HƏZRƏT İBRAHİMİN (ə) ƏHVALATI -III

:

HACƏR
İbrahim (ə) öz həyat yoldaşı Sara və Lutla birgə qibtlilərin ölkəsinə çatdı. Orada İbrahim (ə) öz mallarının 10%-ni padşaha verməli idi. Yalnız bundan sonra o torpaqlara daxil olmaq icazəsi ala bilərdi.
Vergi rəisi Saranın gözəlliyini və camalını gördükdə onu hakimin yanına apardı. İbrahim (ə) əsəbləşdi. O, vergi rəisinə təklif etdi ki, bütün mallarını verməyə hazırdır, amma, heç vaxt Saranın aparılmasına icazə verməyəcəkdir.

Vergi rəisi qibtlilərin padşahını məsələdən xəbərdar etdi. Padşah əmr etdi ki, Saranı və İbrahimi (ə) onun yanına gətirsinlər. Qibtlilərin padhaşı Saranı gördükdə ona gözü düşdü. Ona yiyələnmək istədi. İbrahim (ə) yalqız idi. O çox kədərləndi. Ona görə də üzünü çevirdi ki, başqasının onun yoldaşının bədəninə əl vurmasını görməsin.
İbrahim (ə) Allahı çağırdı ki, Saranı padşahın şərindən qorusun. Allah onun duasını qəbul etdi. O, İbrahimi (ə) qalib etdi. Padşahın əli qurudu.
Padşah Saranın bədəninə toxuna bilmədi. Bildi ki, İbrahimin (ə) Allahı onu bu işdən saxlamışdır. Ona görə də İbrahimə dedi:
-Sənin Allahınmı məni belə etdi?
-Bəli. Mənim Allahım qeyrətlidir.
Padşah dedi:
-Allahın da qeyrətlidir və sən də qeyrətlisən. İndi Allahından istə ki, mənim əlimi əvvəlki vəziyyətinə qaytarsın. Daha heç vaxt belə iş görmərəm.
İbrahim (ə) padşahın əlini ona qaytarmaq üçün Allaha dua etdi.
Allah-təala onun əlini əvvəlki vəziyyətinə qaytardı. Ondan sonra qibtlilərin padşahı İbrahimə və onun həyat yoldaşına hörmətlə baxırdı. Ona görə də ona xidmətçilik etsin deyə, Saraya Hacər adlı cavan bir qız hədiyyə etdi.

FƏLƏSTİN
İbrahim (ə) Fələstin torpaqlarına yollandı. Ölü dənizin sahillərinə çatdıqda, xalası oğlu Lutu Sədum torpaqlarında qoydu. Ona tapşırdı ki, oranın əhalisini Allahın dininə və düzgün əməllərə də`vət etsin. Sonra isə öz yolunu davam etdirdi. Nəhayət, bu gün Fələstində Əlxəlil adlandırılan torpağa çatdı.
Bir neçə il keçdi. İbrahim (ə) Fələstin torpaqlarında yaşayırdı.

İSMAYIL
Allah-təala İbrahimə övlad verməmişdi. Çünki, onun həyat yoldaşı Sara doğmaz qadın idi. Ona görə də Sara fikirləşdi ki, öz kənizi Hacəri ərinə bağışlasın. İbrahim (ə) onunla evlənsin və Allah ondan İbrahimə övlad versin.
Yaşı yetmişi ötmüş İbrahim (ə) Hacərlə evləndi. Nəticədə İsmayıl doğuldu. Allah-təala İbrahimə fərman verdi ki, Hacəri və İsmayılı götürüb, Hicaz torpağına getsin. İbrahim (ə) Allahın fərmanını yerinə yetirdi. O, həyat yoldaşı Hacər və oğlu İsmayılı götürüb, cənuba doğru yola düşdü.
O, geniş, quru, su və otsuz səhraları qət edirdi. Hər dəfə göyə baxdıqda mələklər xəbər verirdilər ki, hələ nəzərdə tutulmuş torpağa çatmamısan.
Uzun müddət keçdikdən sonra İbrahim (ə) su və otsuz quru səhraya çatdı. Ora quru bir dərə idi. Orda heç növ ağac və su yox idi. Qum və daşlarla dolu idi. Su və otsuz quru dağlar oranı əhatəyə almışdı.
Mələk enib, İbrahimə xəbər verdi ki, müqəddəs torpağa çatmışdır. O Hacər və İsmayılı burada qoyub Fələstinə qayıtmalıdır.
İbrahim (ə) Allaha itaətdən başqa heç bir şey fikirləşmirdi. Hacərin və İsmayılın orada qalma mənzərələri çox ağır idi. Bir qadın öz körpəsi ilə quru və susuz yerdə qalmalı idi. İbrahim (ə) yoldaşı Hacərlə vidalaşdı. Südəmər körpəsi İsmayılı öpüb, getdi.
Hacər həyat yoldaşına dedi:
-Bizi bu qorxulu yerdə yalqızmı qoyursan?
İbrahim (ə) kədərlə dedi:
-Allah mənə belə fərman vermişdir.
Hacər Allaha və əri İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın idi. Ona görə də arxayınlıqla dedi:
-Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır. İbrahim (ə) getdi. O , Fələstinə qayıtdı. Amma, Hacər və övladı İsmayıl yalqız halda quru və susuz dərədə qaldılar.

