HƏZRƏT İBRAHİMİN (ə) ƏHVALATI -I

:

Bahar gəldi. Dəclə və Fərat çayları su ilə doldu. İnsanlar sevindilər. Onlar Ur şəhərində və Babilin digər yerlərində bayram məclisləri qurdular.
Bahar çatdıqda insanlar sevinirdilər. Çayların səviyyəsi yuxarı qalxdıqda əkinçilr şad olurdular. İnsanlar sevinirdilər, çünki, əkdikləri məhsulları artacaqdı.
Ur şəhərinin əhalisi piramidaya bənzər yumurtavari Zəqurə adlı mə`bədlərinə gedirdilər. Onlar özləri ilə nəzir və hədiyyələr aparır, allahlarının, xüsusilə də Mordux allahının qarşısına qoyurdular.
Babil əhalisi öz bayram məclislərini şəhərdən çöldə gözəl bir yerdə keçirirdilər. Onlar baharın gəlişini bayram edirdilər. Atılıb-düşür, oynayır və yeyirdilər. Bayram məclisi qurtarandan sonra isə öz şəhərlərinə qayıdıb, mə`bədlərinə gedirdilər.
Mə`bəd, Ur şəhərində Zəqurənin yuxarısında yerləşirdi. Orada sıra ilə allahlar düzülmüşdülər. Bütün o allahların hamısı daşlardan yonulub düzəldilmişdi.
Babil camaatı günəşə, aya və ulduzlara, həmçinin Zöhrə (Venera) ulduzuna -da ibadət edirdilər. Onlar həmçinin yerə sahib olan padşaha da ibadət edirdilər.
O zaman, yə`ni dörd min il öncə Kən`an oğlu Nəmrud həmin yerin padşahı və sahibi idi. Bə`zi insanlar ona ibadət edirdilər. Çünki, ondan qorxurdular. O, insanları öldürür, həbsə salır və məhsullarından istədiyi qədər götürüb, mənimsəyirdi.
Bahar fəslində insanlar öz nəzirlərini götürüb, mə`bədə sarı yollandılar. Özləri ilə keçi balası və buğda sünbülləri aparır və allahlarının yanına qoyurdular. Onlar istəyirdilər ki, allahları onlardan razı olsun, onlara xeyir və bərəkət bəxş etsin.
Bütün nəzirlər keşişlərə çatırdı. Onlar münəccim idilər. Ona görə də insanlar onlara hörmət edirdilər. Padşah da onlarla məsləhətləşirdi.

İBRAHİMİN (ə) DOĞULMASI

Bir gün mə`bədin keşişləri Nəmrudun yanına gəlib dedilər:

-Ulduzlar bir körpənin doğulacağından xəbər verirlər. Sənin səltənətin onun əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi:

-O nə vaxt doğulacaqdır?

Keşişlər dedilər:
-Bu il.
O il Nəmrud əmr etdi ki, doğulacaq bütün oğlan uşaqlarını qətlə yetirsinlər. Həmin ildə Həzrət İbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç kəsin macəradan xəbəri yox idi. Nəmrud o ildə saysız hesabsız körpəni qətlə yetirdi. Analar öz körpələri üçün ağlaşırdılar. Uşaqların bə`ziləri bir neçə aylıq, bə`ziləri bir neçə günlük idilər. Bə`ziləri isə dünyaya gəldikdən yalnız bir neçə saat sonra öldürülürdü.
Nəmrud deyilən uşaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı. Çünki, bütün oğlan uşaqlarını öldürmüşdü.
İbrahim (ə) Babilə və Ur şəhərinə yaxın olan Kövsəriyyə şəhərində anadan olub, mağarada böyüdü.
Rəbbimiz onu qorudu. Ona barmağını sovurmağı və bununla qidalanmağı öyrətdi. Nəmrud o uşağı qətlə yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi ki, İbrahim (ə) diri qalsın. O yaşasın və bütpərəstləri Allahın ibadətinə yönəltsin.
İbrahim (ə) böyüdü. Anası mağaraya tərəf gəldi və övladını öpdü. Onu qucaqladı və sonra evinə apardı. İnsanlar elə bilirdilər ki, İbrahim (ə) iki-üç yaşlı uşaqdır. Amma, halbuki, onun ömründən yalnız bir neçə həftə keçirdi. Ona görə də Nəmrudun əsgər və mə`murları ona toxunmadılar.

BÜTLƏR

O zaman insanlar bütpərəst idilər. Morduxu allahlar allahı adı ilə, Əyi ədalət və qanun allahı, Sini səma allahı, İştəri və digər allahları sitayiş edirdilər. Onların çoxu Zöhrə ulduzuna, günəş və aya ibadət edirdilər. Orada heç kəs eyib və nöqsanlardan uzaq olan Sübhan Allaha ibadət etmirdi. İbrahim (ə) belə bir zamanda doğulub, böyüdü.

