SƏLMAN FARSİ KİMDİR?

:

Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” 1

Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Fəzilət və kamal çeşməsi olan Səlman hicri 35-ci ildə uzun bir ömür yaşadıqdan sonra (bəzi mənbələr Səlmanın 250, bəzi mənbələr isə 350 il yaşadığını bildirirlər) vəfat etdi.
SƏLMANIN ELMİ
Cəfəri Sadiq nəql edir ki, bir gün həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur:
- “Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?”
Səlman cavab verir ki, “ya Rəsuləllah, mən!”
Peyğəmbər (s) soruşur:
- “Sizlərdən hansınız bütün gecələri ardıcıl ibadətə məşğul olur?”
Yenə Səlman cavab verir ki, “mən!"
Həzrət (s) növbəti sualını verir:
“Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?”
Səlman cavab verir ki, “ya Rəsuləllah, mən!”
Səlmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir:
“Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Qur`anı oxuyub başa vursun?”
Peyğəmbər (s) buyurdu:
- “Sakit ol, sənin Loğman kimisi ilə nə işin! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.”
Səlman öz dediklərini belə izah etdi:
- “Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki, hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq. Demək, mənim orucum otuz gün olur. Şabanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli haqqında buyurmuşdur ki, sən “qul huvəllah”ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar.”2
SƏLMAN FARSİNİN ÖZÜ HAQQINDA DEDİKLƏRİ
Geniş bir hədisdə Salman öz həyatını, ömür tarixçəsini belə bəyan edir:
İsfahanın Cey kəndində bir kəndli ailəsində anadan oldum. Atəşpərəstlik (məcus) dinində xeyli zəhmət çəkdim. Daim atəş yandırar, onu qoruyub, sönməyə qoymazdım. Atamın bir bağı vardı. Bir gün məni həmin bağa göndərdi. Yolda bir məsihi kilsəsi gördüm. Onların ibadət və dua səsləri məni cəzb etdi. Daha artıq məlumat toplamaq üçün binaya daxil oldum. Onların dua mərasimini müşahidə edib öz-özümə dedim ki, bu din bizim dinimizdən yaxşıdır. Hava qaralanadək orada qaldım və atamın bağına getmədim. Nəhayət, ardımca adam gəldi. Qəlbimdə xoş hisslər yaratmış dinin mərkəzinin harada olduğunu soruşdum. Dedilər ki, Şamdadır. Atamın yanına qayıtdıqdan sonra öz müşahidələrim, qəlbimdə yaranan hisslər haqqında ona danışdım. Atamla söhbətimiz mübahisəyə çevrildi. Nəhayət, ayaqlarımı zəncirləyib həbs etdilər.
Məsihilərə xəbər göndərdim ki, mən onların dinini qəbul etmişəm. Onlardan xahiş etdim ki, Şamdan karvan gələndə mənə xəbər versinlər. Həmin karvanla Şama getmək qərarına gəlmişdim. Qərarımı həyata keçirdim. Atamın həbsindən qaçıb, Şama üz tutdum. Kilsələrin rəisi və böyük alim, “Usquf” adını daşıyan bir şəxsin yanına getdim. Başıma gələnləri ona danışdım. Usqufun yanında qalıb, ibadət və təhsillə məşğul oldum.
SALMAN BİZ ƏHLİ-BEYTDƏNDİR O BİZLƏRƏ MƏHRƏMDİR
Salmana kim əziyyət vermiş olsa Mənə əziyyət vermiş olar deyə Hz Muhəmməd Mustəfa tarix boyu bəlkəmdə heç bir səhabə haqqında belə söz deməmişdi. Salman Farsi Hz Rəsuləllaha sadiq səhabələrdən idi. Elə Peyğəmbərin (s) sözləri bunun təsdiqini tapır. İslam dünyasında məşhur Xəndək döyüşü İslam ordusunun düşmən tərəfindən nisbətən zəif olduğu bir dövrdə Salman Peyğəmbərə bu döyüşdə qalib olmağın yolunu Xəndək qazmasında görür. Çox keçmir ki, Salmanın bu uzaq görənliyi öz təsirini göstərir. İstisna deyil ki, indiki dövrdə səngərlərin qazılması bəlkə də, Salmanın xəndəyinin bir mirasıdır....
