HƏZRƏT İMAM HƏSƏN (Ə.S)IN FƏZİLƏTLƏRİ

:

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1
İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Məzlumların köməkçisi
İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.
İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.
Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»2

İbrətamiz incəlik
İmam Həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi.

Elm və fəzilət ailəsi
Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər.
Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?3

Misilsiz bəxşiş
İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»4

Kitabın adı: İmam Həsən Müctəba əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi


1. Mənaqibi-Ali-Əbutalib (İbn Şəhr Aşub) c.4, səh.28; İrşadi-Şeyx Müfid, səh.187.
2. Tarixül-xüləfa (Süyuti), səh.189.
3. Biharül-ənvar, c.43, səh.333.
4. Tarixül xüləfa. səh.190; Tarixi-Yə’qubi, c.2, səh.215; Təzkirətül-xəvas səh.196.

Tags: İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!