MƏBƏS BAYRAMI HANSI BAYRAMDIR?

:

Müsəlmanların ən böyük bayramlarından biri də "Məbəs" bayramıdır. Rəcəb ayının iyirmi yeddisi həzrət Muhəmməd (s) peyğəmbərə ilk İlahi ayələr asimandan nazil oldu və o böyük peyğəmbərin peyğəmbərlik dövrü başladı. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ  - oxu yaradan Rəbbinin adı ilə»1.

Hicrətdən 13 il əvvəl başqa sözlə desək Fil ili Rəcəb ayının 13-də Məkkə şəhərində yaşayan əziz peyğəmbərimizə Allah tərəfindən ilahi vəhy olaraq peyğəmbərlik vəzifəsi verilir. Bu vaxt həzrət Muhəmməd (s) peyğəmbərin 40 yaşı var idi və peyğəmbərlik vəzifəsində əvvəl də insanların səadət və hidayəti yolunda çoxlu əzablara qatlaşaraq əlindən gələni əsirgəməmişdir.
Allahın vəhy mələyi Cəbrail və ilahi ayələrin nazil olmasından əlavə mühüm məsələ həzrət Muhəmmədə (s) peyğəmbərlik vəzifəsinin verilməsi və bu vəzifənin hədəfləri idi. Təkallahlığa dəvət, ədalətin bərpası, xurafat və nadanlıqla mübarizə, düşüncə və təfəkkür səthini çoxaltmaq, camaat arasında olan ixtilaf və ilahi hökmlərin bərpası, sonuncu peyğəmbərlik vəzifəsinin ən ali hədəflərindən idi.
Hira mağarası Məkkə şəhərinin kənarında yerləşən dağlardan birinin adıdır ki, Peyğəmbər (s) çox vaxt ibadət etmək üçün oraya gedər və Allah-Təala ilə razü-niyaz edərdi. Nəhayət elə həmin mağarada həzrətə peyğəmbərlik məqamı və vəzifəsi verildi. O dövrdə insanların çoxu bütpərəstlik və başqa dinlərlə məşğul idi. Buna görə də Allah insanları cəhalət bataqlığından çıxarmaq üçün həzrət Muhəmmədi (s) peyğəmbər olaraq seçərək onları tək olan Allaha ibadət etməyə dəvət etdi.
Həzrət Muhəmməd (s) peyğəmbərlik vəzifəsinə yetişəndən sonra insanları tək olan Allaha pərəstişinə dəvətinə başlayanda ilk olaraq öz ailəsindən başladı və kişilərdən əmirəl-möminin həzrət Əli (ə) və qadınlardan isə peyğəmbərin həyat yoldaşı xanım Xədicə (s) ilk iman gətirdi. Bundan sonra təkallahlığa pərəstiş yayılmağa başladı.
Biz müsəlmanlar da hər il Rəcəb ayının iyirmi yeddinci gününü İslam dinin başlanğıc günü kimi mübarək bir gün bilib o günü bayram keçiririk. Qeyd etmək yerinə düşər ki, bu günün qüsl və namazı müstəhəb və bəyənilmiş əməllərdəndir ki, iman əhli bu gündə onları yerinə yetirir.
Fürsətdən istifadə edərək öndə İmam Zaman (əc) və haqq naibi cənab Ayətullahul Üzma Seyid Əli Xamenei cənablarını  və sonra bütün müsəlman xalqlarını,  o cümlədən siz dəyərli izləyicilərimizi bu mübarək gün münasibətilə təbrik edirik. Allah bu mübarək bayramı bütün müsəlmanlara bərəkətli etsin. Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum.


 1. Quran, Ələq surəsi 1-ci ayə

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!