HƏZRƏT İBRAHİMİN (ə) ƏHVALATI -II

:

MÜHAKİMƏ

Nəmrud mə`bədə gəldi. Padşahın taxt-tacını hədələyən çox əhəmiyyətli bir hadisə baş vermişdi. Ona görə də Nəmrud İbrahimi (ə) tutmaq fərmanını verdi və mə`bəddə onun mühakiməsini e`lan etdi.
Mə`bəd insanla dolu idi. Qazi (Hakim) Nəmrudun yanında durmuşdu.
Mə`murlar cavan İbrahimi (ə) tutub, qazinin və Nəmrudun yanına gətirdilər. Mühakimə qazinin bu sözləri ilə başlandı:
-Biz bilirik ki, sən bizim allahlarımızı ələ salırsan. Bilirik ki, sən Babil camaatı ilə Bahar bayramında iştirak etməmisən. İndi de görək bizim allahlarımızla kim belə rəftar etmişdir? Ey İbrahim, bizim allahlarımızı sənmi belə etmisən?
İbrahim (ə) sakitcə dedi:
-Bunları bütlərin böyüyü etmişdir. Əgər danışa bilirsə ondan soruşun!
İnsanların hamısı allahların böyüyünə baxırdılar. Onun çiynində bir balta vardı. Amma, heç nə danışmırdı. Qazi dedi:
-Sən bilirsən ki, bu allahlar danışmaq iqtidarında deyilllər. Onlar cavab verə bilməzlər.
Bu zaman İbrahim (ə) dilləndi:
-Bəs elə isə siz niyə öz əllərinizlə yonduğunuz bütlərə ibadət edirsiniz? Siz niyə görə heç bir xeyir və ziyanı olmayan, danışa bilməyən, sizin nəzir və hədiyyələrinizi qəbul etməyən daş bütlərə ibadət edirsiniz?
Mə`bəddə olanların hamısı başlarını aşağı saldılar. Hətta qazi də başını aşağı saldı.
Öz-özlərinə dedilər: ”İbrahim (ə) doğru deyir. Daş necə Allah ola bilər. Ruhu və canı olmayan cansız heykəllərə necə ibadət edirik?»
Keşişlər qəzəbələndilər. Çünki, insanların hər şeyi bilmələri onların xeyirinə deyildi. Bu zaman onların hakimiyyət və nüfuzları sona çatardı. Ona görə də qışqırdılar:
-İbrahimin (ə) müqəddəs allahların başına gətirdiyi işlə onu necə bağışlayırsınız? Necə İbrahimlə keçinirsiniz? O bizim allahlarımızı, bizə xeyir və bərəkət verən allahlarımızı sındırmışdır.
Nəmrud keşişlərin yanında durdu. O, onun hakimiyyətini sona çatdıracaq bir uşağın təvəllüdü barəsində onların söylədiklərini yadına saldı. Qəzəblə qışqırdı:
-İbrahimin (ə) etdiyi günahdır! O cəzalanmalıdır.
Camaat Nəmruda hörmət və onun sözlərini təsdiq əlaməti olaraq ayağa qalxdılar.
Nəmrud dedi:
-Biz müqəddəs allahlarımızı qorumalıyıq. İbrahim (ə) oda atılmaqla cəzalanmalıdır.
Bütün insanlar, hətta babası Azər də İbrahimin (ə) əleyhinə şüar verirdi. Orada İbrahimdən ötrü narahat olan çox az insan da var idi: o cümlədən İbrahimin (ə) xalası qızı Sara və Lut.
Sara İbrahimin (ə) sözlərinə iman gətirmiş cavan və ağıllı bir qız idi. Lut da yeganə və şəriksiz Allaha və İbrahimin (ə) risalətinə iman gətirmiş insanlardan idi.
İbrahim, mühakimə zamanı çatana qədər zindana atılmışdı. İbrahimin (ə) yandırılması üçün nəzərdə tutulan alov çox böyük idi. Ona görə də odun toplamağa başladılar.
Günlər ötürdü. Onlar odun toplamaqla məşğul idilər. Bütün bütpərəstlər özlərinin dağıdılmış allahlarının intiqamını almaq üçün odun toplantısında iştirak edirdilər. Bu zaman Nəmrud yeganə Allah haqında İbrahimlə mübahisə etmək qərarına gəldi.
İbrahim (ə) Nəmrudun sarayına gəldi. O, Nəmrudun qarşısında durdu. Amma, nə tə`zim etdi və nə də səcdə elədi. Nə ona baş əydi və nə də təslim oldu.
İbrahim (ə) Allahdan başqa heç kəsdən qorxmurdu. O, Sübhan Allahdan başqa heç nəyə pərəstiş etmirdi.
Nəmrud məğrur halda dedi:
-Ey İbrahim, sənin ibadət etdiyin bu Allah kimdir?
İbrahim (ə) dedi:
-Mən ölüləri dirildən və diriləri öldürən Allaha ibadət edirəm.
Nəmrud təkəbbürlə dedi:
-Mən də öldürüb, dirildirəm.
Nəmrud əllərini bir-birinə vurub, uca səslə dedi:
-Bir dustaq və bir nəfər də ölümə məhkum olanlardan bura gətirin!
Mə`murlar o iki nəfəri zəncirlə gətirdilər. Nəmrud cəllada dedi:
-Bu dustağın boynunu vur və bu ölümə məhkum olan insanı azad et!
Sonra üzünü İbrahimə tutub dedi:
-Gördün ki, mən həqiqətən də dirini öldürüb, ölünü dirildirəm?!
İbrahim (ə) bu mövzuda Nəmrudla mübahisə etməkdən çəkindi. Çünki, Nəmrudun etdiyi iş düzgün deyildi. Ona görə də İbrahim (ə) Nəmruda dedi:
-Mənim ibadət etdiyim Allah günəşi elə yerləşdirib ki, şərqdən doğur. Sən onu qərbdən doğura bilərsənmi?
Nəmrud İbrahimin (ə) sualından cavabsız qaldı. Çünki, heç vaxt heç kəsin belə bir iş görməyə qüdrəti yoxdur. Ona görə də kafir Nəmrud mat-məəttəl qaldı və heç bir söz demədi.

