ƏHLİ-HƏDİS MƏZHƏBİ - 2

:

ƏHLİ-HƏDİS MƏZHƏBİNİN ETİQADİ ÜSULLARI
Keçən dərsdə əhli-hədis firqəsi, eləcə də onların mühüm əqidə mənbələri ilə qısa şəkildə tanış olduq. Bu və gələn dərsdə onlarla digər firqələr arasında müşahidə olunmayan xüsusi prinsiplər araşdırılacaq.

Əhli-hədisin qeyd olunan əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:
1. Qəzavü-qədər;
2. Xəbəri sifətlər;
3. Səhabələrin ədaləti;
4. Xəlifələrin xilafətinə iman;
5. Hakimə itaət.

1. ƏHLİ-HƏDİS NÖQTEYİ-NƏZƏRİNDƏN QƏZAVÜ-QƏDƏR MƏSƏLƏSİ
Qəzavü-qədər məsələsi kəlam alimləri arasında həmişə münaqişə və mübahisəyə səbəb olan mühüm və həssas bəhslərdəndir ki, bu barədə müxtəlif nəzərlər irəli sürülmüşdür.
İlahi qəzavü-qədər məsələsi əhli-hədis tərəfindən (sonralar da əşərilər tərəfindən) mütləq məcburiyyət şəklində bəyan və tərif edilmişdir. Əhməd ibn Hənbəl “Əs-sünnə” kitabında belə deyir:
Qədər barəsində – onun xeyir və şər olması, az və çoxluğu, aşkar və gizli olması, şirin və acılığı, sevilməsi və xoşagəlməz olması, yaxşısı və pisi, əvvəli və axırı – olan mülahizələrin hamısı Allah tərəfindəndir. Öz qəzasını bəndələrinə hökm edən məhz Allah-taaladır və onlar ilahi təqdirdən kənara çıxa bilməzlər. Bu da Allahın ədalətidir. Zina və oğurluq, şərabxorluq, başqalarını (nahaq yerə) öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq, bütün günahlar ilahi qəzavü-qədər əsasındadır. Bu barədə bəndələrin Allaha qarşı heç bir dəlil-bəhanəsi də yoxdur, bəndələrinə yetərli dəlili olan məhz Allahdır. “Allah gördüyü işlər barədə sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər. (“Ənbiya” surəsi, ayə: 23)
Allahın elmi Onun istək və iradəsi əsasında olub, Öz bəndələrinə hakimdir. Allah-taala İblisin günahına və həmçinin onun zamanından qiyamətədək yaşayacaq hər bir şəxsin etdiyi günaha agahdır və onları bu iş üçün yaratmışdır. Həmçinin itaət əhlinin itaətinə də agahdır və bunları da itaət üçün xəlq etmişdir. Deməli, hər bir varlıq (əvvəldə) nə üçün xəlq edilmişsə, məhz həmin əsasda da yaşayıb, Allahın onlar üçün iradə etdiyi yolla hərəkət edəcəklər və heç bir kəs ilahi təqdiri dəf edə bilməz.
Hər kəs Allahın günahkar bəndələr üçün xeyir arzuladığını, lakin onların özlərini pisliyə və günaha batıraraq nəfsani istəklərinə əməl etdiyini güman etsə, bəndələrin iradəsinin Allah-taalanın iradəsinə qalib gəldiyini təsəvvür edirlər. Allaha qarşı bundan da böyük iftira ola bilərmi?!
Hər kəs zinanın ilahi təqdir əsasında olmadığını güman etsə, ona demək lazımdır ki: “Görmürsən ki, bu qadın zinadan hamilə olub, uşaq doğmuşdur? Məgər bu uşağın doğulması Allahın istəyi ilə olmayıb və görəsən o, Allahın elmindən kənarda baş verib?” Əgər cavab mənfidirsə, onda həmin şəxs Allahdan başqa bir yaradanın olmasını güman etmiş olar ki, bu da öz növbəsində aşkar şirkdir.
Oğurluq, şərab içmək, haram mal yemək və bu kimi digər işlərin ilahi qəza əsasında olmadığını güman edən şəxslər, başqasının ruzisini yeməyə qadir olduğunu güman etmiş olur və bu da məcusların əqidəsidir. Əksinə ona ruzi verən məhz Allahdır və ilahi qəza belə olmuşdur ki, bu şəxs ruzisini həmin yolla əldə etsin.