AZƏR

Azər ulduzşünas bir insan idi. O allahların heykəlini düzəldirdi. Nəmrud Azərlə məsləhətləşirdi. İbrahim (ə) Azərin evində yaşayırdı. Azər onun anasının atası idi. Ona görə də İbrahim (ə) onu ata çağırırdı.

İbrahim (ə) böyüyüb, cavanlıq yaşına çatdı. Sübhan Allah ona ağıl, düşüncə və iste`dad bəxş etdi. Onun pak və təmiz ürəyi var idi. Ona görə də bütlərə ibadət etmirdi. Onlara iman gətirməmişdi. O təəccüb edirdi ki, insanlar necə öz əlləri ilə yonduqları bütlərə ibadət edirlər?! Allah bunlardan böyükdür.
İbrahim (ə) şəhərə getdi. O həqiqət axtarışında idi. Gecə çatmışdı. Qaranlıq şəhəri özünə qərq etmişdi. Mə`bəddən savayı heç bir yerdə işıq görünmürdü. Zöhrə ulduzuna pərəstiş edənlər tə`zimlə göyə baxırdılar. Onlar inanırdılar ki, o ulduz onların rəbbidir. Onlara ruzi yetirən, xeyir və bərəkət verən odur.
İbrahim onların yanında durdu. Göyə baxır və həqiqəti axtarırdı. O, həqiqi Allahı axtarırdı. Bu halda ay çıxdı və səmada göründü. Ay öz nuru ilə hər yeri işıqlandırdı. İbrahim (ə) ağıllı bir cavan idi. İnsanları qərq olduqları azğınlıqdan çəkindirmək istəyirdi. Onları başa salmaq istəyirdi ki, Allah böyükdür. Ona görə də onlara dedi:
-Bu mənim rəbbimdir.
Zöhrə ulduzuna ibadət edənlər ona sarı dönüb, dedilər:
-Necə?
İbrahim (ə) dedi:
-Sizin ibadət etdiyiniz Zöhrə ulduzu gözlərdən itdi. Amma, həqiqi Allah heç vaxt gizlənib, gözdən itməz.
Zaman keçdi və ay səmada dolanıb, gözdən itdi. Bir saatdan sonra günəş doğdu. İbrahim (ə) qışqırdı:
-Bu mənim Rəbbimdir. Bu daha böyükdür.
Camaatın bə`zisi bu cavanın sözlərinə inandılar. Öz-özlərinə dedilər ki, bəlkə də onun dedikləri doğrudur. Amma, günəş də gözdən itdi. Yenidən qaranlıq hər yeri bürüdü. İbrahim (ə) səmaya nəzər saldı və uca səslə dedi:
-Mən günəşə ibadətdən uzaqlaşıram. Günəş ibadət olunası allah deyil. Mən günəşi, ayı, Zöhrəni, yeri, göyü və bizim hamımızı yaradan Allaha ibadət edirəm.

İMANLI CAVAN

Allahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə) sözləri hər yerdə yayıldı. İnsanlar İbrahimin (ə), heç bir ziyan və xeyirləri olmayan qondarma allahları məsxərə etdiyini eşidirdilər.
İbrahim (ə) böyüdü. O on altı yaşına çatmışdı. Bütün Babil camaatı bilirdilər ki, İbrahim (ə) allahlara ibadət etmir. İnsanların çoxu onun allahları ələ saldığını görmüşdülər.
Hətta İbrahimin (ə) babası Azər bir gün İbrahimin (ə), onun bütlərindən daha gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, İbrahim (ə) də ona kömək edib, mə`bədi qoruyacaqdır. Amma, İbrahim (ə) yonduğu bütü sındırdı.
Azər İbrahimin (ə) etdiyi işə çox qəzəbləndi və ona dedi:
-İbrahim, niyə yonduğun allahı sındırdın? Allahların qəzəbindən qorxmursanmı?
İbrahim (ə) hörmətlə cavab verdi:
-Atacan, heç nə eşitməyən, heç nə görməyən və sənin heç bir ehtiyacını tə`min etməyən bütlərə niyə ibadət edirsən? Ata! Şeytana ibadət etmə! Şeytan Allaha itaətsizlik göstərmişdir.
-Ey İbrahim! Sən mənim allahlarımdan uzaqlaşırsanmı? Əgər işlərindən əl çəkməsən səni daşqalaq edəcəyəm. İndi isə uzun zamana qədər mənim yanımdan get!
İbrahim (ə) çox ədəbli bir cavan idi. O, babası Azəri çox sevirdi. Onu ata deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaşıb, dedi:
-Salam olsun sənə! Rəbbimdən sənin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, Allah məni çox sevir.
İbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.
İbrahim (ə) insanlardan uzaqlaşdı. Yeganə və şəriksiz Allahın ibadəti ilə məşğul oldu. Camaat hər hansı bir münasibətdə mə`bədə gedir və bütlərə ibadət edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, İbrahim (ə) yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.