DÖRD QUŞ
Nəmrud yenidən İbrahimlə mübahisə etmək qərarına gəldi. Ona demək istəyirdi ki, mən dirildib, öldürürəm. Amma, sənin Rəbbinin belə işə qüdrəti çatmır. Yalnız sən onun barəsində belə düşünürsən. Yenidən İbrahimi (ə) zindandan çıxarıb, Nəmrudun yanına gətirdilər. Nəmrud İbrahimə dedi:
-Sən demədinmi ki, Rəbbin dirildir və öldürür? Elə isə onu mənə göstər!
İbrahim (ə) səmaya üz tutub dedi:
-Mənim Rəbbim istədiyi hər bir işə qadirdir.
O, əllərini göyə qaldırıb dedi:
-İlahi ölüləri necə diriltdiyini mənə göstər!
Allah buyurdu:
-Ey İbrahim, yoxsa imanın yoxdurmu?
İbrahim (ə) dedi:
-Niyə? Mən iman gətirmişəm. Amma, ürəyimin rahat və arxayın olmasını istəyirəm.
Allah ona vəhy etdi ki, dörd quş tutub, onları öldürsün. Sonra isə onların ətlərini bölüb, dörd dağın zirvəsinə qoysun. İbrahim (ə) bıçağı götürüb, dörd quşun başını kəsdi. Onların ətlərini dörd dağın başına qoydu.
Allahdan başqa heç kim ölmüş quşları yenidən həyata qaytara bilməz. İnsana, heyvana, bitkilərə yaşayış və həyat bəxş edən Allahdan başqa heç kəs buna qadir deyil.
İbrahim (ə) dağların arasında dayanıb, ucadan dedi:
-Ey ölmüş quşlar! Allahın əmri ilə mənim yanıma gəlin!
Bu zaman qəribə bir hadisə baş verdi. Quşların başı onların bədənlərinə, qanadları əvvəlki yerlərinə qayıtdı. Onlar dirildilər. Ürəkləri döyünməyə başladı. Qanad çalıb, uçmağa başladılar. Sonra isə İbrahimin (ə) ayağının yanında yerə qondular. İbrahim (ə) yaradan və qüdrətli Allaha səcdə etdi. Amma, Nəmrud yenidən küfr etdi. O fərman verdi ki, İbrahimi (ə) yenidən zindana salsınlar.