Hər kəs başqasını nahaq yerə öldürməyin ilahi təqdir əsasında olmadığını güman etsə, öldürülən şəxsin öz əcəli ilə ölmədiyini güman etmiş olur. Bundan da aşkar bir küfr ola bilərmi? Əlbəttə bu, ilahi qəzavü-qədər əsasındadır, bütün işlər Allahın təqdiri və iradəsi ilədir, Allahın elmi bunların hər birinin arxasındadır. Bu da ədalət və haqdır, çünki O, iradə etdiyi hər bir şeyə qadirdir. Hər kəs Allahın elmini qəbul etsə, Onun iradə və qüdrətini də hökmən iqrar etməlidir.”
Əbülhəsən Əşəri də İbanə kitabının 15-19-cu bəndlərində belə deyir:
15. Biz inanırıq ki, yer üzündə olan hər bir xeyir və şəri Allah istəmişdir, hər bir şey Onun iradəsi ilədir, Allah iradə etməzdən öncə heç bir şəxsin heç bir işə qüdrəti yoxdur.
16. Biz Allahdan ehtiyacsız deyilik və Onun elmindən xaric ola bilmərik.
17. Biz inanırıq ki, Allahdan başqa heç bir yaradan yoxdur, bəndələrin əməlləri də Allahın məxluqudur və Onun təqdiri əsasındadır. Belə ki, Allah-taala buyurur: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (“Saffat” surəsi, ayə: 96) Allahın bəndələrindən heç biri heç vaxt bir şey xəlq etməyə qadir deyildir və onun özü də Allahın məxluqudur. Həmçinin buyurur: “Müşriklərin Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə onlar özləri (daşdan, ağacdan və s.-dən) yaradılmışlar.” (“Nəhl” surəsi, ayə: 20) Başqa yerdə buyurur: “Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?!” (“Nəhl” surəsi, ayə: 17) Həmçinin digər bir yerdə buyurur: “Yoxsa onlar heç bir şeydən yarandılar?!” (“Tur” surəsi, ayə: 35) Bu məna Allahın kitabında daha çox nəzərə çarpır.
18. Allah-taala möminlərə, Ona itaət etməkdə müvəffəqiyyət vermiş, onlara lütf və mərhəmət əta etmiş, onları islah və hidayət etmişdir. Kafirləri yoldan azdırmış, onlara hidayət olunmaq və iman gətirmək neməti qismət etməmişdir. (Halbuki bəziləri azğınlıq üzündən bunun əksini güman etmişlər.) Əgər onlara lütf və mərhəmət etsəydi, onlar da saleh insanlar olardılar, əgər hidayət etsəydi, düz yolda olardılar. Necə ki, buyurur: “Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər isə ziyana uğrayanlardır!” (“Əraf” surəsi, ayə: 178)
Allah kafirləri islah etməyə, mömin olsunlar deyə, onlara mərhəmət etməyə qadirdir, lakin Öz elmi əsasında bunların kafir olmasını iradə etmişdir. Buna görə də, onları xar edərək qəlblərinə möhür vurmuşdur.
19. Xeyir və şər ilahi qəzavü-qədərdir, biz də qəzavü-qədərə iman gətirmişik, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu da bilirik ki, bizə çatmayan şeylər müqəddər olunmamışdır. Bizə çatan şeylərin də bizdən dəf olunması qeyri-mümkündür. Bəndələr Allah istəməyincə, özləri üçün heç bir fayda və ziyana malik deyillər. Necə ki, buyurur: “De ki, Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm.” (“Əraf” surəsi, ayə: 188) Biz bütün işlərdə Allaha pənah aparırıq. Hər bir halda öz ehtiyac və fəqirliyimizi Ona təqdim edirik.
Tənqid və araşdirmalar:

