HƏZRƏT İMAM HÜSEYN (Ə)-IN LƏYAQƏTİ

:

AYIQ ÜRƏKLƏR


Günlər, həftələr, aylar, illər sür`ətlə ötüb keçir; bir dəstə adam həyatın naz-ne`məti və rifahı içində üzür. Amma binəvaların, səfillərin ürək parçalayan fəryadı asimanın geniş fəzasında ucalır və dalğalanır. Amma nə dalğa, nə hərəkət! Elə bir dalğa ki, minlərlə ah-nalə, əzab və dərdi özü ilə bu tərəfdən o tərəfə aparır ki, bəlkə onun üçün bir dərman axtarsın və ya bir ayıq adam tapsın, ona öz ürəyinin dərdini desin.
Amma əfsus, bir ayıq ürək yoxdur ki, biçarələri xatırlayaraq döyünsün, onların halına yansın: yalnız cəmiyyətlə və adi insanlarla öz insani və imani əlaqələrini kəsməyən pak ürəklər hər yerdə və hər halda zəiflərin və binəvaların naləsini eşidirlər və onların köməyinə çatmağa tələsirlər.
Bu ürəklərin kamil nümunəsi bir qəlb idi ki, özündə bütöv bir cahanı yerləşdirdi, aləmi öz sevdasının dalınca çəkib apardı və o, bir mərdin pak sinəsində döyünürdü ki, adı Hüseyn idi, Mühəmməd kimi düşünür, Əli kimi yaşayırdı.
Hüseyn yalnız azadlıq və şücaət nümayişi, inqilab və ədalət rəhbəri deyildi; o eyni zamanda mehribanlığın, şəfqətin və qayğıkeşliyin isti ocağı hesab olunurdu ki, gecələr binəvalar üçün yemək-içmək aparırdı, onların yaralı ürəklərinə məlhəm qoyurdu və beləliklə, özünün inqilab məktəbinin tərəfdarlarına insanpərvərlik, mehribanlıq, qayğıkeşlik, ictimaiyyətçilik dərsi verirdi ki, insanlıq kəramətlərinin bütün sahələrində o Həzrəti İmam bilsinlər və özlərinin böyük rəhbəri kimi tanısınlar.
Bu hərəkət, rəftar və əməllər bir dəfə, iki dəfə baş vermirdi, əksinə, o qədər təkrar olunurdu ki, mübarək çiyinlərində heybələrin izi görünürdü.

Şüeyb Xüzai adlı biri dedi:
İmam Hüseyn (əleyhissalam)-ın şəhadətə yetişməsindən sonra, dəfn zamanı mübarək çiyinlərində iz göründü, oğlu Əliyyibnil-Hüseyndən bunun səbəbini soruşdular, cavabında belə dedi:
“Bu ona görədir ki, o (atam) həmişə öz çiyinlərində yemək dolu heybələri binəvaların, yetimlərin və kasıbların evlərinə daşıyırdı.”
Ayıq oxucu! Bu iş nə qədər təkrar olunmalı və nə qədər ağır olmalıdır ki, onun tə`siri (izi) ömrünün axırına qədər qalsın!
İlahi, bizə o ləyaqəti və imkanları nəsib et ki, binəvaların qəlbinin dadına çataq, özümüzün bütün fikir, qüdrət, rəyasət və sərvətimizi yalnız özümüzün istəklərimizi və ehtiyaclarımızı tə`min etmək üçün sərf etməyək, dünyanı özümüzün hesab etməyək.
Və əgər bu ləyaqətimiz yoxdursa, eyblərimizi bizə anlat ki, öz nöqsanlarımıza diqqət yetirək; əgər bir kəsin əlindən tutmuruqsa, kimsənin ayağını sındırmayaq, bir xeyirə çatmırıqsa, zərər də vurmayaq.
Yaxşı olardı ki, bu cəhəti də Hüseyn (əleyhissalam)-dan öyrənək ki, o da aləmlərə rəhmət kimi göndərilən öz böyük babasından öyrənmiş və rəvayət etmişdir:
“İnsanlar Allahın ruzi yeyənləridir. Allahın yanında ən sevimli bəndələr o bəndələrdir ki, Onun ruzi yeyənlərinə xeyir verir və ailəni şad-xürrəm edirlər.”

Kitabın adı:  İMAM HÜSEYN (Ə)-IN ƏXLAQİ GÖRÜŞLƏRİ

Müəllif:  Ayətullah Əhməd Sabiri Həmədani

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!