İBRAHİMİ DİNLƏRDƏ MƏHDİ (ƏC) İNTİZARI - III HİSSƏ

:

İslamda “Məhdi” intizarı
İslam Peyğəmbəri (s) fani dünyaya vida etdikdən sonra onun ümməti canişinlik mövzusunda iki dəstəyə bölündü. Bir dəstə iddia etdi ki, canişini təyin etmək caamatın öz öhdəsinə buraxılıb. Buna görə də Peyğəmbərdən (s) sonra İslama birinci xəlifə kiçik bir dəstənin vasitəsilə seçildi. İkinci xəlifəni qabaqkı xəlifə öz vəsiyyəti ilə seçdi. Üçüncü xəlifəni isə altı nəfərdən ibarət olan şura camaatın öhdəsinə qoydu. Bu fikirə sahib olan dəstə “Əhli-sünnət” adlanır.
İkinci dəstə yuxarıda qeyd olunan seçimlə razılaşmayıb canişinliyin Allah-Taala tərəfindən Peyğəmbərin (s) vasitəsi ilə seçilməsinə inanırlar. Bu dəstə “İmamiyyə” və ya “Şiə” adlanır.
Əhli-sünnə məzhəbində “Məhdi” intizarı

Bu məzhəbin nəzərinə əsasən İslam Peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra, İslam ümmətinin rəhbəri camaat tərəfindən seçildi və bu hadisə onlara görə belə də olmalı idi. Bundan əlavə hər kəs hər hansı yolla (zor gücünə olsa belə) rəhbərlik məqamına çatsa camaatın ondan itaət etməsi vacibdir. Buna görə də rəhbər zalim da olsa itaəti vacibdir. Tarix boyunca istər Üməyyə övladlarının zamanı olsun, istərsə də Abbasilərin zamanı bu məzhəbin davamçıları onlara itaət etmişlər. Baxmayaraq ki, bu inanc onlarda müşahidə olunur amma insan fitrətən ədalətin, sülhün və haqqın sorağındadır. Bu məktəbin özlərinin kitablarını araşdırdıqda belə nəzərə çarpır ki, onlar da bir xilaskarın intizarındadırlar. Nəinki, təkcə bu məzhəb hətta bütün İslam məzhəblərinin hər biri Məhdi (ə) adında birinin zühur etməsinə qətiyyən inanırlar. Sünnü məzhəbi də elə o məzhəblərdən biri kimi bu zühurun baş tutacağına öz etibarlı kitablarında qeyd ediblər.
Sünnü alimlərinin məşhur kitablarında Həzrət Məhdi (ə) barədə belə nəql olub:
İbni Kəsir yazır: “Məhdi, axır zamanda gələcək. Yer üzü zülm və fəsadla dolduğu kimi onu ədalətlə dolduracaq.”
İbni Xəldun yazır: “Müsəlmanlar arasında belə yayılıb ki, axır zamanda Əhli-beytdən (ə) bir nəfər mütləq zühur edəcək. Dini qoruyaraq, ədaləti bərpa edəcək və müsəlmanlar da ona itaət edəcək. O isə bütün İslam məmləkətinə sahib olacaq. O şəxsin adı Məhdidir (əc)”.
Əhli-sünnə nəzərində İmam Məhdi (əc)
Bu barədə onlar tərəfindən qeyd olunan bəzi hədisləri nəql edirik:
Həzrət Muhəmməd (s) buyurub: “Adı mənim adımdan olub və Əhli-beytimdən (ə) olan şəxs ərəb məmləkətinə sahib çıxmayınca dünya sona çatmaz.
Həzrət Muhəmməd (s) buyurub: “Yer üzü düşmənçilik və zülmə bürünməyincə qiyamət bərpa olmaz. Bu zaman mənim Əhli-beytimdən (ə) bir nəfər yer üzü zülm və ədalətsizliklə dolduğu kimi onu ədalətə bürümək üçün zühur edər.”
Həzrət Muhəmməd (s) buyurub: “ Əgər dünyanın sonuna bir gün qalmış olsa belə Allah-Taala həmin günü o zamana qədər uzadar ki, o gündə məndən və ya mənim Əhli-beytimdən (ə) olan bir nəfəri yer üzünü zülmlə dolduğu kimi ədalətə qərq etmək üçün göndərər.”