Əhməd ibn Hənbəl və Əbülhəsən Əşərinin nəzərindən belə nəticə alınır ki:
1. Əhli-hədis qəzavü-qədər barəsində istinad etdikləri ayələrin zahiri mənaları ilə kifayətlənmiş, onların təvil, yozum və təfsirindən imtina etmişlər.
2. İlahi qəzavü-qədərə etiqad bəsləməyi cəbrə etiqad bəsləməklə bərabər bilmiş, qəzavü-qədər barəsində hər növ başqa təfsir və tərifi inkar etmişdir.
3. İlahi qəzavü-qədərə etiqadı özlərinin şəxsi fikirləri və tərifləri əsasında götürərək, bunu tövhid etiqadının nəticəsi, onu inkar etməyi isə küfr hesab etmişlər.
4. İnsan üçün ixtiyari işləri qəbul etməyi Allahın iradəsinə dəxalət, xilqət və yaranışda şəriklik kimi cilvələndirmişlər.
5. Allahın elmini ilahi qəzavü-qədərin mənşəyi hesab etmişlər. Buna görə də, insanın ixtiyari fellərinin mümkünlüyünü Allahın elmi ilə təzadlı hesab edib, onu rədd etmişlər.

Əhli-hədisin nəzərlərinə tutulan irad və tənqidlər aşağıdakılardır:
1. Əgər ayə və rəvayətlərin zahiri mənasına əməl olunmalıdırsa, onda gərək insanın xeyir və şər əməllərini onların özlərinə nisbət verən ayələrə də iman gətirmək lazımdır. Belə ki, Allah-taala buyurur: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor.” (“İnsan” surəsi, ayə: 3) Başqa bir ayədə buyurur: “(Ya Mühəmməd!) De ki, ey insanlar! Artıq Rəbbininzdən sizə haqq (Quran və peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə günah qazanar. Mən sizə zamin deyiləm!” (“Yunus” surəsi, ayə: 108) Digər bir ayədə buyurur: “Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! (“Casiyə” surəsi, ayə: 15) Yaxud belə buyurur:”Rəbbinizdən sizə aşkar dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm.” (“Ənam” surəsi, ayə: 104) Həmçinin buyurur: ”Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!” (“İsra” surəsi, ayə: 7)
2. Əgər möminlərin imanı, kafirlərin küfrü ilahi qəzavü-qədər əsasında olsaydı, peyğəmbərlərin göndərilməsi və səmavi kitabların nazil edilməsi əbəs və yersiz bir iş olardı. Halbuki Quran bunların camaatın hidayəti, təlimi və ruhlarının paklanması üçün göndərildiyini aşkar şəkildə qeyd edir.
3. Əgər zina, oğurluq, haram yemək və bir sözlə, bütün yaramaz işlərə mürtəkib olmaq ilahi qəzavü-qədər əsasındadırsa, onda çirkin işlərin Allaha nisbət verilməsi mütəal Allahın zatına yaxılan iftira olacaqdır. Halbuki Allah-taala özü pis işlərə əmr etməyi qadağan edərək buyurur: “De ki, Allah ədəbsizliyə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi danışırsınız! (“Əraf” surəsi, ayə: 28)
4. İlahi elm qəzavü-qədərin mənşəyidir. Amma insanın ixtiyarı ilahi elmlə zidd deyildir. Çünki insanın ixtiyarı da ilahi təqdir və istək əsasındadır və ilahi elm bir şeyə aid olanda, onun müqəddimə və şərtlərinə də aid olur. Buna əsasən, ilahi elmin insanın ixtiyari fellərinə aid olması onun ixtiyari sifəti ilə yanaşı olur. “Allah filan xeyir işin, ya şər işin filankəs tərəfindən baş verəcəyini bilir” deməyimizin mənası budur ki, Allah o şəxsin həmin işi öz istək və iradəsi ilə yerinə yetirəcəyini bilir.
5. Əgər Allah-taalanın Öz iradə və istəyi ilə insana ixtiyar verməsinə inansaq, onda insanın ixtiyari işlərinə etiqad bəsləmək nə tövhidlə, nə də ilahi iradə ilə zidd olmaz.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev
Ardı var ...

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!