SƏN GƏLDİN KÖNÜLLƏR ŞAD OLDU YA ZƏHRA (SƏ)!

:

Yeri var ərz ola Zəhra, evin abad olsun,
Bağı-rizvanda, qəmdən ürəyin şad olsun,
Səndən ilham ala hər qız gərək, ustad olsun
Ana söz bilsə, müsəlləm qızı sər məktəb olar,
Hər ana sən kimi olsa, qızı da Zeynəb olar
Hər ana sən kimi olsa, qızı da Zeynəb olar.

Besətdən 5 il sonra dünya, “cənnət qadınlarının sərvəri”nin mübarək qədəmi ilə nurlandı. Bir neçə il qonaq olmaq üçün yer üzünə qədəm qoydu. Allahın sevimlisi bəndəsi olan atası üçün, analıq etməyə gəldi. “Atasının anası” olan Həzrət Zəhra (sə) həm də Peyğəmbərə (s) əsil sirdaş və əsil dost idi. Dünyaya gəldi ki, bir gün Əlinin (ə) həmdəmi və qəlbinin qəm qüssəsini aradan aparsın. O yer üzünə qədəm qoyaraq 11 hidayət ulduzuna nur bəxş etdi. Gələrək təqva, iman və paklıq nümunəsinin təcəssümünə çevrildi. Fatimənin (sə) nəsim yeli bütün qəlblərə aramlıq gətirir, insanlıq bir daha məna taparaq həyat yenidən canlanır. O həzrətin adı gələndə insan ruhu şadlanır və yaşamağa ümid tapır.
Peyğəmbərin (s) ətirli gülü, Həzrət Fatimə (s.ə) besətdən (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməsindən) beş il sonra, cəmadüs-sani ayının 20-də cümə günü Məkkə şəhərində dünyaya göz açıb. Xanım Fatimə (s.ə) Allah Rəsulunun (s) evində tərbiyə alaraq o həzrətin elmindən faydalanıb. Quranı atasının dilindən eşidib, ona əməl edən həzrət Zəhranın (s.ə) siması, danışığı və hərəkətləri Peyğəmbərə (s) çox bənzəyirdi. Rəsulullahın (s) hər zaman ümid mənşəyi olduğu üçün Peyğəmbər (s) qızı haqqında "atan sənə fəda olsun" deyərək onu "atasının anası" adlandırardı.1 Çünki Həzrət Fatimə (s.ə) atasına bir ana kimi qayğı göstərib. Həzrət Xədicə (ə) vəfat edəndən sonra, xanım Fatimə (s.ə) altı yaşında olmasına baxmayaraq, atasına mənəvi dayaq olaraq, rahat olmasına cəhd göstərib. Bu əzəmətli xanımın ən mühüm şərafət və fəzilətlərindən biri də imamların anası olmasıdır. Allah-Təala xanıma o qədər bərəkət nəsib edib ki, imamlar anası olub. İmam Əskəri (ə) buyurub: "Allah bizi bütün insanlara, nənəm Fatiməni (s.ə) isə bizim üçün höccət qərar verib.2 Hədislərdə belə nəql olunur ki, Fatiməni (s.ə) və onun övladlarını sevənlər Qiyamət günü bağışlanıb cənnətə gedəcəklər.3
Peyğəmbər (s) buyurub: Ya Fatimə! O həmin gündür ki, bütün insanlar bir dəstə adamın, sənin ətəyindən tutub nicat taparaq cənnəti qazandıqlarını görəcəklər. Bu mənzərəni gördükdə, bəzi insanlar peşmanlıq çəkərək deyəcəklər: “Kaş biz də dünyada Fatiməni (s.ə) sevənlərdən olardıq. Ya Fatimə! O gün (qiyamət günü) sən, səni sevənlər və səni sevənləri istəyənlər hamısı cənnətə gedəcəklər.”4
Əziz oxucularımız və saytımızın izləyiciləri! 9 mart 2017-ci il Peyğəmbərin (s) gözünün nuru, qəlbinin bir parçası olan xanım Fatimənin (s.ə) mövlud günüdür. Xanımlar xanımı Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə, başda imam Zaman (ə.s) və haqq canişini həzrət Ayətullah Xamenei ağamız olmaqla, bütün möminləri, anaları və bacarılarımızı təbrik edir və xanıma məhəbbəti olan hər bir kəsə bayramınız mübarək olsun deyirik. Allah bizləri xanım Zəhradan (s.ə) dünya və axirətdə ayrı salmasın. Amin!

Hazırladı: Turanə Allahverdiyeva
Rizvan.net İslam maarifi jurnalı üçün


1. Din Təlimləri: səh, 121
2. Ümmi Əbiha: səh, 127
3. Ümmi Əbiha: səh, 78
4. Ümmi Əbiha: səh, 79-80

Tags: Həzrət Zəhra (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!