Əhli-sünnənin Həzrət Məhdi (əc) haqqında olan nəzərləri
Həzrət Məhdi (əc) elə Həzrət İsa (ə) Məryəm oğludur ki, axır zamanda zühur edəcək.
Həzrət Məhdi (əc) Abbas ibni Əbdülmüttəlibin övladlarındandır.
Həzrət Məhdi (əc) Həzrət Muhəmmədin (s) və Həzrət Fatimənin (ə) nəslindəndir. Həzrət İsa (ə) Həzrət Məhdinin (əc) zühuru zamanı ona kömək etmək üçün zühur edəcək. Həzrət Məhdi (əc) namaz qılarkən onun arxasında namaza duracaq.
Həzrət Məhdi (əc) İmam Hüseynin (ə) nəslindən yox, İmam Həsənin (ə) nəslindəndir.
Həzrət Məhdinin (əc) adı Peyğəmbərin (s) atasının adındandır. Buna görə də onun atası Həzrət Həsən Əsgəri (ə) ola bilməz. Çünki, Peyğəmbərin (s) atasının adı Abdullahdır.
Həzrət Məhdi (əc) hələ dünyaya gəlməyib, axır zamanda dünya gələcək.

Şiə məzhəbində Məhdi (əc) intizarı
Şiələrin əqidəsinə görə Allah-Taala yer üzünü canişinsiz qoymayıb. İnsanların yaranmaqda hədəfi kamala çatmaqdır. O zamana kimi ki, dünya dağılmayıb insanların hədəfinə çatmaq imkanı vardır. Ancaq insanlar öz naqis düşüncələrilə hidayət yolunu tapması mümkün deyil. Buna görə də bizi yaradan və qarşımıza hədəf qoyan Xaliqə vacibdir ki, hədəfə necə çatacaq yolu da bizə göstərsin. İdiologiya elmində “lütf qanunu” adlanan əqli dəlilə əsasən belə deyə bilərik: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onu ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir və O bütün nöqsanlardan pak və münəzzəhdir”.
Tarix boyunca Allah-Taalanın bəndələrini hidayət edəcək elçilər müşahidə olunub. Deməli, Allah-Taala insanlara hədəf təyin etməklə yanaşı onlara o hədəfə çatacaq yolunu da göstərmişdir.
İslam məzhəblərinin bəzisinin əksinə olaraq şiələr 124 000 (yüz iyirmi dörd min) peyğəmbərdən sonra yenə də Allah-Taalanın yer üzünü İlahi höccətsiz qoyduğuna inanmır. Həzrət Əlinin (ə) bu barədə buyurduğu “Nəhcül-bəlağə” də belə qeyd olunmuşdur: “Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır.”
Şiələrin inancına əsasən sonuncu peyğəmbər Həzrət Muhəmməd (s) özündən sonra öz nəslindən olan 12 nəfəri İslam ümmətinə xəlifə və canişin təyin etmişdir. Hətta onların adını belə öz bəzən öz sözlərində bildirmişdir. Bu dəstə öz iddiasını isbat etmək üçün əziz Peyğəmbərdən (s) nəql olunmuş hədislərə arxalanırlar. Həmin hədislərin bir neçəsi bunlardan ibarətdir:
* Onlar, Bəni-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər.
* Hamısı Qureyş tayfasındandır.
* Onların hamısı Bəni-Haşimdəndir.
* Onların birincisi Əli (ə) və axrıncısı Məhdidir (ə).
Şiələr bu hədislərə söykənərək Həzrət Muhəmmədin (s) Əhli-beytindən (ə) olan 12 nəfərin davamçısı olmağı özlərinə vacib bilmişlər. Baxmayaraq ki, onların çoxusu hökümət başçısı ola bilməmişlər. İslam Peyğəmbərindən (s) sonra ardıcıl olaraq Bəni Üməyyə və Bəni Abbasın xəlifəlik dövründə bu 12 nəfərdən 11 nəfəriylə işgəncə və zülmlə davranılıb. Belə ki, onların bəzilərini gənc və bəzilərini isə orta yaşda şəhid ediblər. Bu 12 nəfərin hökümət başına gəlməməsi uğrunda hər cür cinayətə əl atıblar. Kərbəla hadisəsini buna misal göstərmək olar. Bu işgəncə və cinayətlərə baxmayaraq onlar caamatı gizli və ya aşkar düz yola hidayət etməyə çalışıblar. Onların bəziləri ciddi nəzarət altında qalıb öz tayfasıyla əlaqə saxlaya bilməmişlər. Bu ağır vəziyyətdə onlar öz dostlarını caamatın lazım suallarına cavab vermək üçün vəkil təyin edirdilər.
Vəd verilmiş sonuncu İmam hicri qəməri ilinin 255-ci ilində dünyaya gəlmişdir. Onun adı İslam Peyğəmbərinin (s) adındandır (M U H A M M Ə D). Həzrət Əli (ə) İmamın Məhdinin (əc) adının mənası barədə belə buyurmuşdur: “Məhdinin adı Muhəmməddir ona Məhdi deyirlər. Çünki Allah-Taala onu kimsənin bilmədiyi gizli işlərə tərəf yönəldir (hidayət edir)”. Dövrün xəlifəsi onun kim olduğunu bildiyi üçün onu aradan götürməyə çalışırdı. Çünki, İmam Məhdinin (əc) zühuru barədə olan hədislər çox məşhur olmuşdu. O, gəlincə zalimlərlə mübarizə edib ədaləti bərpa edəcək. Bu onların qəlbinə qorxu salmışdı. Buna görə də o həzrəti şəhid etmək fikrinə düşmüşdülər. Beləliklə də İmam (əc) həmişə gözlərdən uzaq qalmışdır.

