MÜSİBƏTLƏR ANASI HAQQINDA MÜSİBƏTLƏR KİTABI

:

Ümmül-Məsaib “müsibətlər anası” həzrət Zeynəb! Bu müsibətlərdən yazsaq, bir kitab yazmış olarıq ki, bu kitabın birinci fəsli xanımın uşaq yaşlarında ana dağı ilə başlayır. Bundan sonra bu “müsibətlər kitabının” iyirmi beş səhifəsini əziz atası özünün sükut qələmi və qəm mürəkkəbi ilə yazdı.

Daha sonra Küfə mehrabında arxadan namərdcəsinə zərbətlənərək üç səhifə də bu “müsibətlər kitabına” əlavə etdi. Növbəti bir neçə səhifə isə ciyərləri parça-parça olmuş “tənha qalmış sərkərdənin" hekayəsi...
Kitabın növbəti fəsli aşiqlərin öz məşuqu yolunda böyük bir hərəkatı ilə başlasa da, axırı gözəl, eyni zamanda olduqca kədərli bir sonluqla bitir. Bu fəsildə səbri ilə cəddinin ümmətinə örnək olan xanımın qəlbi dağlanaraq qaməti bükülür. Kitabın bu fəsli, eşq karvanı ilə başlayaraq “Zeynəbiyyə təpəciyində” öz kuliminasiya nöqtəsinə çatsa da, “Şamın xarabalığında” sona yetir.
Nəhayət, bu gün ,yəni hicrətin 62-ci ili Rəcəb ayının 15-ci günü Allahın imzası ilə bu kitab sona yetir. İmza isə belədir: و بشّر الصابرین (Ey Rəsulum) səbir edənlərə müjdə ver!...

ŞƏHADƏT YOXSA, TƏBİİ ÖLÜM?

Xanım Zeynəbin (s.ə) həyatından danışarkən bu xanımın hansı səbəbdən vəfat etdiyi maraq doğuraraq görəsən, "onu da qardaşları kimi şəhid etdilər, yoxsa təbii ölümlə dünyasını dəyişdi" sualı insan zehnini dəlir. Bu sualın cavabı haqqında tarix yazarlar arasında ixtilaflı yazılar nəzərə çarpır. Belə ki, bəzi tarixi sənədlərə əsasən o həzrət Kərbəla faciəsindən 18 ay sonra xəstələnərək təbii şəkildə vəfat etdi1. Bu ehtimal daha təbii nəzərə çarpır. Çünki, belə müsibətləri görən hər kəs təbiidir ki, qəm-qüssədən xəstələnəcək və elə bu səbəbdən də dünyasını dəyişəcək.
Xanımın dünyadan getməsinə dair digər ehtimal budur ki, həzrət Zeynəb (s.ə) Yezidin məmurları vasitəsilə zəhərlənərək şəhid edilir. Bu ehtimal heç də həqiqətdən uzaq görünmür, çünki, o həzrət Kərbəlanın bütün olaylarını görmüş və onun həyatda olması Kərbəla müsibətlərini daim xatırladaraq Yezid hökümətinin cinayətlərini unudulmağa qoymurdu. Bu da Yezid və əlaltılarını rahat buraxa bilməzdi. Bu cinayəti,yəni xanımı zəhərləyən düşmən təbii olaraq özünün cinayətlərini ört-basdır etmək üçün kimsənin əlinə heç bir sənəd də verməyərək məxfi şəkildə bu cinayətə əlini bulayacaq. Məhz ona görə də əsaslı sənəd xanımın şəhadəti haqqında əlimizdə sübut yoxdur2.

Bəli, əziz izləyicilərimiz. Müsibətlər anası həzrət Zeynəbin (s.ə) haqqında saatlarla danışsaq, yenə də haqqını ödəyə bilmərik. Xanımın əzalı günlərinə və müsibətli anlarına and verərək Uca Allahdan diləyirik: Allah ağamız və mövlamız İmam Zamanın (ə.c) zühurunu tezləşdirməklə xanımın qisasını zalımlardan alsın. Fürsətdən istifadə edərək öndə mövla Sahibəz Zamana (ə.c) və haqq naibi həzrət Ayətullah Xamenei cənablarına, sonra siz dəyərli izləyicilərimizə başsağlığı veririk. Allah bizləri xanımdan dünya və axirətdə ayrı salmasın. Amin!

DİQQƏT! XANIM ZEYNƏB (əs) HAQQINDA ƏTRAFLI MƏLUMATLARI AŞAĞIDAKI LİNKƏRDƏN ƏLDƏ EDƏ BİLƏRSİNİZ:

XANIM ZEYNƏB (SƏ) MÜƏLLİMSİZ ALİMƏ

ATASININ ZİNƏTİ

Hazırladı: R.Mahmudzadə
Rizvan.net İslam Maarifi Jurnalı üçün


1. Muntəxəbut Təvarix, səh 67
2. Zeynəbi Kubra minəl məhdi iləl ləhd, səh 592

Tags: Tarix, Xanım Zeynəb (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!