BÖYÜK ALOV
Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında mə`lumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük alov şö`ləsini yaratmaq fikrində idilər. Bunların hamısı İbrahimin (ə) cəzasına görə idi. O, onların yalançı allahlarını dağıtmışdı. Onlar bir aydan çox şəhərin çölündə odun topladılar. Bir aydan artıq odunlara qır artırdılar və onlara neft tökdülər.
Odun bağlamalarını şəhərin çölünə daşıyan Babil camaatının get-gəl mənzərəsi çox adi idi.
Allahların qarşısında tə`zim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı odun toplantısında iştirak edirdilər. Onlar bunun vasitəsi ilə allahlarının onlara xeyir və bərəkət əta etmələrini istəyirdilər.
Hökmü icra etmək günü çatdı. Nəmrudun mə`murları İbrahimin (ə) qollarını bağlayıb, şəhərdən çıxardılar. Babil əhalisi cavan İbrahimin (ə) barəsində olan hökmün icrasına tamaşa etmək üçün şəhərdən çıxdılar. Keşişlər gəlib, alovu yandırdılar. Alov tezliklə odunlarda şö`lələndi. Çünki, neft və qır tökməklə odunlar islanmışdılar. Alov odun dağında zəbanə çəkdi. Alov şö`lələrinin hündürlüyü onlarla metr yuxarı çatırdı. Babil əhalisi qaçıb, geri çəkildilər. Onlar alovun onları yandırmasından qorxurdular.
İbrahim (ə) sakitcə alova tamaşa edirdi. Onun Allaha imanı var idi və Allahdan başqa heç kəsdən qorxmurdu. İbrahimin (ə) əllərini bağlamışdılar. Keşişlər belə güman edirdilər ki, İbrahim (ə) o böyük alovu gördükdə üzr istəyəcək, allahlara səcdə edib, keşişlərdən əfv olunmasını istəyəcəkdir. Amma, cavan İbrahim (ə) arxayın və rahat idi. O sükutla öz taleyini gözləyirdi. Bu zaman onlar üçün böyük bir çətinlik qarşıya çıxdı. Bu çətinlik İbrahimi (ə) necə alova atmaq məsələsi idi. Çünki, heç kəs o böyük alova yaxınlaşa bilmirdi. Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı.
Keşişlər toplaşıb, problemi həll etmək üçün çarə fikirləşirdilər. Onların birinin ürəyinə şeytani bir fikir gəldi. O dedi:
-Onu mancanağa qoyarıq.
Keşiş yer üzərində mancanaq planını çəkdi. Bu, şeytani bir fikir idi. Mancanaq İbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı.
Fəhlələr bu yeni kəşfi düzəltməyə başladılar. Mancanaq hazırlandı. Onlar İbrahimi (ə) gətirib, mancanağa qoydular. İbrahim (ə) tamamilə arxayın və soyuqqanlı idi.
İnsanlar cavan İbrahimə baxıb, onun dözümünə və mübarizliyinə heyrət edirdilər. Həmin həssas anlarda bir mələk İbrahimin (ə) yanına enib, ona dedi:
-Bir şeyə ehtiyacın varmı?
İbrahim (ə) böyük Allahdan savayı heç bir şey barədə fikirləşmirdi və heç kəsdən bir şey istəmirdi. Onun istəyi yalnız böyük Allahdan idi. Ona görə də mələyə dedi:
-Mənim Allahdan başqa heçə kəsə ehtiyacım yoxdur. Heç kimdən bir şey istəmirəm.
Allah-təala İbrahimi (ə) imtahan etdi. Onun imanını və ixlasını yoxladı. İbrahim (ə) mö`min və ixlaslı bir insan idi.
Mə`murlar mancanağın ipini çəkdilər. İbrahim (ə) bir anda göyə tullandı və çox əzəmətli bir alovun içinə düşdü.
Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmışdır. Alova yandırmaq qüvvəsini verən Allahdır. Elə həmin Allah da ondan yandırmaq qüvvəsini almağa qadirdir.
Allah-təala alova vəhy etdi:
-Ey alov! İbrahim (ə) üçün sərin və gülüstan ol!
Alov hələ də şö`lələnirdi. Amma, özünün yandırmaq qüdrətini əldən vermişdi.
Alov İbrahimə heç bir zərər yetirmədi. Yalnız əl-qolunu bağladıqları ipləri yandırdı.
Alovun İbrahimin (ə) düşdüyü hissəsi gözəl və güllü bir bağa çevrilmişdi. Amma, hər tərəfdən alov onu əhatə etmişdi. Alov şö`lələnir və göyə zəbanə çəkirdi. Amma, İbrahim (ə) üçün soyuq və gülüstan olmuşdu.
Allah-təala İbrahimi (ə) yoxladı. İbrahimin (ə) iman dərəcəsini bilirdi. Ona görə də onu daha da əzizlədi, xilas etdi və düşmənlərinə qalib etdi.
Nəmrud alovun sakitləşməsini gözləyirdi. O, İbrahimin (ə) taleyini görmək və ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir neçə gün eləcə yanıb, şö`lələndi. Amma, get-gedə zəifləyib, söndü. Nəmrud İbrahimin (ə) başına gələnləri görmək üçün alova sarı getdi. O fikirləşirdi ki, görəsən İbrahim (ə) külə çevrilmişdirmi? Amma, o və bütün Babil əhalisi təəcübləndilər. Hamı anladı ki, İbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona görə də İbrahimdən əl çəkib, onun azad yaşayışına mane olmadılar.

