HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-4

:

Cənab Müslim ibn Övsəcə Əsədi Kufi
Kərbəlanın səmasının solmayan ən parlaq ulduzlardan biri də Müslim ibn Övsəcədir. Rəsulullahın (s) şərəfli səhabəsi və Əmirəl-möminin (ə) -ın dostlarından olan bu böyük şəxsiyyəti xarakterizə etmək üçün, onun adı və yaddaşı müqəddəs Kərbəla şəhidlərinin ziyarətini və Rəcəb duasını bəzədiyini demək kifayət edər.

Bəzi rəvayətlərdə qeyd olunmuşdur ki, Müslim ibn Övsəcə həyat yoldaşı və övladları ilə birlikdə Kərbəla səhnəsinin iştirakçısı olmuşlar. Tarixçilər yazırlar: Xələf ibn Müslim ibn Övsəcənin rəşadətli oğlu Aşura günü atası ilə birlikdə olmuş və İmam Hüseynin (ə) haqq uğrunda savaşında döyüşərək şəhadətə çatmışdır.
Müslim ibn Övsəcənin adı Aşura barəsində nəql olunan bütün mənbələrdə istisnasız olaraq gözə çarpır. İmam Hüseynin (ə) səhabələri arasında Aşuranın ilk şəhidi olmuşdur. Kufə məscidinin sütunun yanında ibadət edən, namaz qılan və dua edən, gecə ibadətlərini tərk etməyən ixlaslı abid olmuş və bir çox hədislər ondan rəvayət edildiyi üçün, hədisçi kimi adı İslam tarixinə düşmüşdür.
İmam Hüseynə (ə) məktub yazan və onu Küfəyə dəvət edənlərdən biri idi, lakin öz əhdlərinə vəfa etməyən bir çox həmyerlilərindən fərqli olaraq, verdiyi vədinə sadiq qaldı və son nəfəsinədək ailəsi ilə birlikdə zamanəsinin İmamının müdafiəsinə qalxır.
Müslim ibn Əqil İmam Hüseynin (ə) göstərişi ilə Kufəyə getdəndə, bəzi məlumatlara görə, əvvəlcə Müslim ibn Övsəcənin evində qalır. Küfə camaatı İmam Hüseynə (ə) beyət etmək üçün oraya get-gəl edib, son damla qanına qədər malları və canları ilə İmamı müdafiə etməyə and içirlər. Bu xəbər Məkkədə olan İmam Hüseynə (ə) çatdıqda Kufəyə tərəf hərəkət edir. Müslim ibn Övsəcə bütün bu mərhələlərdə mühüm rol oynamışdır.
Müslim ibn Əqil silahdaşlarını münəzzəm etmək üçün komandirlər seçir və Abdullah ibn Əzizi Kində qəbiləsinə, Müslim ibn Övsəcəni Məzhəc və Əbu Səmamə (Saidi) Seydavini isə Bəni Təmim və Həmdan qəbilələrinə təyin edir.
İbn Ziyadın Kufəyə gəlişinə qədər işlər öz qaydasında gedirdi. Həbib ibn Məzahir və Müslim ibn Əqil özlərini səfərbər edərək İmamları (ə) üçün Küfə camaatından beyət alırlar. O zamana qədər ki, İbn Ziyad hiylə ilə Küfəyə daxil olur və bütün nüfuzlu insanları vəhşicəsinə qətilə yetirir və qəbilə başçılarını öldürtdürür və ya həbs etdirir. Artıq Kufə qəbilələrinin sakinləri öz nüfuzlu və hörmət sahibi olan qəbilə başçılarını gizlədərək qorumağa çalışırdılar. Aşiq şiələr isə həmin vaxtlarda İmamın (ə) yanına özlərini çatdırmaq və Həzrətin qafiləsinə qoşulmaq üçün gizli yollar axtarışında idilər. Onlardan biri də Müslim ibn Övsəcə olmuşdu.
Müslim ibn Əqil Kufədə öz fəaliyyətini gizli şəkildə davam etdirməyə məcbur qaldığ bir vaxtda, Müslim ibn Övsəcə yenə də canla başla Müslim ibn Əqilin xidmətində olur və həmçinin şəri səhmləri almaq və silah-sursat toplamaq və qiyam etmək üçün qoşun yığmaq kimi zəruri işləri görməyə davam edir.
İbn Ziyad Muəqəl adlı xidmətçilərindən birinə üç min dirhəm götürməyi tapşırır və onu Müslim ibn Əqilin yoldaşlarını tapmaqla vəzifələndirir. Muəqəl özünü şiə kimi tanıtdıraraq Müslim ibn Əqilin yoldaşlarını axtarmaq üçün Kufənin məscidinə gəlir. O daha əvvəl əldə etdiyi məlumata əsasən, namaz qılmaqla məşğul olan Müslim ibni Övsəcənin yanına gedir və Müslim namazını bitirdikdən sonra ibn Ziyadın casusu ona deyir: "Ey Allah bəndəsi! Mən Şam əhliyəm və Allah mənə layiq görərək Peyğəmbər ailəsinin və onun dostlarının sevgisini bəxş edibdir. O, bu sözləri deyərək yalandan ağlayırdı".
Sonra deyir: "Mənim üç min dirhəmim var və o Həzrətin yaxın adamı ilə görüşmək istəyirəm". Eşitmişəm ki, bu şəhərə Peyğəmbə (s) qızının oğlu tərəfindən bir nümayəndə gəlib və sakinlər İmam əvəzi ona beyət edirlər. Onun sorağını alanda, mənə səni göstərdilər. Xahiş edirəm ki, bu pulu məndən alıb məni o adamın yanına apar, çünki mən sənin qardaşın sayılıram mənə etibar et və güvən, istəyirsən onunla görüşməzdən öncə beyət edim!

