SƏNİN QISA ÖMRÜN HAQQI BATİLDƏN AYIRDI

:

Allahın adı ilə
Qısa ömrünün olmasına baxmayaraq əvəzsiz xidmətləri olan imamımız həzrət İmam Cavadın (ə) şəhadəti münasibəti ilə başsağlığı veririk.

Mübarək adı “Muhəmməd” künyəsi “Əbu Cəfər” və ən tanınmış ləqəbi “Təqi” və “Cavad” olan doqquzuncu imamız hicrətin 195-ci ili mübarək Ramazan ayında Mədinə şəhərində dünyaya göz açmışdır. Onun atası Əli ibn Musər Riza əleyhissalam şiələrin səkkizinci imamıdır ki, müqəddəs ziyarətgahı İranın Xorasan vilayətinin Məşhəd şəhərində yerləşir. Anası da “Səbikə” adlı nəcib və iffətli xanımdır ki, Peyğəmbərin (s) xanımlarından biri olan “Mariya Qibti”nin nəslindən sayılır. O çox iffətli qadın olduğu üçün həzrət İmam Riza (ə) onu pak, iffətli və fəzilətli qadın kimi xatırladır.
İmam Cavadın (ə) şəhadəti münasibətilə o həzrət haqqında Rizvan.net saytı dəyərli izləyicilərinə yeni məqalə təqdim edir.

İMAM CAVADIN (Ə) BAŞQA İMAMLARA NİSBƏTƏN AZ TANINMASININ SƏBƏBİ NƏDİR?
İmam Cavad (ə) iki səbəbə görə camaar arasında çox tanınmır.
Birinci: Tarixi mənbələrə əsasən İmam Cavad (ə) səkkiz yaşında imamət məqamına çatır və iyirmi beş yaşında şəhid edilir. Buna görə deyə bilərik ki, mübarək ömrü qısa olması camaat arasında digər imamlardan az tanınmasına səbəb olmuşdur. Lakin bununla belə şiə mənbələrində zikr olunan hədislərə nəzər salsaq bir o qədər də İmam Cavaddan (ə) az hədis nəql olunmamışdır. Yəni bilməli olduğumuz o qədər mətləb vardır ki, təəssüflər olsun şiələrin əksəriyyətinin ondan xəbəri yoxdur. Əgər yazıçı və təhqiqatçılar İmam Cavadın (ə) həyat yolu, elmi və maarif işləri haqqında xalq üçün tədqiqat aparmaq istəsələr görərik ki, heç də bu əziz imamımızın haqqında olanlar digər imamlarımızdan az deyil.
İkinci: İmam Cavadın dövrünün özünəməxsus şəraiti o həzrətin çox tanınmasına mane olurdu.
İmam Cavad (ə) dövrünün özünəməxsus problemləri və mürəkkəb məsələləri ilə üz-üzə durmuşdur ki, bu problemlər digər imamların dövründə az idi. Misal olaraq deyə bilərik ki, İmam Cavad (ə) Məmun və Mötəsim Abbasinin hakimiyyəti dövründə yaşamışdır. Bu dövr Abbasilər hökümətinin tənəzzülə uğradığı bir dövr idi ki, Məmun öldükdən sonra Mötəsim qüdrət əldə edərək Abbasilər hakimiyyətini tamamilə tənəzzülə uğradır. Cəmiyyətdə qüdrətli hakim xalqa hökmranlıq etdiyi zaman o dövrün bütün məzələlərinə təsir edə bilir. Necə ki, İmam Hüseyn (ə) Yezid hakimiyyətə gəldikdən sonra onun müqabilində qiyam edərək tarixin o mühüm hadisəsi baş verdi və hadisələr o qədər öz klumunasiya nöqtəsinə çatdı ki, heç bir imamın dövründə bu cür olmamışdı.

İMAM CAVADIN (ə) ƏXLAQİ VƏ ELMİ XÜSUSİYYƏTLƏRİ
O gözəl əxlaq sahibi idi
Həzrət İmam Cavad (ə) bu xüsusiyyəti öz əziz babası Muhəmməd (s) peyğəmbərdən irs aparmışdı. Necə ki, Qurani Kərimdə də təkid olunur ki, müsəlmanlar peyğəmbərin əxlaqından ülgü götürməlidir.

OLDUQCA FİRAVAN ELMƏ SAHİBİ İDİ
İmam Cavadın (ə) xüsusiyyətlərindən biri də geniş elmə malik olması idi. Necə ki, əziz ata babaları da bu geniş elmə (elmi lədunni) malik idilər və sözün həqiqi mənasında alim idilər. Onun alimliyini sübut etmək üçün yetər ki, onun elmi diskusiyalarına nəzər salaq. Biz şiələrin əqidəsinə əsasən bu elm imamlara Peyğəmbərdən (s) peyğəmbərə isə Allah tərəfindən gəlmişdir. Yəni Allah Peyğəmbərə (s) bu elmi verdikdən sonra Peyğəəmbər (s) İmam Əliyə (ə) ötürmüş və o həzrətdə oğlu Həsənə (ə) sonra Hüseyn (ə) və beləcə bu elm bütün imamlara çatmış nəhayət sonuncu imamımız həzrət İmam Məhdiyə (ə) verilmişdir.