KÖÇ
İbrahim (ə) illərlə bu vəziyyətdə yaşadı. O, imanlı xalası qızı Sara ilə evləndi. Sara varlı, mülkü və heyvanları bir qız idi. Onların hamısını həyat yoldaşı İbrahimə hədiyyə etdi.
İbrahim (ə) yerdə əkinçilik işi ilə məşğul idi. Öz heyvanlarını otarırdı. Onun tarlaları ürəyi istəyən qədər məhsul verirdi. Heyvanları artırdı. Allah onlara xeyir və bərəkət vermişdi. O, səxavətli, bağışlayan, qonaqpərvər, kasıb və yoxsulları sevən bir insan idi. Beləliklə İbrahim (ə) öz tayfası arasında yaşadı. Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. Keşişlər İbrahimdən razı deyildilər. Nəmrud öz taxt-tacından ötrü qorxurdu. Ona görə də İbrahimi (ə) Babil torpaqlarından çıxarmaq qərarına gəldi.
Nəmrud fərman verdi ki, İbrahimi (ə) Babil torpaqlarından çıxarsınlar və onun bütün mal-qaraları mənimsənilsin. O belə güman edirdi ki, bütün heyvanlar Babilin hakiminə məxsusdur.
İbrahim (ə) onlara dedi:
-Əgər mənim bütün mal-mülkümü almaq istəyirsinizsə onda bu torpaqlarda sərf etdiyim ömrümü mənə qaytarın!
Şikayət Babilin qazisinin yanına getdi. Qazi əmr etdi ki, İbrahim (ə) hər şeyini Babilin hakiminə verməlidir. Əvəzində isə padşah İbrahimin (ə) onların torpağında sərf etdiyi ömrü ona qaytarmalıdır.
Ona görə də Nəmrud öz sözünü geri götürdü və İbrahimə mal qoyunları ilə birgə o torpaqdan köçmək icazəsini verdi. İbrahim (ə) Babil torpaqlarını tərk etdiyi zaman deyirdi: «Mən öz Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcəkdir».
O başqa bir məmləkətə getdi: Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə də`vət etmək üçün. O, insanları sevirdi. Onların xoşbəxt yaşamasını istəyirdi. Ona görə də Babil torpaqlarından çıxıb, Fələstinə sarı yollandı.

 

Ardı var...

ARDINI BURADAN OXUYUN

Kitabın adı:Peyğəmbərlərin həyatı
Tərcümə edən:Vüsal Hüseynzadə

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!