Kiçik qeybət
O həzrət atası ilə yaşadığı 5 il boyunca yenə də gizli şəkildə yaşayırdı. Elə ki, atası Həzrət Həsən Əsgəri (ə) şəhid edildi (260-cı il hicri qəməri ilə) Həzrət Məhdinin (əc) kiçik qeybəti dövrü başlandı. Bu kiçik qeybət dövrü 69 il çəkdi ki, bu zaman o, ancaq xüsusi dörd canişini ilə görüşürdü. O canişinlərin adları belədir: Osman ibn Səid, Muhəmməd ibn Osman, Hüseyn ibn Ruh və Əli ibn Muhəmməd. İmam Məhdi (əc) kiçik qeybətində ancaq adı çəkilən xüsusi naiblərlə görüşür və şiələrə lazım olan tapşırıqları göndərirdi. Onlar da İmamın (əc) əmrini şiələrinə çatdırır, xüms və zəkatı toplayıb həzrətin göstərişilə sahibinə çatdırırdılar. Həqiqətdə kiçik qeybət dövrü böyük qeybət dövrü üçün bir hazırlıq idi ki, şiələrini gələcək uzun müddətli qeybətə hazırlayırdı.

Böyük qeybət
Nəhayət İmamın (əc) böyük qeybəti hicri qəməri ili ilə 329-cu ildə başlandı. O, həzrətin (əc) qeybəti qeyd olunan zamandan başlayaraq əsrimizə qədər davam etməkdədir. O zamandan bu günə kimi şiələr özlərini başçısı olmayan parakəndə bir ordu kimi hiss edirlər. Öz dini və dünyəvi suallarının cavabını kimnən alsınlar, kimə müraciət etsinlər ki, Qiyamət günü Allah-Taala qarşısında itaətsizlərdən hesab olmasınlar?! Baxmayaraq ki, İmamın (əc) bu cür qeybəti çox uzun muddətli idi amma o həzrət hər hansı bir şəxslə də əlaqəsi yox idi ki, davamçıları onlara müraciət etsinlər. Amma İmam (əc), camaatın düşündüyü qədər də onları sahibsiz qoymadı. Onlara müraciət yolunu da göstərdi.
İmam Məhdi (əc) şiələrini öz qeybəti dövründə kimə müraciət edib və kimdən itaət etməsi barədə öz etibarlı şiələrindən olan İshaq ibni Yəquba, Muhəmməd İbni Osmanın vasitəsilə belə bir məktub yazdı.
“baş verəcək o hadisəyə (böyük qeybət dövrünə) gəlincə, bizim hədislərimizi nəql edənlərə müraciət edin. Həqiqətən onlar mənim sizə olan höccətim və mən də Allah-Taalanın sizə olan höccətiyəm.”
İmam bu məktubla şiələrinə bildirmək istəyirdi ki, bizim hədislərimizi nəql edənlər etibarlı şəxslərdir. Onlar hədislərimi yaxşı dərk edib və şəri hökümləri onlardan ələ gətirməyə qadirdilər. İmam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən bir çoxları hədis kitabları yazmışlar. Elə o zamanda da camaat o hədislərə əməl edirdilər. Acaq o hədislərdə gələcəkdə baş verəcək hadisələrdən məlumat yox idi. Elə buna görə də İmam Zaman (əc), şiələrini mühəddislərə (hədis rəvayət edənlərə) müraciət etməyə səslədi. Çünki onlar hədislərdən (fiqh və üsul elmində olduğu kimi) şəri hökmləri necə əldə etmək qaydalarını bilirdilər. Beləliklə də İmamın (əc) davamçıları (bir neçə dəstəni çıxmaq şərtilə) onun göstərişinə əməl etməyə başladı.