İMAM CAVAD (Ə) TƏQVA VƏ PƏHRİZKAR İNSAN NÜMUNƏSİ İDİ
İmam Cavad (ə) da digər imamlar kimi kamil təqva nümunəsi idi. Bəndəlikdə, uzun-uzadı səcdələrilə ilə inanlara örnək idi. Allahdan çəkinməsi doğru dürüst yaşaması ilə hamıya nümünə olmuşdur.

DÜŞMƏN VƏ DOSTA OLDUQCA ÇOX ƏDƏBLİ İDİ
İmam Cavad (ə) hamı ilə ədəblə rəftar edər və hamıya ehtiram qoyardı. Bu işi hətta düşmənlərinin ona tərəf gəlməsinə səbəb olurdu. Dostları və şiəlkəri ilə yumşaq rəftarı onun gözəl sifətlərindən idi.

HÜRRİYYƏT VƏ AZADLIQ İMAM CAVADIN (Ə) XÜSUSİYYƏTLƏRİNDƏN İDİ
Məlum məsələdir ki, bütün imamlarımız bu xüsusiyyətlərə malik idi. O böyük insanlar heç zaman zülmə baş əyməz və heç bir zalıma tabe olmazdı. Məhz elə bu yolda da canlarını qurban vermişlər. Bunlar hamısı ona görə idi ki, bi şiələr öz əziz imamlarımızdan nümunə götürüb həyatlarımızı onların həyatı kimi yaşayaq. Necə ki, aşura ziyarətində - Allahuməcəl məhyayə məhyə Muhəmmədin və Ali Muhəmməd və məmati məmatə Muhəmmədin və Ali Muhəmmə - yəni İlahi mənim həyatımı Muhəmməd peyğəmbər və onun ailəsinin həyatı ölümümü də onların ölümü kimi qərar ver – deyə oxuyuruq. Bu da öz növbəsində bizə bildirir ki, biz şiələr heç vaxt İslamın and içmiş düşmənlərinin hiylələrinə aldanmamalı və onların zülmlərinə baş əyməməli öz əqidəmizi həm təbliğ etməli və həm də bu yolda sabitqədəm olmalıyıq.

HƏZRƏT CAVADIN (Ə) MÜHÜM KƏRAMƏTLƏRİNDƏN BİR NEÇƏ NÜMUNƏ

HƏZRƏTİN TƏVƏLLÜDÜ
İmam Rzanın (ə) ömrünün sonuna bir neçə il qalmış ilahi bir kəramətlə İmam Cavad (ə) dünyaya gəldi. Hansı ki, İmam Rza (ə) dəfələrlə o həzrətin təvəllüdünü xeyirli və bərəkətli bir təvəllüd kimi xatırlamışdır. “Əbu Yəhya Sənani” deyir: bir gün İmam Rzanın (ə) yanınd idim, kiçik yaşda olan övladını yanına gətirdilər. İmam buyurdu: bu həmin mövluddur ki, şiələrimiz üçün bundan daha bərəkətli mövlud doğulmamışdır. Şiələrdən “İbn Əsbat” və “Əbbad ibn İsmail” adlı iki şəxs belə deyir: İmam Rzanın (ə) yanında idik. Əbu Cəfəri onun yanına gətirdilər və biz həzrətə dedik ki, bu həmi xeyir-bərəkətli mövluddurmu? İmam (ə) buyurdu: bəli, bu həmin mövluddur ki, İslamda ondan daha bərəkətlisi doğulmamışdır.
Bu xeyr və bərəkətin sübutu bundan ibarətdir ki, İmam Rzanın (ə) dövrü xüsusi bir dövr idi və canişin təyin etmək və növbəti imamı tanıtmaq bir sıra problemlərlə qarşılaşmışdı ki, öncəki imamların dövründə belə olmamışdı. Çünki, bir tərəfdən İmam Kazimin (ə) şəhadəti ilə “vaqifiyyə” qrupunun yaranmasına səbəb oldu və İmam Rzanı (ə) inkar etməyə başladılar. Başqa tərəfdən də İmam Rzanın (ə) qırx yeddi yaşına qədər övladı olmadı və Peyğəmbərin (ə) imamət haqqında on iki imamdan doqquzu İmam Hüseynin (ə) nəslindəndir deyə buyurduğu hədis artıq sual altına gedirdi və vaqifiyyə firqəsi də bunu əllərində dəlil tutaraq həzrət İmam Rzanın (ə) imamətini inkar edirdilər. Vaqifiyyə firqəsinin başçılarından olan “Hüseyn ibn Qiyama Vasiti” İmam Rzanı (ə) sonsuzluqda ittiham edərək belə yazır: necə mümkün ola bilər ki, imam olasan amma övladın olmasın?! İmam Rza (ə) da cavabında belə yazır: “sən hardan bilirsən ki, mənim övladım olmayacaq? Allaha and olsun bir neçə gün keçdikdən sonra Allah mənə haqqı batildən ayıran bir oğlan əta edəcəkdir”.
Bu işdən az bir zaman keçdikdən sonra həzrət İmam Cavad (ə) dünyaya göz gələrək sözün əsl mənasında haqqı batildən ayırdı.