Bir qədər dünyagir Usquf dünyasını dəyişdikdən sonra axirətə rəğbətli bir xadim onun canişini oldu. Mən bu şəxsə daha çox bağlandım. Amma xoş münasibətlərimiz uzun sürmədi. Çünki o da tezliklə vəfat etdi. Ölümündən qabaq soruşdum ki, ondan sonra kimə müraciət edim, kimdən tövsiyə alım? O, məsləhət gördü ki, Mosulda yaşayan bir məsihiyə müraciət edim. Deyilən şəxsi tapsam da, o da bir müddət sonra dünyasını dəyişdi. Dini işlərimdə yardım almaq üçün növbəti abid sorağı ilə Nəsibinə, sonra isə Rum şəhəri Əmuriyyəyə yola düşdüm. Oradakı abidlərdən istifadə etməklə yanaşı, maddi ehtiyaclarımı ödəmək üçün bir neçə inək və qoyun aldım. Sonuncu abiddən soruşdum ki, özündən sonra kimə üz tutmağımı məsləhət görürsən.
Dedi:
- “Elə bir şəxs tanımıram, amma indi İbrahim dinində olan növbəti peyğəmbərin zühuru gözlənilir. Həmin peyğəmbər iki daş-kəsəklik arasında xurma bağları olan bir məntəqəyə hicrət edəsidir. Əgər imkan tapsan, özünü ona çatdır. O peyğəmbərin əlamətlərindən biri budur ki, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan”.
Bir gün ərəb diyarından gəlmiş karvana qoşulub yola düşdüm. Amma onlar məni yolda zorla bir yəhudiyə satdılar. Orada qaldığım müddətdə elə bilirdim ki, axtardığım yer elə oradır. Əslində isə, ora tamam başqa bir məntəqə idi. Bir müddət sonra başqa bir yəhudi məni əvvəlki sahibimdən alıb, özü ilə Mədinə şəhərinə apardı.
Mədinədə sahibimin xurma bağında işləyirdim. Bir müddət sonra Allah öz peyğəmbərini seçdi. Onun peyğəmbərliyə çatmasından bir qədər sonra Mədinəyə hicrət etdiyini eşitdim. Qubada Bəni-Əmr ibn Of tayfasının yanında qaldı. Sahibimin öz əmisi oğlu ilə söhbətlərindən anladım ki, axtardığım peyğəmbər elə odur. Gecə məxfi şəkildə evdən çıxıb, özümü Qubaya çatdırdım. Peyğəmbərin xidmətinə yetişdim. Hüzurunda bir neçə nəfər vardı. Dedim ki, siz bu yerdə qəribsiniz, mənimsə bir miqdar sədəqə azuqəm var, hansınıza verməyim daha yaxşıdır? Peyğəmbər səhabələrinə “Allahın adı ilə başlayın” buyurub, özü süfrəyə əl uzatmadı. Öz-özümə dedim ki, sədəqəyə toxunmaması onun peyğəmbərliyinin nişanəsidir.
Səhəri gün yenə bir qədər azuqə götürüb, onun xidmətinə getdim. Hədiyyə adı ilə bu yeməyi ona təqdim etdim. Səhabələrinə buyurdu ki, Allahın adı ilə başlayın, özü də yeməyə başladı. Öz-özümə dedim ki, hədiyyəni qəbul etməsi də onun peyğəmbərlik nişanəsidir. Onda üçüncü nişanəni axtarırdım. Bir neçə gün sonra onu səhabələri ilə birlikdə “Bəqi” qəbiristanında gördüm. Bir əbanı geyinmiş, o birini çiyninə salmışdı. Onun arxasında durdum ki, peyğəmbərlik möhrünü görüm. O, mənim məqsədimi anlayıb, çiynindən əbanı götürdü və mən həmin peyğəmbərlik nişanını gördüm. Peyğəmbərlik möhrü eynən deyildiyi şəkildə idi. Ayaqlarına düşüb öpdüm və ağladım. Həzrət məndən başıma gələnləri soruşdu, mən də olub-keçənləri nəql etdim. Sonra İslamı qəbul etdim. Amma qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim. Peyğəmbərin (s) məsləhəti ilə azad olmağım üçün sahibimlə müqavilə bağladım. Müsəlmanların köməyi ilə müəyyən olunmuş məbləği ödəyib azad oldum. Azad müsəlman kimi yaşayıb, Xəndək və sair döyüşlərdə iştirak etdim.3

Məqlənin hazırlanmasında vikipediyadan istifadə olunub.
Hazırladı: Rəsul Mahmudov


1. İbn Əbül Hədid. "Nəhcül-Bəlağə" nin şəhri, c.18, səh.36
2. "Biharul-ənvar", c. 22, с. 318.
3. “Biharul-ənvar”, c.22, səh.355-362.

Tags: SUALLARA CAVAB, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!