İBRAHİMİ DİNLƏRDƏ MƏHDİ (ƏC) İNTİZARI - I HİSSƏ

:

İbrahimi dinlərdə Məhdi (əc) intizarına bir baxış
“İntizar” mövzusu səmavi dinlərdə müşahidə olunan mühüm mövzulardan biridir. “İntizar”, adətən, insanın acınacaqlı mövcud vəziyyətdən narahat olaraq, yaxşı vəziyyətin yaranması ümidi ilə gözləməsinə deyilir. “Məhdi” kəlməsi də öz növbəsində, bəzən ad kimi, bəzən isə bir hədəf və məqsədin icra edilməsi yönündə işlədilir. Səmavi dinlərdə olan “Məhdi” ("hidayət olunmuş") adətən xüsusi hədəfin icrası mənasında işlədilir. Belə ki, Allah-Taala "məhdi" vəzifəsini icra edən şəxsi, insanların bilmədiyi və bacarmadığı işlərə yönəldir və ondan başqası həmin işi etməyə qadir deyildir. Ümumbəşəri ilahi hakimiyyət qurmaq, ədaləti tam bərpa etmək, yer üzərinə kamil şəkildə əmin-amanlıq yaratmaq kimi xüsusiyyətləri bu qəbildən hesab etmək olar. Əgər tarixə nəzər salsaq, görərik ki, hələ Allah-Taala öz elçisini insanların arasına göndərməmişdən öncə, onlar həmin elçinin intizarında olublar. Padşahlar (fironlar və s.) fani qüdrətlərinin hesabına özlərini Tanrı adlandırırdılar. Buna görə də zəiflər məcbur idilər ki, onların hər bir zülm və ədalətsizliklərinə boyun əysinlər. Əks təqdirdə ağır cəzalara məruz qalırdılar. Beləliklə, insanlar daim, onları zülmdən qurtaracaq qeyri-adi gücün intizarında idilər. Allah-Taala da müxtəlif zamanlarda, öz xilaskarını peyğəmbərlər və imamlar ünvanında onlara pənahgah olaraq göndərmişdir. Lakin bununla belə, insanlar zülmü kamil şəkildə məhv edən, ədaləti tam şəkildə bərpa edən, yer üzündə kamil şəkildə əmin-amanlıq yaradan son xilaskarın, Həzrət Məhdinin (əc) gəlişini gözləmiş, onun zamanında yaşamaq arzusunda olmuşlar. Qarşınızda olan bu məqalədə böyük və məşhur İbrahimi (ə) dinlərdə (yəhudilik və xristianlıqda) olan "Məhdi intizarı"ndan söz açılacaq. Bunu da qeyd edək ki, burada “Məhdi” kəlməsi “nicat verici” və "xilaskar" ünvanında istifadə olunur.
YƏHUDİLİKDƏ “MƏHDİ” İNTİZARI
Yəhudi tayfası hələ qədim dövrlərdə müxtəlif təzyiqlərə və zülmlərə məruz qalmışdır. Qədim tarixi və dini mənbələri araşdırdıqda, bunun əsas səbəbi, zamanının yəhudi tayfasına xas olan bir sıra mənfi xüsusiyyətlər olmuşdur. Allahın onlara verdiyi nemətlərə və ali şəxsiyyətlərə naşükürlük etmiş, peyğəmbərlərin söylədiklərinə əhəmiyyət verməmiş, onları amansızlıqla qətlə yetirmiş, kiçik bir qüdrət əldə etdikləri zaman onlara yaxşılıq edən, bu qüdrəti bəxş edənlərə qarşı amansız davranmış, vəfasızlıq göstərmiş, gücsüz tayfaları əzib-keçməklə məşğul olmuş, özlərini daim başqa millətlərdən üstün bilmiş və yer üzündə fitnə-fəsad törədərək qan tökməklə məşğul olmuşlar. Bu səbəbə də daim güclü imperiyaları qıcıqlandırmış və əsarət altına alınmışlar. Çünki, onlara hökm edən qüvvələr, zamanındakı yəhudilərin qüdrət sahibi olduqda, yenidən baş qaldıra biləcəyindən ehtiyat etmişlə. Həmçinin, bəzən acımasız və zalım hökmdarlar da zəif yəhudi tayfalarını əzmiş, onlara zülm etmişlə. Yəhudi qövmünü yenidən islah etmək və zülmdən qurtarmaq məqsədilə Allah-Taala Həzrət Musanı (ə) onlara göndərdi. Amma yəhudilər yenə də öz vəfasızlıqlarından və mənfi xüsusiyyətlərindən əl çəkmədilər. Buna baxmayaraq, Allahın əmri ilə Həzrət Musa (ə) İsrail övladlarını Misirdə Fironun əlindən xilas etdikdən sonra, onları vədə verilmiş müqəddəs torpaqlara tərəf hərəkət etdirdi. Həzrət Musa (ə) dünyadan getdikdən sonra, Həzrət Yuşə (ə) bu işi öz öhdəsinə götürdü. O Həzrət, tezliklə İsrail qövmünü vədə verilmiş torpaqlara çatdırdı. Ardınca, Həzrət Səmuil (ə) Allahın icazəsi ilə yəhudi camaatına padşah olaraq “Şaul”u (Qurani-Kərimində “Talut”u) təyin etdi. Bu hadisə, milad tarixindən 1030 il öncə baş vermişdir. Həzrət Davud (ə) isə çox keçmədən (1015 il miladdan öncə) “Şaul”un canişini oldu. O həzrət, öz padşahlıq dövründə Yerusəlimi fəth etdi. Bu şəhəri Davud şəhəri adlandırdı.
