İMAM ZAMAN (ƏC) GƏLDİ

:

On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.
Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu, eləcə də onların sonuncusu olan İmam Həsən Əskərinin (ə) oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.

Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarına, hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid İmamın evini nəzarət altında saxlayırdı. Zəhərlənmiş İmam Həsən Əskərini (ə) zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, İmamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə, bir neçə mamanı da İmamın evinə göndərdi ki, o Həzrətin həyat yoldaşının yanında dursunlar.
Həzrət İmam Həsən Əskərinin (ə) bibisi Həkimə xanım belə demişdir: "Şaban ayının on beşi, cümə axşamı günündə qardaşım oğlu İmam Həsən Əskərinin(ə) evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, İmam belə buyurdu: "Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki övladım dünyaya gələcək".
"Mən sevinib Nərcisin yanına getdim, lakin onda hamiləlikdən bir nişanə görmədim. Heyrətlənib öz-özümə "mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm" - deyirdim ki, elə bu vaxt İmam buyurdu: "Ey bibi, narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get!"
Mən sevinib Nərcisin yanında qaldım və İmamın dediyi kimi hələ sübh doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir maneə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və İmamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: "Bir azdan otağa qayıt, onu görəcəksən" Mən otağa qayıdıb yenicə doğulmuş körpəni gördüm. O, səcdəyə gedib barmağını göyə qaldırmış, Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edirdi.
Əziz izləyicilərimiz! Xatırladaq ki, İmam Zamanın (ə.f) mövlüd gününə təsadüf etdiyi bu gün, xüsusi ilə fəzilətli gecələrdən biridir. Belə ki, Şəban ayının 15-i İslam aləmində qədr gecələrindən sonra ən qiymətli gecələrdən biri hesab olunur. Qeyd edək ki, Cövşən kəbir duasını, əhd duasını oxumaq bu gecənin xüsusi bəyənilmiş və təkid olunmuş əməllərindəndir.
Bu əzəmətli bayram münasibəti ilə bütün İmam Zaman (ə.f.) aşiqlərini təbrik edir, Allahdan ağamızın zühürunun tezləşməsini və hamımızın o əziz İmamımızın (ə.f) xidmətində olmasını diləyirik!1

DİQQƏT! İMAM ZAMAN (ƏC) HAQQINDA ƏLAVƏ MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN

İMAM MƏHDİ (ƏC) KİMDİR?

İMAM MƏHDİ (ƏC) VƏ XÜSUSİ NAİBLƏR

FƏSADLARIN ÇOXLUĞUNUN İMAM ZAMAN(ƏC)IN ZÜHURU İLƏ ƏLAQƏSİ 

İMAM ZAMANIN (ƏC) OXUDUĞU DUA


1. Din təlimləri kitabından

Tags: İmam Zaman (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!