ZƏHRDÜŞTÜN PEYĞƏMBƏRLİYƏ SEÇİLMƏSİ

:

Zərdüştilik mənbələrində qeyd olunur ki, o, cavanlığının ilk çağlarından çox istedadlı, dərin ağıllı və dərrakəli bir şəxs olmuş, öz həmyaşıdlarından çox fərqlənmişdir.

Belə ki, o, ilk baxışda hamının diqqətini özünə cəlb edirmiş; mehriban və incə xüsusiyyətlərə malik olmuş, 15 yaşında din təlimlərini öyrənməyə başlamış və öz müəlliminin əlindən kəştini (Zərdüştlərin müqəddəs kəməri) almışdır; o zamandan etibarən “mubəd” ünvanı ilə öz dini-mənəvi həyatını davam etdirmişdir. Zərdüşt ilk əvvəllərdən öz zamanında geniş yayılmış bəzi əqidələrə qarşı müxalifətçilik edərmiş. O cümlədən qeyd olunur ki, o, bir gün bir dəstə alimin yanına gəlib soruşdu: “İnsanın ruhi sakitliyinə və aramlığına səbəb olan ən yaxşı əməl nədir?” Cavabında dedilər: “Acları doyurmaq, heyvanlara yem vermək, od yandırmaq, su və huma şirəsi səpmək, divlərə pərəstiş etmək. Zərdüşt bu cavab barəsində bir qədər düşündükdən sonra deyir: “Əvvəldəki dörd iş layiqli əməllərdir; ədalətli insanlara yaraşan və bəyənilən məsələlərdir, qəbul oluna bilər. Amma divlərə pərəstiş etmək çox çətindir. Behişt insanları ondan bizardır.

Zərdüşt cavanlıq illərində öz ata-ana yurdunu tərk edərək dağlara sığındı. Yeddi il müddətində mağarada sakit mühitdə tənha yaşadı. Otuz yaşında müşahidə etdiyi qeyri-adi işlərdən başa düşdü ki, pak olmaq və peyğəmbərlik məqamına yüksəlmək üçün Ahura Məzdanın hüzuruna çağırılmışdır. Bundan sonra səkkiz il müddətində kəşf və şühud aləmində müqərrəb mələklərlə (Əmşasepəndan) söhbətlər etdi, hər birindən bir həqiqəti öyrəndi və öz qəlbini saflaşdırıb nurani etdi. Bu müddətdən sonra daha on il Ahura Məzdaya pərəstiş etməyə məşğul oldu və sonra öz dini təbliğatına və dəvətə başladı. Uzun illər keçdi, lakin heç kəs ona iman gətirmədi. Deyirlər ki, o, bu müddət ərzində vəzifənin çətinliyinə və camaatın etdiyi əzab-əziyyətlərə görə bir neçə dəfə şeytani vəsvəsələrə düçar oldu və hətta Məzdaya ibadətdən əl çəkmək fikrinə düşdü. Amma yenə də öz əqidəsində möhkəm qaldı və cavabında dedi: “Xeyir! Mən yaxşı və düzgün dindən əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm.”

On il səy və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət sahibi idi və Zərdüşt onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini Viştasibə təbliğ etməyə başladı. Firdosinin «Şahnamə» əsərində Qoştasib adı ilə qeyd olunan Viştasib pak qəlbli mömin və gözəl fitrətli bir insan idi; nəhayət Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman gətirməsinin ardınca sair saray əyan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din kütləvi şəkildə genişlənib yayılmağa başladı.

Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox təsirli olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində Zərdüşt, padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında bu haqda danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri Zərdüştü bir atəşgahda - atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların əli ilə öldürüldü.

Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər vermək olmur. Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (İslamdan başqa) dinlər kimi şirk və təhriflərə məruz qalmışdır.

Kitabın adı: Dinlərlə tanışlıq

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!