Həzrət Davud (ə) dünyasını dəyişdikdən sonra Həzrət Süleyman (ə) onun davamçısı oldu. O Həzrət, Yerusəlimdə "Süleymanın heykəli" (ibri dilində tərcuməsi uca bina) adında məşhur bir ibadətgah düzəltdirdi. Bu dövrlər, yəhudiliyin çiçəklənmə dövrləri idi.
Lakin sonradan yəhudilər öz mənfur əməllərinə davam edərək, müqəddəs ibadətgahın dəfələrlə viran edilməsinə və yenidən əsirlik, köləlik həyatı yaşamalarına səbəb oldular. Birinci dəfə miladdan qabaq 587-ci ildə Babil padşahı Buxtun-Nəsrin əmri ilə xarab edilidi. Bu zaman Buxtun-Nəsrin əmri ilə, bir çox yəhudilər öldürüldü və qalanları isə əsir götürüldü. İkinci dəfə isə, milad tarixi ilə 70-ci ildə, Roma şahzadəsi Titusun əmri ilə bu ibadətgah məhv oldu. İbadətgahın viran olunması onlar üçün ağır bir vəziyyət idi. Yəhudilər bu hadisədən sonra müxtəlif ölkə və şəhərlərə dağılaraq zorluq və çətinlik içində yaşadılar. Onları həyata bağlayan məhz elə "xilaskarın gəlişi" və "Məhdi" intizarı olmuşdur. Zaman ötdükcə İsrail övladlarının ümidləri daha çox artır və Məsihin (ə) intizarı onların ayaqda qalıb yaşamasını təmin edirdi. Onlar bu ümidlə yaşayırdılar ki, Allah-Taala tərəfindən onlar üçün bir xilaskar gələcək və onları Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) zamanına qaytaracaq. Çünki müqəddəs Tövratda onlara belə bir xilaskarın gəlmə vədəsi verilmişdir. Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) zamanında İsrail övladları üçün mükəmməl hakimiyyət bərpa olunmuşdu. Onların rifahları ali dərəcədə idi. Allah-Taala öz nemətlərini onların ixtiyarında qoymuşdu. Həzrət Davud (ə) və Həzrət Süleyman (ə) elə bir padşah idilər ki, insanlar, cinlər, quşlar, heyvanlar və hətta küləyin də ixtiyarı onların əlində idi. Allah-Taala başqa qövmə nisbətən İsrail övladlarına daha çox nemət və peyğəmbərlər göndərmişdi. Hətta Tövratda onların haqqında “seçilmiş qövm” deyildiyinə rast gəlmək olar. Əlbəttə, seçilmiş tayfa dedikdə, məqsəd tayfa üstünlüyü deyil, onlara verilən nemətlərin çoxluğu və göndərilən peyğəmbərlər olmuşdur. Qeyd olunduğu kimi bu nemətlərə naşükürlük edərək, Allah-Taalanın bəlası ilə üzləşdilər.
Məhdi və xilaskar intizarında qalan yəhudilər, 2000 ilə yaxın nizamlı bir dövlət qurmaqdan boyun qaçırdılar. Onların inancına əsasən gözlənilən Məhdi gəlib belə bir dövləti qurmalı idi. Gözlənilən şəxs Maşiyəh (mənası "müqəddəs yağla yağlanmış") adlanırdı. Xristianlıqda Məsih (Christ) kəlməsi Həzrət İsaya (ə) sonradan verilmiş bir addır. Onların nəzərincə gözlənilən Məhdi və xilaskar Həzrət İsa (ə) deyil. Ona görə də Məsih kəlməsini gözlənilən şəxsə aid etmirlər.
