XƏVARİC FİRQƏSİ - 2

:

HƏRURADA YIĞINCAQ
Xəvaric Siffeyn müharibəsindən qayıdarkən imam Əmirəlmöminin Əli (ə) ilə birlikdə Kufəyə qayıtmadı. Onlar Kufənin Hərura adlı bir kəndində məskən saldılar və orada öz qruplarını təşkilat halına salaraq qərara aldılar ki, qərar çıxaran bir şura seçsinlər.

Şibs ibn Rəbini müharibə komandanı və Əbdüllah ibn Kəvvanı imam-camaat təyin etdilər, “əmr be məruf və nəhy əz münkər”i (yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək) özlərinə şüar seçdilər.
Xəvaricin Hərurada toplaşdıqdan sonra imam Əmirəlmöminin Əli (ə) Əbdüllah ibn Abbası onlarla münazirə (elmi mübahisə) aparmaq üçün seçib oraya göndərdi. İbn Abbas onların yanına gedən zaman xəvaricdən bir qrupu onu görərək fəryad etdilər: Vay olsun sənə, ey İbn Abbas! Allaha kafir olmusanmı, necə ki, dostun Əli ibn Əbi Talib oldu?
İbn Abbas dedi: Mən sizin hamınızla söhbət edə bilmərəm. Öz aranızdan başqalarından daha agah olanını seçin ki, mən onunla danışım.
İtab ibn Əhvər Sələbi irəli çıxıb, İbn Abbasın qarşısında dayandı. İbn Abbas ona dedi: Sənin üçün bir misal çəkmək istəyirəm (yəni bir mətləbi demək istəyirəm). Yaxşı-yaxşı qulaq as, sonra cavab ver. Mənə de görüm “Darul-İslam” kimin üçündür və onu kim buyurmuşdur?
İtab dedi: Bəli. Allah üçün. Onu Allahın Peyğəmbəri və müti bəndələrinin əli ilə tikmiş və Özünün seçdiyi peyğəmbərlərə əmr etmişdir ki, millətlərə Allaha xalis ibadət etməyi əmr etsinlər. Bir qrup iman gətirib, digər bir qurup isə kafir oldular. Darul-İslamda məbus olan son peyğəmbər həzrət Mühəmməd (s) oldu.
İbn Abbas dedi: Bəli, düz dedin. De görüm, Mühəmməd (s) Darul-İslamı idarə etməyə məbus olanda onun imarətlərini möhkəmləndirdi, onun hüdudlarını bəyan etdi və ümməti dinin maarifinə və şəriət hökmlərinə əməl etmək yoluna vaqif etdi, yoxsa yox?
İtab dedi: Bəli. Mühəmməd elə etdi.
İbn Abbas dedi: De görüm, Mühəmməd (s) Darul-İslamda əbədi qaldı, yoxsa dünyadan köçdü?
İtab dedi: Dünyadan köçdü.
İbn Abbas dedi: Peyğəmbər (s) vəfat edərkən Darul-İslam kamil binaya, açıq-aşkar vücuda malik olan halda xarab və viran oldumu?
İtab dedi: Peyğəmbərin (s) vəfatı zamanı bu bina kamil, onun hüdudları da müəyyən və aşkar idi.
İbn Abbas dedi: Düzdür, lakin de görək, Mühəmməd (s) özündən sonra bu evin abadlaşdırılması üçün bir kəsi seçdimi?
İtab dedi: Bəli. Səhabə, Əhli-beyt, vəsi və onun zürriyyəsi (sülaləsi) Peyğəmbərdən (s) sonra bu evi abad edənlərdən idi.
İbn Abbas soruşdu: Onlar öz vəzifələrinə əməl etdilər, ya etmədilər?
İtab dedi: Çalışdılar ki, bu evi abad etsinlər.
İbn Abbas soruşdu: De görüm, bu ev (Darul-İslam) Peyğəmbərin (s) qoyduğu kimi tam abadlıqdadır, yoxsa xarab olmuş və hüdudları tətil olmuşdur?
İtab dedi: Xeyr. Hal-hazırda viran olmuşdur və onun hüdudlarına riayət edilmir.
İbn Abbas soruşdu: Onu Peyğəmbərin (s) zürriyyəsi xarab etdi, yoxsa ümməti?
İtab dedi: Ümməti.