İMAM CAVAD (Ə) UŞAQLIQ İLLƏRİNDƏ İMAMƏTƏ ÇATIR
İmamətin səkkiz yaşlı hələ həddi büluğ yaşına çatmayan bir uşağa verilməsi özü Allahın qüdrət nişanələrindən idi. Necə ki, bundan qabaq həzrət İsaya (ə) peyğəmbərlik verilmişdi.

HƏZRƏTİN ELMİ DİSKUSİYALARI
İmam Cavad (ə) başqa firqə və məzhəblərin alimləri ilə olduqca mühüm elmi mübahisələr etmişdir. Kiçik yaşlarında o dövrün alimləri ilə elmi mübahisələrdə onları məğlub etməsi özü böyük kəramətlərdəndir.

İMAM CAVADIN (Ə) ŞƏHADƏTİ
Abbasi xəlifəsi olan Məmun məsum imamın xalq arasında batini nüfuzundan qorxduğu üçün İmam Cavadı (ə) nəzarət altında saxlamaq qərarına gəldi. Bu iş üçün onun gördüyü hiylələrindən biri də öz qızını o həzrətlə evləndirməsi oldu. O bu işi ilə İmamın (ə) evinin içindən xəbərdar olmaq istəyirdi deyə qızı “Ümmü Fəzli” o həzrət ilə evləndirdi. Məmun öz qızını o həzrətlə evləndirməsinin səbəblərindən biri də o həzrəti özünə tərəf çəkməsi idi. Çünki elə düşünürdü əgər qızını İmam Cavad (ə) ilə evləndirsə imam da maddiyyata aldanaraq ona tərəf gedəcək nəticədə şiələr arasında təfriqə düşəcək bu da Məmunun qüdrət tapmasına səbəb olacaq. İmam Cavad (ə) da öz növbəsində qeyb elmindən xəbərdar olduğu üçün agahlıq və bəsirətlə bu izdivaca razılıq verdi. Bu izdivacı qəbul etmə səbəblərindən biri, İmamın (ə) öz şiələrini Məmunun fitnəsindən və zülmündən amanda saxlaması idi. Üstəlik Məmun bu izdivacla nəzərdə tutduğu hiylələrinə də çata bilmədi. İmam Cavad (ə) Məmunun xilafətinin sonuna qədər Mədinədə yaşadı və Məmun öləndən sonra Mötəsim Abbasinin göstərişi ilə hicrətin 220-ci ilində Bağdada gətirildi. Elə bu ilin Zil Qədə ayının 29-da zəhərləndirilərək şəhid edildi.
O həzrətin pak və nurani qəbri Kazimeyndə (Bağdad) babası “İmam Kazimin (ə)” yanındadır və indinin özündə də o həzrətin aşiqlərinin ziyarətgahıdır. Milyonlarla aşiqlərin qəlblərinin qibləgahına çevrilmiş bu hərəmə dünyanın hər bir yerindən zəvvarlar axışıb gəlməkdədir.
Ümid edirik ki, İmam Cavada (ə) xatir Allah siz dəyərli oxucularımıza da bu nurlu ziyati nəsib edəcək. Fürsətdən istifadə edib həzrətin şəhadəti münasibətilə həzrət İmam Zamana (əc) və onun naibi şiələrin rəhbəti həzrət Ayətullah Xamenei canablarına sonra da siz əziz və dəyərli möminlərə başsağlığı veririk. 

Məqalə Sibtayn beynəlxalq müəssisəsində çap olunmuşdur.
Tərcümə etdi: www.Rizvan.net saytı

İstinad olunmuş mənbələr

Pişvayane hedayət, Cəvadul Əimmə, Həzrət Muhəmməd Təqi (ə). Təlif – Ümumdünya Əhli-Beyt cəmiyyəti.
İmam Cavad (ə). Təlif - Əl-Bəlağ müəssisəsinin yazıçılar birliyindən bir neçə yazıçı.
Pişvaye nohom Həzrət Emam Muhəmməd Təqi (ə). Təlif – Dər rahe həqq müəssisəsinin yazıçalar birliyi.
Neqahi bər Zendeqaniye Emam Cəvad (ə). Müəllif – Muhəmməd Muhəmmədi İştihardi.
Neqahi qozəra bər zendeqani Emam Cəvad (ə). Müəllif – Seyid Əbdür Rəzzaq Musəvi
Və s.
Məqalə Höccətül İslam Abbas Cəfərinin qələmi ilə yazılmışdır.

Tags: Əhli-Beyt (ə), İmam Cavad (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!