BAHAR

İbrahim (ə) insanları yeganə Allahın itaətinə hidayət etmək barədə fikirləşirdi. Bütün insanlar büt, günəş, ay və ulduza ibadət və Nəmruda pərəstiş edirdilər. Bahar fəsli çatdı, güllər çiçəkləndi və çayların suyu artdı. Camaaat baharın gəlişinə sevindilər. Onlar baharın gəlişi və ne`mətin bolluğu bayramını keçirməyə hazırlaşdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək üçün şəhərin kənarına gedir, yeyib-içir, atılıb-düşür və oynayırdılar. Daha sonra onlar öz nəzirlərini mə`bəddə allahların yanına qoymaq və hədiyyələri keşişlərə təqdim etmək üçün şəhərə qayıdırdılar.

Camaat şəhərin çölünə getməyə hazırlaşırdı. Amma, İbrahim (ə) hazırlaşmırdı. O bayram mərasiminə getmək barədə heç fikirləşmirdi də. Ona dedilər:
-Ey İbrahim, sən niyə getmirsən?
İbrahim (ə) dedi:
-Mən xəstəyəm.
O, doğru yolu tə`yin edə bilməyən insanlardan ötrü nigaran idi. İbrahim (ə) bütün işlərində onlarla fərqlənirdi. Paltarlarını təmiz saxlayır, dırnaqlarını qısaldır və başının tükünü azaldırdı.
İnsanlar, hətta Nəmrud və bütün keşişlər də bahar bayramını keçirmək üçün şəhərdən çıxdılar. İbrahim (ə) şəhərdə tənha qaldı. Əlinə bir balta götürüb, böyük mə`bədə sarı yollandı. O mə`bəddə hamısı daşdan düzəldilmiş çoxlu allahlar var idi. Allahların bə`zisi kiçik, bə`zisi böyük idi. Orada bütün bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı adlandırırdılar. İbrahim (ə) mə`bədin pillələri ilə yuxarı qalxdı. Mə`bəd tamamilə boş idi. Yalnız bütlər qalmışdılar və iylənmiş ət və qanların qoxusu.
İbrahimin (ə) gözü onlarla qondarma allaha düşdü. O öz-özünə fikirləşirdi: «Görəsən bir insan heç bir ziyan və faydası olmayan bir daşa necə ibadət edir?!»
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmışdılar. Onlar danışmır və heç bir iş görmürdülər.
İbrahim (ə) qəzəblə qışqırdı:
-Niyə xörək yemirsiniz?
Boş mə`bəddə onun səsi əks səda verdi.
-Niyə xörək yemirsiniz?
İbrahim uca səslə dedi:
-Niyə danışmırsınız?
Səsi mə`bədin fəzasında fırlandı:
-Niyə danışmırsınız?
İbrahim (ə) yalançı allahları sındırmaq qərarına gəldi. O, insanlara sübut etmək istəyirdi ki, onlar bərk daş parçasından başqa bir şey deyillər.
Ona görə də baltanı qaldırıb, daş allahlara zərbələr endirdi.
Bütlər cavan İbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin üzərinə tökülürdülər. İbrahim (ə) böyük bütə çatdı. Beyninə bir fikir gəldi. Cavan İbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı.
Bütləri sındırdıqdan və mə`bədi daş parçaları ilə doldurduqdan sonra oradan çıxdı. Sanki güclü bir zəlzələ baş vermiş və onları bir-birinə vurmuşdu.
Cavan İbrahim (ə) mə`bəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.
Bahar bayramları sona çatdı. Babil camaatı şəhərə qayıtdı. Gecə çatdı və şəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmışdı.
Onlar böyük mə`bədə sarı yola düşdülər. Onlar özləri ilə məş`əllər, nəzirlər və hədiyyələr aparan uzun karvan formasında mə`bədə gedirdilər. Keşişlər karvanın qarşısında hərəkət edirdilər.
Mə`bədi gördükdə keşişlər qorxdular. Camaat da qorxu ilə baxırdılar. Dağıdılmış allahların mənzərəsi dəhşətli idi. Bütün allahlar daş parçalarına çevrilmişdilər, allahların böyüyündən savayı.
Allahların böyüyü uzun illər idi öz yerində qalmışdı. Amma, bu dəfə çiynində bir balta vardı. Heç kəs nə baş verdiyini soruşmaq üçün allahların böyüyünün yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daşdan başqa bir şey deyildi.
Hay-küy qopdu. Keşişlər bir-birlərindən soruşdular:
-Müqəddəs allahları dağıtmağa kim cür`ət göstərmişdir
Onların biri dedi:
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun işi ola. Yəqin ki, o cür`ətə gəlib, allahları dağıtmışdır.
-O cavan İbrahimdir. Biz həmişə onun allahları məsxərə etdiyini eşidirik. O deyir ki, bunların xeyir və zərərləri yoxdur.
Keşişlər çox qəzəbləndilər. Onlar ürəklərində İbrahimə qarşı böyük qəzəb tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.

 Ardı var...

ARDINI BURADAN OXUYUN

Kitabın adı:Peyğəmbərlərin həyatı

Tərcümə edən:Vüsal Hüseynzadə

 

 

 

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!