AŞURA QİYAMININ TƏSİR VƏ NƏTİCƏLƏRİ - 2

:

Azadə insanlar üçün modelləşdirmə
Hərçənd ki, hicri-qəməri tarixlə 61-ci ilin Aşurasında zahirdə qələbə yezidçilərlə idi və qeyri-bərabər Kərbəla döyüşü batil cəbhənin xeyrinə bitdi, amma dərin bir baxışda, həqiqi zəfər İmam Hüseyn (ə) və silahdaşlarınındır. Ona görə ki, o həzrət məlum hadisə və ya qiyamda, cahana qalıcı bir üsul yadigar qoydu və al qanı ilə müsəlmanlar, bəlkə bütün azadələr üçün həmişəlik tarixə həkk olan bir məktəb təsis etdi ki, dünyaca həqiqət axtarışında olanların ülgüsüdür.

Almaniyalı Müsyö Marvinin dediyinə görə: “İslam dünyasının bu qəhrəman əsgəri dünya əhalisinə göstərdi ki, zülm və ədalətsizlik qalıcı deyil, zülmün təməli görünüşdə əzəmətli və möhkəm olsa da, haqq və həqiqət qarşısında saman kimi küləyə sovrulacaq”.
Misirin tanınmış alim və təfsirçisi Seyid Qütb “Ğafir” surəsinin 51-ci ayəsinin – “Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (axirətdə) yardım edəcəyik!” – təfsirində belə bir sual ortaya atır ki, Allah-taala bu ayədə peyğəmbərlər və möminlərə, dünyada da qəti surətdə nüsrət və yardım vədəsi versə də, tarix boyu bir sıra peyğəmbər və möminlərin məğlub olduqlarına, bir qrupunun isə şəhadətə çatdığına şahid oluruq. Onlar barəsində ilahi yardım vədəsi necə gerçəkləşdi? Sonra belə bir cavab verir:
Birincisi, zəfəri xüsusi bir zaman və məkanda məhdudlaşdırmamaq lazımdır. Belə ölçü və miqyaslar, bəşərə dair kiçik ölçü və miqyaslardır. Amma zaman və məkana sığmayan, müəyyən zaman və məkanla məhdudlaşmayan geniş miqyasda peyğəmbər və möminlər əsla məğlub olmamışdır. Ona görə ki, nəticə etibarı ilə onların etiqad və məramı yaşayır. Allahın onlara etdiyi yardım, əslində onların əqidəsinə etdiyi yardımdır.
İkincisi, kömək və yardımın fərqli formaları vardır ki, onun bir hissəsini səthi baxışda məğlubiyyət adlandırırlar ki, əslində ilahi zəfərlə yanaşıdır. Oda atılan İbrahim (ə) öz əqidə və dəvətindən əl çəkdimi? O, odun içinə atıldığı halda belə ilahi yardım nəsibi oldu. Həqiqətdə, onun düşməni məğlub oldu. Bu mənada ki, bütün təhdid və əziyyətlərə rəğmən, onu öz əqidəsindən döndərə bilmədi (əksinə dini daha geniş şəkildə yayılmağa başladı).
İmam Sadiq (ə) “Ğafir” surəsinin 45-ci ayəsi, “فوقاه الله سيئات ما مكروا” barəsində buyurur:
“يَعْني مُؤْمنَ آلِ فِرْعَوْنَ، وَاللهِ لَقَدْ قَطَّعُوهُ إرْباً إرْباً، وَلكِنْ وَقاهُ اللهُ أَنْ يَفْتِنُوهُ فِي دينِهِ
“Ayədən məqsəd, Allahın onu düşmənlərin mənfur planlarından qoruduğu Firon ailəsinin möminidir. Allaha and olsun, onu tikə-tikə etsələr də, lakin dininə zərbə vurmalarına Allah icazə vermədi” .
Seyid Qütb davamında İmam Hüseynə (ə) işarə edərək yazır:
Hüseyn ibn Əli (ə) zahirdə şəhadətə çatsa və səthi baxış miqyasında məğlub olsa da, həqiqət qarşısında və daha böyük miqyasda zəfər çaldı.
Sonra əlavə edir:
“Yer üzündə Hüseyn (Allah ondan razı olsun) kimi ikinci bir şəhid tapılmaz ki, ona məhəbbət və sevgidən dolayı insanların bütün vücudu lərzəyə düşsün, qəlblər onun üçün atsın, fədakarlığa hazır olsun. İmam Hüseyndən (ə) örnək götürməkdə şiə və şiə olmayan digər müsəlmanlar, hətta bir çox qeyri-müsəlmanlar bərabərdirlər”.
Sonda deyir: “Nə çox şəhidlər ki, min il yaşasalar belə, şəhadətləri miqdarında əqidə və məktəblərinə yardım edə bilməzdilər, bu böyük insanlıq fenomenlərinin tamamını qəlblərdə yadigar qoymağı və öz qanları ilə yazdıqları son sözlərilə minlərlə insanı böyük işlərə yönəltməyi bacarmazdılar”.
Əlbəttə, İmam Hüseynin (ə) inqilabi hərəkatı, onun və silahdaşlarının şəhadəti, mətanəti dünya azadələri üçün bir nümunə oldu. Bir çox azadsevər liderlər öz qiyamlarının irəli getməsində İmam Hüseynin (ə) inqilabi hərəkatını öz sərlövhələri qərar verdilər və zəfər çaldılar.
Böyük Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi, öz tarixi çıxışında belə deyir:
“Mən Hindistan xalqı üçün yeni bir şey gətirməmişəm, yalnız Kərbəla qəhrəmanlarının həyat tarixi barədə mütaliə və tədqiqatlarımdan əldə etdiyim bir nəticəni sizə töhfə gətirmişəm. Əgər Hindistanın qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin keçdiyi yolu getməyimiz vacibdir” .
Pakistan dövlətinin qurucu şəxsiyyəti və ilk prezidenti Məhəmməd Əli Cunnah deyir:
“Dünyada fədakarlıq və coşqunluq baxımından İmam Hüseyndən (ə) daha yaxşı heç bir igidlik nümunəsi tapılmaz. Mənim etiqadıma görə müsəlmanlar İraq torpaqlarında özünü qurban edən bu şəhidi özlərinə örnək və ülgü qərar verməlidirlər”.
Şiə aləmində İmam Hüseyn (ə) qiyamından götürülən bu modelləşdirmə çox əhəmiyyətə malikdir. Belə ki, tarix boyu şiə inqilab rəhbərləri əbədi və böyük Kərbəla dastanından ilham alaraq fədakar və canfəşan insanların səfərbərliyində böyük nailiyyətlər qazanmışlar.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi, Höccətül-İslam Səid Davudi və Höccətül-İslam Mehdi Rüstəmnejad
Hazırlayan: Seyid Azər Əhmədoğlu

Tags: İmam Hüseyn (ə), Tarix

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!