Həzrət Məhdinin (əc) zühuru
Allah-Taalanın hikməti belə tələb edib ki, İmam Məhdinin (əc) zühurunun vaxtı gizli qalsın. Məsumlardan bizə çatan hədislərdə O, həzrətin qiyamının əlamətləri və onun yaşayış tərzi haqqında məlumatlar verilib. Amma heç bir hədisdə nə zaman qiyam edəcəyi haqqında bir söz deyilməyib. Əksinə onun zamanını təyin edənləri yalançı adlandırıb.
İslam Peyğəmbəri (s) bu haqda buyurub: “Zühurun vaxtını müəyyən edən kəslər yalan deyirlər.”
Möminlərin vəzifəsi bu dövrdə ancaq intizarda qalmaqdır. Necə ki, hədisdə deyilir: “Ümmətimin ən fəzilətli əməli, zühur intizarı çəkməsidir”. Çünki, bu bir növ Allah-Taaladan, Peyğəmbərdən (s) və məsum İmamlara (ə) itaət etmək deməkdir. Deyə bilərik ki, bu intizar möminlər üçün bir imtahandır ki, bu yolla həqiqi səbr edənlər və itaətkarlar məlum olar. İmam Sadiq (ə) insanların İmam Məhdinin (əc) qeybəti dövründə bu duanı oxumasını məsləhət bilib.
“Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Muqəllibəl qulub, səbbit qəlbi əla dinikə”
Tərcümə: Ey Allah, ey bağışlayan, ey mehriban, ey qəlbləri çevirən mənim qəlbimi öz dininə bağlı elə.
Möminlərin vəzifələrindən biridə budur ki, onlar İmam Zamanın (əc) zühuru üçün özlərini islah etsinlər. İmamın (əc) zühur etməsi möminlərdən aslıdır. Əgər İmamın (əc) yetərincə sağlam əməl sahibi olan dostu və davamçısı olmasa O, həzərtin zühuru bir o qədər də gecikəcək. Zühurun mənası budur ki, İmamı (ə) rəhbər kimi görüb, dediklərinə əməl etməliyik. Əgər İmamın (əc) qeybəti zamanı Allah-Taalanın əmirlərinə əməl etməsəı O, həzrətin zühuru zamanı da onun dekiklərinə əməl etməyəcəyik. Çünki, İmamın (əc) sözü elə Allah-Taalanın əmrlərini dirçəltməkdən ibarətdir. Buna görə də bu imtahandan əgər başı uca çıxa bilsək İmam Zamanın (əc) da zühurunda başı uca ola bilərik.
Gördüyünüz kimi, bəşərin xilaskarı olan bir şəxsin gəlişi, təkcə islam dinində deyil xristianlıq və yəhudilikdə də mövcuddur. Çünki, Allahın iradəsi və hökmü belədir. Yer üzünün varisi, sonunda Məhdinin (əc) rəhbərliyi ilə pak insanlar olacaqdır. İlahi ədalət öz yerini tutacaq və icra ediləcəkdir. Dinimizə əsasən, Məhdi (əc) ilə birgə Həzrət İsa (ə) da zühur edəcək və ona yardım edəcəkdir. Əsl həqiqətdə, məsələnin kökünə qayıtsaq, bu dinlərdəki təhrifi kənara qoysaq, görərik ki, əslində hər kəs Məhdini (əc) gözləyir, ona ümid bağlayır lakin zaman keçdikcə bu inanc müəyyən səbəblərdən təhrifə uğramışdır. Allah-Taala tezliklə onun zühurunu bütün bəşəriyyətə nəsib etsin. Amin!

Mahir Məmmədov

Tags: İmam Zaman (ə), Dinlər və məzhəblər

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!