XƏVARİC FİRQƏSİ - 1

:

Siffeyn müharibəsində Müaviyənin ordusu Əmr Asın məkrli hiylələri ilə Quranları nizələrin ucuna keçirib imam Əmirəlmöminin Əlinin (ə) ordusuna elan etdi ki, gəlin müharibə və qan axıtmaq yerinə Quranı öz aramızda hakim edək.

İmam Əlinin (ə) zahiri nəzərlərə əsir olan və Müaviyənin zahirdə qurduğu hiylələrə aldanan ordusundan bir qrupu imam Əli ibn Əbi Talibə (ə) xitabən dedilər: “Bunlar bizi Allahın kitabına dəvət edirlər, sən isə bizi qılınca çağırırsan?!”
İmam Əmirəlmöminin Əli (ə) onları Müaviyə və Əmr Asın hiyləli və məkrli planlarından agah etməyə çalışsa da, heç bir nəticə hasil olmadı. Onlar imam Əlidən (ə) son dərəcə həyasızlıqla tələb etdilər ki, Müaviyənin xeyməsinə çatmaqda olan Malik Əştərin qayıtmasına göstəriş versin, əks halda, üçüncü xəlifə Osman ibn Əffanla etdikləri rəftarı o həzrətlə də edəcəklər.
Əmirəlmöminin Əli (ə) öz batini istəyinin əksinə olaraq, Malikin qayıtmasına göstəriş verməyə məcbur oldu. Atəşkəs elan olundu və iki ordu arasında mühakimənin həkəmiyyətə tapşırılması qərara alındı. Müaviyə tərəfindən Əmr As nümayəndə seçildi. Əmirəlmöminin Əli (ə) Əbdüllah ibn Abbası öz tərəfindən nümayəndə seçmək istəyəndə, həmin qrup kəskin şəkildə müxalifət edərək dedilər ki, bu şəxs (yəni İbn Abbas) sənin ailəndəndir. Sonra həzrət Əlini (ə) məcbur etdilər ki, Əbu Musa Əşərini həkəm təyin etsin.
Həkəmiyyət qərara alındıqdan və iki nümayəndə elan edildikdən sonra həkəmiyyətin çıxardığı nəticə həmin qrup üçün çox ağır gəldi. Bu zaman Əlini (ə) tənqid edib dedilər ki, əgər o haqq xəlifədirsə, bəs, nə üçün həkəmiyyəti qəbul etdi?! Onlar bununla da kifayətlənməyərək iddia etdilər ki, “İnil-hokmu illa lillah” (hökm yalnız Allaha məxsusdur) – ayəsinin tələbinə görə, heç kəsin həkəmiyyət haqqı yoxdur.
Bu qrup elə həmin yerdə Əmirəlmöminin Əlinin (ə) ordusundan ayrıldı və İslam tarixində “xəvaric” adlı bir cərəyanı təşkil etdilər. Bu qurupa ona görə xəvaric deyirdilər ki, onlar Əmirəlmöminin Əlinin (ə) fərmanından imtina edərək, onun əleyhinə qiyam etdilər. İslam mədəniyyətində imamın əleyhinə qiyam edən hər şəxs xarici, yəni qiyamçı adlanır. “Xəvaric” də “xarici” sözünün cəm formasıdır. Əlbəttə, onları “şurat” kimi təqdim edirdilər. Bu sözün kökü “Bəqərə” surəsinin 207-ci ayəsində əxz edilib. Belə ki, “camaatdan bəziləri Allahın razlığını kəsb etmək yolunda öz canını satırlar.”
Xəvaric “mariqin” də adlandırılırdı. Mariq “xaric olmuş”, “kənara getmiş” mənasındadır. Bu təbir həm Peyğəmbərdən (s) nəql olunan rəvayətdə, həm də imam Əlinin (ə) kəlamında qeyd olunmuşdur.
Peyğəmbərdən (s) Zul-Xuveysirə barəsində belə nəql olunur:
“Bu kişinin nəslindən bir dəstə yaranacaq ki, ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar”. (“Əl-miləlu vən-nihəl”, Şəhristani, 1-ci cild, səh.115)

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!