Müslim ibn Övsəcə dedi: "İnsanların bu haqda nəisə bilmələrini istəmirəm, mümkündür yağı düşmənə (ibn Ziyada) çatdırsınlar". Muəqəl Müslim ibn Övsəcənin sözlərini qəbul etdiyini, lakin bir daha beyət etmək istədiyini bildirdi. Müslim onun beyətini qəbul edib, ondan ayıq-sayıq olmasını və bütün bu məsələni gizli saxlaması üçün onunla əhd-peyman bağladı. Sonra Muəqələyə dedi: "Bir neçə gün evimə gəl-get ki, sənə görüşmək üçün icazə ala bilim." Nəhayət Müslim ibn Övsəcə bütün lazımi tədbirləri görsə də, casusu tanıya bilmədi və onu Müslim ibn Əqilin hüzuruna gətirərək beyət etməsinə şərait yaratdı və Müslim ibn Əqil, Əbu Səmamə Saidiyə pulu ondan götürməyi əmr edir. Muəqəl bir neçə gün müntəzəm olaraq Müslim ibn Əqilin gizli qaldığı yerə gedir və İbn Ziyada lazım olan bütün məlumatları çatdırırdı.
Müslim ibn Əqilin şəhadətindən sonra İmamın (ə) Kərbəlaya gəlməsi xəbəri Küfə əhli arasında yayılan zamana qədər Müslim ibn Övsəcə gizli olaraq yaşayırdı. Həbib ibn Məzahir evdən çölə çıxarkən, Müslim ibn Övsəcəni dükanın qarşısında dayandığını gördü və dedi: "Nə üçün burada dayanmısan? Məgər İmam Hüseynin (ə) Kərbəlaya gəldiyini eşidməmisən, tez ol tələs özümüzü o Həzrətə yetirək və kömək edənlərindən olaq. Bu xəbəri eşidən Müslim ibn Övsəcə tərəddüd etmədən, dərhal Kərbəlaya getmək üçün hazır oldu və Həbib ibn Məzahirlə birlikdə İmam Hüseynin (ə) qafiləsinə qoşuldular.
İmam Səccad (ə) Aşura gecəsində baş verən hadisələrdən söz açaraq belə buyurmuşdu: O gecə mən xəstəlik üzündən yataqda idim. Əziz atam səhabələrini toplayıb xütbə etməyə başladı. İmamın sözlərini daha yaxşı başa düşmək üçün yanına yaxınlaşdım və belə buyurduğunu eşitdim: "Uca Allaha ən üstün şəkildə həmd və səna edib, çətinlikdə və əmin-amanlıqda olduğum hallarda onun dərgahına şükür edirəm. Ey Allahım! Bizi Peyğəmbər (s) ailəsini nübuvvət və kəramət bəxş etməklə şərəfləndirdiyin, bizə Quranı və dinimizin təlimlərini öyrətdiyin və bizə qulaq, göz və ürək inayət etdiyin üçün sonsuz təşəkkür edirəm və bizi şükür edən bəndələrindən etməyini arzu edirəm".
Sonra Həzrət əlavə edərək buyurdu: Mənim səhabələrimdən daha sadiq və daha vəfalılarını və bizim ailəmizdən daha mehriban və daha mərhəmətli bir ailə olduğundan xəbərdar deyiləm. Uca Allah sizləri layiqli şəkildə mükafatlandırsın. Unutmayın ki, hamınıza azad seçim etməyə icazə vermişəm və beyətimi sizin üzərinizdən götürmüşəm. Bu gecənin qaranlığında rahatlıqla buradan uzaqlaşa və özünüz üçün minik vasitəsi götürüb gedə bilərsiniz.
