FİTR BAYRAMI - MƏNƏVİ HƏYATIN YENİDƏN BAŞLANMASI

:

Hər bir fitr bayramı ayıq müsəlman üçün həqiqi bir bayram ola bilər. Mənəvi və ruhi həyatın yenidən başlandığı gün olan fitr bayramı təbiət üçün bahar fəsli kimidir. İl boyu müxtəlif çirkab və günahlara bulaşmış, nəfsi, pis xüsusiyyət və xarakterləri səbəbindən özünü ilahi rəhmətdən tədricən uzaqlaşdırmış insan üçün hər il Allah tərəfindən müstəsna bir fürsət yaranır.

Bu fürsət mübarək ramazan ayıdır. Ramazan ayında ürəklər yumşalır, ruhlar təmizlənir, insanlar Allahın xüsusi rəhmət vadisinə qədəm qoymağa hazırlıqlı olurlar, hər kəs öz istedadı, səyi və zəhməti qədərincə böyük ilahi ziyafətdən bəhrələnir. Bu mübarək ay sona çatanda fitr bayramı gəlir - yəni yeni il başlayır. Həmin gün insan ramazan ayının faydalarından istifadə edib düzgün ilahi yola çıxa və sapqınlıqdan qurtula bilər.
Bütün peyğəmbərlər, onların canişinləri, övliyalar, saleh və çox sadiq insanlar çalışmışlar ki, insan öz əmmarə nəfsindən ibarət olan daxili düşmənini kəşf etsin və ondan qorunsun. Bu, mənəvi və ilahi zirvələrə ucalmağın böyük sirridir. İnsan bunun vasitəsi ilə mələkdən də yüksəyə ucala bilər. Bu gün həmin gündür. Mənim əzizlərim! Bu mübarək ramazan ayını arxadan qoyanlar və bizim hamımız o ziyafətdən, Allahın geniş süfrəsindən öz səy və istedadımız qədərincə istifadə etmişik. Hər kəs ramazan ayından bir ehtiyat və azuqə toplamışdır. Gəlin hamımız bu ehtiyatlara arxalanıb bu gündən etibarən mənəvi eyiblərimizin bir hissəsini özümüzdən uzaqlaşdıramağa çalışaq. Bu bizim əlimizdədir: "(Allah yolunda) çalışan (cihad edən) ancaq özü üçün çalışar (cihad edər)"1. Bu çalışmanın faydası birinci növbədə bizim özümüzə aid olacaq. Gəlin daxilimizdəki yanlış və çirkin xarakterləri tapaq. Bu, sözügedən səyin çətin hissəsidir. Gərək xudpəsənd olmayaq, eyiblərimizi görək, onları bir siyahı kimi önümüzdə tutaq, sonra ramazan ayından əldə etdiyimiz ehtiyatdan - ürək yumşaqlığından iradədən, paklıqdan, saflıqdan və inşallah qəbul olunan ibadətlərdən istifadə edib bu siyahını bir qədər azaltmağa çalışaq. Əgər paxılıqsa - paxıllığı, inadkarıqsa - inadkarlığı, tənbəl və passiviksə - tənbəlliyi, bədxah və pis niyyətliyiksə - bədxahlığı, sözümüzdə zəifiksə - zəifliyi, əhdimizi pozuruqsa - vəfasızlığı, bizdə olan hər bir əxlaqi eybi ramazan ayı və fitr bayramı sayəsində bacardığımız qədər pis əməllərimizin qara siyahısından silək. Bilin ki, Allah-Taala bu yolda çalışanlara kömək edəcək. Allah-Taala sizi kamilliyə doğru cihadda yalqız qoymayacaq və bu işdə birinci xeyir hər bir şəxsin özünə çatacaq. Bundan əlavə, nəfslə mübarizənin, nəfsi islahın və Allah yolunda böyük cihad sayılan daxili cihadın faydaları yalnız özünüzə aid olmayacaq. Cəmiyyətin, ölkənin, xalqın vəziyyəti, siyasi vəziyyət, beynəlxalq iqtidar, iqtisadi vəziyyət, məişət vəziyyəti, xülasə, xalqın dünya və axirəti bu yolla rövnəqlənəcək, gözəlləşəcək. Bu zaman Allahın yardımı ilə uzun illər boyu öz ləyaqətini sübuta yetirmiş bu xalq digər xalqların gözü önündə parlaq bir məşəl kimi işıq saçacaq; ondan istifadə edəcək və əxlaqını örnək götürəcəklər.
Allahdan kömək alıb bu yola qədəm qoyaq, biri o birinin ardınca bütün günahları tərk edək, biri o birindən sonra bütün pis xarakterləri özümüzdən uzaqlaşdıraq, özümüzü Quranın və İslamın istədiyi kimi edək. O zaman Allah-Taala da bu xalqa verdiyi bütün sözlərinə əməl edəcək və siz bir-bir bütün xeyirləri görəcəksiniz.

Mənbə: İLAHİ ZİYAFƏT (Ayətullah Seyid Əli Xamenei)


1. Ənkəbut/6.

 

Tags: MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!