Həzrət İsa (ə) peyğəmbərliyə seçilən vaxt, bəzi yəhudilər ilk öncə elə güman etdilər ki, gözlənilən xilaskar elə həmin Məsihdir. Ancaq o Həzrət elə bir zamanda peyğəmbərliyə seçildi ki, Həzrət Davud (ə), Həzrət Süleyman (ə) və Həzrət Musa (ə) kimi hökumət qurmaq mümkün deyildi. Bir tərəfdən Roma imperatorluğunun qüdrəti və digər tərəfdən isə yəhudilərin inancları ilə Həzrət İsanın (ə) təbliğinin uyğunlaşmaması, belə hakimiyyətin qurulmasına zəmin yaratmırdı. Çünki, Həzrət İsa (ə) bunun üçün deyil, Tövratın Buxtun-Nəsrin dövründə tamamilə məhv edildiyindən sonra, Həzrət Musanın (ə) dininə artırılmış xurafatları islah etmək üçün gəlmişdi. Yəhudi alimləri Tövratı öz mənfəətlərinə görə təbliğ edir və istədikləri kimi onu təfsir edirdilər. Həsrət İsa (ə) bunun müqabilində, onları düz yola və həqiqətə dəvət edirdi. Bu isə onların mənfəətlərinə xilaf olduğuna görə, ona qarşı bədbin oldular. Yəhudilər onun gözlənilən Məhdi olmadığına hökm verib, onun peyğəmbərliyini belə təkzib etdilər. O Həzrətin bir yalançı olduğunu təbliğ edib, onu Roma imperatorunun əli ilə edam etdirmək istədilər...
Qədim Əhddə, xüsusilə Tövratda gözlənilən qurtarıcının bəzi xüsusiyyətləri qeyd olunmuşdur. Bu əlamətlərə görə də, Həzrət İsanın (ə) "gözlənilən xilaskar" olmadığı yəhudi alimlərinin diqqət mərkəzində olmuşdur. Yəhudilər daim bu xilaskarı və məhdini gözləyir, onun gəlişinə dua edirlər. Ümumiyyətlə, Qədim Əhddə nicat verən məhdini gözləmək olduqca dəyərli əməl sayılır. Bu barədə qeyd olunan bəzi müjdələrə diqqət edək:
1- "(Məhdinin) intizarında olan şəxslərin xoş halına!"1
2- "Qurtuluş zamanını gözləyirəm..."2
3- "(Məhdinin) gəlişi geciksə də, onu gözlə. Onun gəlişi dəqiqdir."3 
Qədim Əhddə son xilaskarın (Məhdinin) haqqında belə yazılır:
1- “Bir budaq (şəxs) Yəssanın nəslindən göyərəcək və Allah-Taalanın ruhu (nəzəri) onun üzərində qərar tapacaq. Məzlum və miskinlərlə öz ədaləti ilə davranacaq. Zalımları öz ağız nəfəsi ilə öldürəcək. Dünyada ədaləti bərpa edəcək. Elə bir ədalət ki, vəhşi heyvanlar biri digərini didib parçalamayacaq. Dünya İlahi mərifət ilə dolacaq.”4
2- "O, bütün tayfalara insafla hakimlik edəcək. Yer-göy şadlıq edəcək. Bütün məmləkətlər və ümmətlər ona tabe olacaq. Səhralar yaşıllaşacaq. Zülmün kökünü kəsəcək. Şəhərlər yerin bitkiləri kimi yamyaşıl olacaq..."5
Beləliklə, yəhudilər gələcək xilaskarı böyük bir ümidlə gözləyirdilər. Lakin, zaman keçdikcə, onlar qeyd olunan ədalətdən əlavə, bir çox milliyyətçi və həris şüarları da yaymağa başladılar. Elə bir xəyallar edirlər ki, hətta Həzrət Davud (ə) və Həzrət Süleymanın (ə) dövründə malik olmadıqlarını əldə edəcəklər. Məsihanın (Məhdinin) zamanında təbiətin bərəkəti yəhudilər üçün daha da artacaq, bulud, külək, ay, günəş və dünya ancaq yəhudilərin mənfəətinə görə tənzimlənəcək, torpaq bişmiş çörəkləri və hazır tikilmiş geyimləri üzə çıxardacaq. Yəhudi qövmünün inanclarına görə, onlar yenə də həmin xilaskarın intizarındadırlar. Tarix boyu hər kəs, Məsih və ya xilaskar olmasını iddia etmiş olduqda, bəzi yəhudilər onun həqiqi xilaskar olduğuna inanırdılar. Yəhudilərdən Məsihlik iddiası edən Şibtay Sibbini (Türkiyədə qurulmuş Dönmə məzhəbinin banisidir) buna misal gətirmək olar. O, yəhudilərin ürfanını və inanclarını araşdırdıqdan sonra iddia etdi ki, gözlənilən Məsih elə özüdür. Onun iddiasına görə O, 1966-cı ildə qiyam edəcək. Çox keçmədən onu Osmanlı padşahı İstanbulda həbs etdi və onun müsəlman olmasını tələb etdi. Bununla da yəhudilər yenə də xilaskarın ümidilə yaşayırlar. Onların fikrincə həmin xilaskar hələ dünyaya gəlməyib. O şəxs dünyaya gəlincə onların xəyallarını həqiqətə çevirəcək.

Mahir Məmmədov
Ardı var...


1. Daniel, fəsil 12, c. 1-5; 10-13
2. Əşiya, fəsil 11, c. 59
3. Səfniya, fəsl 3. Səh. 6-7
4. Əşiya, fəsil 11, c. 1-10
5. Məzmur, fəsil 1, c. 20-72; fəsil. 37. c. 9-18

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!