Belə bir həssas vaxtda, səhabələrin hər birisi İmamlarına (ə) olan sevgi və istəklərini dilə gətirdilər və əhdlərinə sədaqətlərini təsdiq edəcəklərini bildirdilər. Bəni-Haşimin cavanlarından sonra, ilk olaraq Müslim ibn Övsəcə ayağa qalxaraq, Allah-Taalaya və Əhli-Beytə məhəbbətlə dolu olan bir nitqlə çıxış etdi:
“Ya Əba Abdullah! Səni tərk edəcəyik? Bəs Allah dərgahında sənin haqqını əda etmədiyimizə görə hansı üzürü gətirəcəyik? Xeyr, Allaha and olsun, biz səni heç vaxt tərk etməyəcəyik, düşmənlərin sinələrinə nizəmi yeridənə və qılıncım əlimdən yerə düşənə və əgər silahsız olsam belə onları daş-qalaq edənə və şəhadətə çatana qədər səninləyəm.
Allaha and olsun ki, Allah Rəsulunun (s) hörmətini saxlamağımı və öz əhdimə vəfa edəcəyimi sübut etməyincə, heç vaxt səndən ayrılmayacam. And olsun Allaha, əgər bilsəm ki, öldükdən sonra diriləcəm və sonra məni yandırıb,külə döndərərək öldürsələr və bunu 70 dəfə təkrar etsələr, sənin yanında şəhadətə çatana qədər heç vaxt səndən ayrılmayacağam. Bunu necə etməyə bilərəm? Bir halda ki, yalnız bir dəfə öldürüləcəyimi və əbədi səadət və xoşbəxtliyə yetişəcəyimi bilirəm. İmam Hüseyn (ə) səhabələrinin hər birinə təşəkkür etdi və öz yerinə (xeyməsinə) qayıtdı.
İmam Hüseynin (ə) yoldaşlarının və səhabələrinin mövzusu o qədər dərindir ki, onun həqiqətini çatdırmaq olmur. Həzrətin (ə) səhabələri haqqında mütaliə etdikdə görürük ki, onların əksəri ən üstün hədisçilər, Quran ustadları, ixlaslı abidlər olmuşdur. Onlar yalnız yaxşı döyüşçü deyildilər. Həbib ibn Məzahir və Müslim ibn Övsəcə daha öncələr İmam Hüseynin (ə) haqq uğrunda savaşında şəhid olacaqlarını bilmişdilər və bu barədə bütün doslarına xəbər vermişdilər. Artıq fədakarlıq məqamı gəlib çatmışdır və yaşlı olmalarına baxmayaraq əzəmətli bir ruhiyyəyə sahib idilər.
İmam Hüseynin (ə) səhabələri arasında meydana öncə Müslim çıxdı və düşmənlə şücaətlə vuruşaraq, küfr qoşununun böyüklərindən bəzilərini cəhənnəmə göndərdi, özü də zərbə alaraq yerə yıxıldı. Gözlərini açdıqda, İmam Hüseyni (ə) və Həbibi başı üstündə gördü. Həbib dedi: "Qardaş! Baxmayaraq ki, məndə növbəti saatda sənə qovuşacağam, əgər vəsiyyətin varsa, mənə de yerinə yetirim." Müslim gözünün yanı ilə Həbibə baxdı və əli ilə İmam Hüseynə (ə) işarə edərək dedi: "Vəsiyyətim yalnız İmam Hüseynə (ə) yardımçı və Həzrətdən öncə şəhid olmağındır".

Hazırladı: Elcin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!