrün mənsub olduğu qəbilənin nüfuzu çox yüksək olub, ərəblər arasında elit təbəqə hesab olunurdu.
Hürr ibn Yezid Riyahi Kərbəla hadisəsi zamanı Kufə qoşunlarının sərkərdələrindən biri olub. O, alicənab və yaxşı döyüşçü kimi tanınırdı. Əvvəlcə Kərbəlada Übeydullah ibn Ziyadın qoşunlarından birinin komandanı vəzifəsini daşıyıb. Daha sonra etdiyi əməldən peşman olaraq İmam Hüseynin (ə) tərəfinə keçib. Bu səbəbdən dolayı Hürr tarix boyu Əhli-beyt davamçıları tərəfindən böyük hörmətlə yad edilir və sevilir. O, həmçinin bağışlanma ümidinin və tövbənin simvoluna çevrilib.
Hürr Kufənin ən istedadlı hərbçilərindən biri idi. Bəzi mənbələrdə yalnışlıqla o, Kufə valisi Übeydullah ibn Ziyadın cangüdəni kimi qeyd olunsa da, İmam Hüseynə (ə) qarşı çıxmaq üçün ibn Ziyadın qoşun sərkərdəsi vəzifəsini daşıması, hərbi intizamı və qanunlara ciddi riayət etməsi onun cangüdən kimi aşağı rütbəli vəzifədə deyil, hərbi komandan kimi yüksək titul daşıdığını sübut edir. Bu fərziyyəni onun yalnız hərb işində ixtisaslaşması və bu sahədə nüfuz qazanması, həmçinin heç bir siyasi bloklara və fəaliyyətlərə qoşulmaması faktı da təsdiqləyir. Heç bir tarixi mənbədə Kufədə gərginliyin hökm sürdüyü Kərbəla hadisələrindən əvvəlki dövrdə Hürrün etiqadı və siyasi mövqeyi barədə məlumat qeyd olunmayıb. Tarixçilərdən yalnız əl-Bələmi şübhəli bir mənbəyə istinad edərək Hürrün öz etiqadını gizlətmiş Əhli-beyt şiəsi olduğunu yazır.
İbn Ziyad İmam Hüseynin (ə) Kufəyə doğru gəlişi xəbərini alanda Hürrü 1000 nəfərə yaxın süvari ilə İmamın (ə) qarşısını almağa göndərdi. Rəvayətdə deyilir ki, İmamın (ə) karvanı Zu-Husəm adlı məntəqəyə çatır və orada dincəlmək üçün məskən salır. Hürrün də qoşunu həmin məntəqəyə yetişir. İmam (ə) onlara və atlarına su verilməsi göstərişini verir. Sonra bütün qoşun İmamın (ə) arxasında namaz qılırlar. Hürr İmamı (ə) Kufədə olanlardan, kufəlilərin əhdlərindən peşman olmaları barədə xəbərdar edir və İmamdan geri qayıtmasını istəyir və deyir: "Mən sizinlə döyüşmək üçün məmur olmamışam. Mən sizdən ayrılmamağa məmuram".
Lakin İmam onu eşitməyib Qasidiyyəyə tərəf hərəkət edir. Hürr də İmamla (ə) bərabər hərəkət edir. Onlar gəlib bir yerə yetişəndə İmam (ə) buranın adını soruşur. Hürr Kərbəla deyə cavab verir. İmam (ə) atdan enir və karvanın da burada dayanması göstərişini verir. Hürr bu xəbəri dərhal İbn Ziyada çatdırır.
Beləcə Aşuraya qədər İmamın (ə) karvanı burada qalır və Hürr də İbn Ziyadın göndərdiyi əlavə ordu ilə İmamın (ə) qarşısında yer alır. O, Aşuraya qədər döyüşün olacağına inanmır. Mühacir ibn Ovsun yazdığına görə Hürr döyüşün olacağını biləndə əsməyə başladı. Ovs deyir: "Əgər məndən soruşsalar ki, Kufənin ən şücaətli kişisi kimdir, Hürr deyərdim. Amma o bu gün titrəyir".
Beləcə Hürr atına minib İmamın (ə) qərargahına tərəf gedir və İmamın qarşısına dayanıb deyir: "Ey Allah Rəsulunun övladı, mən o kəsəm ki, sizi buraya gətirdim və sizi burada çarəsiz saxladım. İşin bura qədər gələcəyini bilsəydim, Allaha and olsun ki, heç vaxt bunu etməzdim. Mən tövbə edirəm. Allah məni bağışlayarmı?" İmam (ə) buyurur: "Bəli, Allah səni bağışlayar". Beləcə Hürr icazə alıb birinci şəhid olmaq şərəfinə nail olur. Hətta bəzi mənbələrdə onun oğlanlarının, qardaşlarının və nökərinin də Kərbəlada şəhid olduğu deyilir.
Hürr ibn Yezid Riyahinin məzarı hazırda İmam Hüseynin (ə) müqəddəs hərəmindən 10 km aralıdadır. Mənbələrdə deyilir ki, Aşuradan sonra Bəni-Əsəd qəbiləsi (Riyahi tayfası bu qəbilənin bir qoludur) Kərbəla şəhidlərini dəfn etdikdən sonra Hürrün cəsədini indiki əraziyə gətirib və orada dəfn ediblər. Hazırda onun məzarı İmam Hüseyn (ə) zəvvarları tərəfindən də ziyarət olunur.

Hazırladı: Elcin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!