İSHAQ
İbrahim (ə) və Sara yaşlaşıb, qocalmışdılar.
İbrahim (ə) təkbaşına xörək yemək istəmirdi. O çox qonaqpərvər idi. Özü şəxsən qonaqlara qulluq edərdi. Onlar üçün ləzzətli xörəklər gətirərdi. Bir gün onun evinə üç qonaq gəldi. Onlar ədəblə İbrahimə salam verdilər.
İbrahim (ə) dərhal öz qoyun sürüsünə tərəf getdi. Kök bir qoç seçib, başını kəsdi. Onlar üçün ləzzətli xörək hazırladı. Lakin, bu zaman maraqlı bir hadisə baş verdi. İbrahim (ə) gördü ki, qonaqları xörək yemirlər.
İbrahim (ə) qorxdu. Qonaqlar ona dedilər:
-Ey İbrahim (ə) qorxma! Biz mələyik. Allah bizi Sədum əhalisini cəzalandırmaq üçün göndərmişdir.
Bu zaman İbrahim (ə) arxayın oldu. O, Sədum əhalisinin taleyi barəsində fikrə getdi. O mələklərlə söhbətə başladı. Onlara dedi:
-Lut Sədum şəhərində yaşayır.
Mələklər dedilər:
-Biz orada kimlərin yaşadığını yaxşı bilirik. Allah bizə fərman vermişdir ki, o şəhəri dağıdaq. Lut və onun qızlarından savayı bütün əhalisini həlak edək.
İbrahim (ə) insanların hidayət olunmasını istəyirdi. Ona görə də mələklərdən möhlət istədi. Amma, mələklər Allahın elçiləri idilər. Onlar Allahın iradə və istəyini icra etmək üçün gəlmişdilər.
Sədum əhalisi kafir idilər və həmişə pis və xoşagəlməz işlər yerinə yetirirdilər. Onlar yolçuların yolunu kəsir, Lut peyğəmbərə əzab-əziyyət verirdilər.
Ona görə də mələklər İbrahimə dedilər:
-Ey İbrahim (ə), bu sözlərin faydası yoxdur. Artıq Allahın fərmanı çatmışdır.
İbrahim (ə) mələklərin niyə bura gəldikləri barədə fikirləşməyə başladı.
Mələklər İbrahimə xəbər verdilər ki, Allah qoca həyat yoldaşından ona övlad verəcəkdir.
Bu müjdəni eşidən Sara təəccübləndi:
-Bu, çox maraqlı bir məsələdir. Məndən necə uşaq doğula bilər? Mən doğmaz bir qadınam. Ərim də qoca kişidir.
Mələklər Saraya dedilər:
-Allahın fərmanınamı təəccüb edirsiniz? Bu, Allahın siz Əhli-beytə olan rəhmət və bərəkətlərindəndir. Həqiqətən o, tə`riflərə layiq və ucadır.
Sara və İbrahim (ə) sevindilər. Amma, İbrahim (ə) Lutun qövmü üçün nigaran idi. Allahın əzabı və qəzəbini onlardan uzaqlaşdırmaq istəyirdi. Amma, mələklər ona dedilər ki, Allah-təala onların, peyğəmbərləri Luta elədikləri əzab və əziyyətlərə, kin və fəsadlarına görə qəzəbini endirmişdir.
Mələklər Sədum torpağındakı tapşırığı icra etmək üçün İbrahimin (ə) evindən çıxıb, o diyara yollandılar.

Ardı var...

ARDINI BURADAN OXUYUN

Kitabın adı:Peyğəmbərlərin həyatı

Tərcümə edən:Vüsal Hüseynzadə

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!