İbn Abbas dedi: Ey İtab! De görüm, sən Allahın və Rəsulunun evini viran edən, onun hüdudlarını tətil edən bir ümmətdən olduğun halda, cəhənnəm odundan qurtarmağa necə ümid bəsləyirsən?
İtab dedi: “İnna lillahi və inna iləyhi raciun.” Vay olsun sənin halına, ey İbn Abbas! Mənə kələk gəldin və məni ağır bir işə saldın. Məndən etiraf aldın ki, Allahın evini xarab edən şəxslərdənəm. İndi de görüm, bu həlakətdən xilas olmağın yolu nədir?
İbn Abbas cavab verdi: Sənə vacib olan ilk iş budur ki, bu evin dağıdılmasında kimin çalışdığını görüb, onunla düşmənçilik edəsən, kimin də onu abadlaşdırmaqda çalışdığını görüb onunla dostluq edəsən.
İtab dedi: Düzdür, Allaha and olsun, indiki zamanda bu evin abadlaşdırılmasını sənin əmin oğlu Əli ibn Əbi Talibdən də artıq istəyən bir şəxs tanımıram. Lakin o, Əbu Musa Əşərini onun haqqı olmayan bir şeydə həkəm qərar verdi.
İbn Abbas dedi: Vay olsun sənin halına! Biz həkəm və münsif qərar verməyi Qurandan götürmüşük. “Nisa” surəsinin 35 və “Maidə” surəsinin 95-ci ayələri bizim dediklərimizə aşkar sübutdur.
İbn Abbasın kəlamı bura çatanda xəvaric hər tərəfdən fəryad çəkərək dedilər ki, Əmr ibn As sənin nəzərində ədalətli sayılırmı?! Halbuki cahiliyyət dövründə cahiliyyət rəislərindən və İslam evinə bir yük olduğunu bilirsən. O, əbtər oğlu “əbtər”dir. Elə kəslərdəndir ki, Mühəmmədlə vuruşmuş və peyğəmbər ümməti arasında fitnə salmışdır.
İbn Abbas dedi: Ey camaat! Əmr As bizim tərəfimizdən həkəm deyildi. Onun barəsində bizi danlayırsınızmı?! Halbuki o, Müaviyənin həkəmi idi və Əli ibn Əbu Talib (ə) məni həkəm seçmək istəyəndə, siz imtina edib dediniz ki, biz Əbu Musa Əşəriyə razıyıq. Siz təqvalı olun, Əmirəlmöminin Əliyə (ə) itaət edin. Çünki onun öz haqqından əl çəkməsinə baxmayaraq, peymanın vaxtının keçməsini gözləyir ki, yenidən bu qövm ilə müharibə etsin. Əli Allahın ona verdiyi haqqdan əl çəkən adam deyildir.
Bu zaman xəvaric fəryad çəkib dedilər: Heyhat, İbn Abbas! Biz bu gündən sonra Əlinin vilayətinə qayıtmayacağıq! Get ona de ki, özü bizim yanımıza gəlsin və onunla mübahisə edək.
İbn Abbas Kufəyə qayıdıb, bu xəbəri Əliyə (ə) dedi. Həzrət Əli (ə) səhabədən 100 nəfərlə birlikdə Həruraya getdi. Xəvaric bundan xəbər tutanda, Əbdüllah ibn Kəvvanı 100 nəfərlə Əliyə (ə) tərəf göndərdi. Bu iki dəstə bir-biri ilə qarşılaşanda, Əli (ə) Əbdüllaha xitabən buyurdu: Ey İbn Kəvva! Söz çoxdur, səhabələrindən bir dəstə ilə gəl səninlə danışım.
İbn Kəvva dedi: Sənin qılıncından amandayıqmı?
Həzrət buyurdu: Bəli, sən mənim qılıncımdan amandasan.
İbn Kəvva səhabəsindən on nəfərlə birlikdə Əlinin (ə) yanına gəldi. Bu zaman Əli (ə) özü ilə Müaviyə arasındakı müharibəni şərh etdi və Quranın nizələrin başına keçirildiyi hadisəni, həkəmiyyətə necə razılaşdıqlarını, xəvaricin bu hadisə ilə müxalifətini ona xatırlatdı.
İbn Kəvva özünün on nəfər yoldaşı ilə Əlinin (ə) tərəfinə keçdi və xəvaricin dəstəsindən çıxdı. Lakin qalanları öz etiqadlarında qalaraq “La hökmə illa lillah” şüarını verdilər.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!