HƏCC HAQQINDA BİR NEÇƏ SUAL (III HİSSƏ)

:

Sual: Mən 72 yaşındayam və maddi cəhətdən müstəti sayılıram. Tiryək çəkməyə adət etdiyim üçün ölkə qanunlarına əsasən səhiyyə idarəsi həccə getməyimə mane olur. Həcc mövzusunda mənim şəri vəzifəm nədən ibarətdir?
Cavab: Əgər qabaqcadan müstəti olduğunuz halda getməmisinizsə, sizin boynunuzda həcc qalmaqdadır. Amma əgər qabaqcadan müstəti olmamısınızsa, tiryəki atmaqla səhiyyə idarəsindən Məkkəyə getmək üçün icazə almaq vəziyyətinə gələ bilməsəniz, müstəti sayılmırsınız.

Sual: Hal-hazırda həccə getmək istəyənlər qabaqcadan növbəyə durub adlarını yazdırmalı və həccin müqəddimələrini hazırlamalıdırlar. Əgər bir nəfər adını yazdırsa, amma onun adını bir neçə il sonra elan etsələr və bu səbəbdən dolayı, başqa bir vasitə ilə həccə getmək imkanı yaransa və bunun üçün borc alıb Məkkəyə getsə, onun həcci İslam həcci kimi qəbuldur, ya yox?
Cavab: Əgər həcc öncədən onun boynunda qalmamışdırsa və indi də borc almaqdan başqa həccə getmək üçün imkanı yoxdursa, ona həcc vacib deyildir və bu həcc İslam həcci sayılmaz.

Sual: Mən borcla və aylıq maaşımı vaxtından bir ay qabaq alıb həccə getdim. Borclu olduğum şəxsin mənim bu həcc səfərimdən tamamilə razı və həmin pula da ehtiyacı olmadığını nəzərə alsaq, mənim həccim vacib həccdən sayılırmı?
Cavab: Əgər siz maddi cəhətdən müstətiliyə (imkana) çatmışdınızsa və sonradan həmin borcu asanlıqla ödəyə biləcəkdinizsə, həcciniz vacib həcc hesab olunar. Amma əgər yalnız borcla maddi müstətiliyə çatmısınızsa, müstəti deyilsiniz və həcciniz İslam həccindən sayılmaz.

Sual: İnşaallah, mən (həcc təşkilatının püşk atmasına əsasən) aşağıdakı şərtlərlə gələn il həyat yoldaşımla birlikdə həccə gedəcəyəm:
1.Mənin və həyat yoldaşımın ziyarət xərcləri tamamilə xümsü verilmiş puldan təmin olunmuşdur. 2.Müəlliməm və öz güzəranımı daimi maaşımla adi halda və qənaətlə keçirirəm. 3.Evim və şəxsi maşınım yoxdur və hər hansı bir şəhərdə işlə təmin olunuram, kirayədə qalıram. 4.Yaşayış üçün gərəkli olan əşyalara adi şəkildə malikəm.
Yuxarıdakı şərtləri və həccin vacib olub-olmaması haqqında qarşıya çıxan şübhələri nəzərə almaqla, bilmək istəyirik ki, mənim və yoldaşımın həcci vacib həcc üçün kifayətdirmi?
Cavab: Həyat yoldaşınızın həccə gedib-gələ biləcək qədər pulu olsa, gedə bilər və müstətidir. Siz isə öz şəninizə uyğun şəkildə özünüzün və ailənizin yaşayışı üçün lazım olan əmlaka malik olduğunuz və həccdən qayıtdıqdan sonra qazancınız ilə özünüzün və ailənizin güzəranını təmin edə biləcəyiniz təqdirdə müstətisiniz.

Sual: Əgər bir şəxs miqatda (ehrama bağlanan yerlərə) müstəti (imkanlı) olub İslam həcci yerinə yetirərsə, caizdirmi? Bu surətdə ehtiyacsız qayıtmaq şərtdirmi?
Cavab: Əgər müstətidirsə, kifayətdir, amma ehtiyacsız qayıtmaq şərtdir.

Sual: Heç bir göstəriş vermədən bir orqan, ya bir təşkilat bir nəfəri həccə göndərsə, bu, bəzl (hədiyyə) edilən həccdən sayılırmı? Bu qaydada təklif olunan həcci qəbul etmək vacibdirmi?
Cavab: Şəri qanunlar çərçivəsində olarsa və hər hansı bir yöndə fəaliyyət göstərməsi üçün vəzifələnməzsə, bu, bəzl edilmiş həcc hökmündədir.

Sual: Bir nəfərin dörd oğlu vardır və oğlanlarının hamısını evləndirmişdir. Borcunun olmaması ilə yanaşı, özünün bir illik xərclərini də kənara qoymuşdur. Gəliri oğlanlarının gəliri ilə bir yerdədir. Hazırda onlarda iki nəfərin həccə gedəcəyi qədər pul vardır. Bu səbəbdən dolayı onlara həcc vacibdirmi? Əgər vacibdirsə, yalnız ataya vacibdir, yoxsa həm ataya, həm də oğula həccə getmək vacibdir? Əgər oğula da vacibdirsə, onların hansı bu iş üçün daha üstündür?
Cavab: Öz malı həccə getmək üçün kifayət edən şəxs Məkkəyə gedə bilərsə və həccdən qayıtdıqdan sonra öz şəninə uyğun tərzdə yaşayışını təmin edə bilərsə, müstətidir və həccə getməlidir.

Sual: Sərmayəsinin və ya iş dəzgahlarının bir miqdarını satmaqla asudə yaşayış imkanı əldə edə biləcək və onun yerdə qalanı ilə həccə gedə biləcək bir şəxs müstətidirmi?
Cavab: Başqa şərtlərin də mövcud olduğu təqdirdə müstətidir.

Sual: Borclu şəxsin müstəti olması üçün nə qədər pul lazımdır? Pulu olarsa, lakin ürək xəstəliyi səbəbilə həcc və ziyarət səhiyyə komissiyası tərəfindən (həccə getməyin təhlükəli olmasını nəzərə alaraq) bu iş üçün ona icazə verməsələr, həmin şəxs öz yerinə başqasını göndərməlidirmi?
Cavab: Əgər müstəti olmaqdan öncə xəstələnmiş və bu üzdən də Məkkəyə getmək qüdrəti olmamışdısa, müstəti sayılmır və naib tutmaq da lazım deyildir. Bundan əlavə, maddi cəhətdən müstəti olmaq üçün həccə gedib qayıtmağa lazım olan miqdarda pulu və borcunu asanlıqla ödəyə bilmək imkanının olması lazımdır.

Sual: Boynunda olan vacib həcci yerinə yetirmək üçün Azərbaycandan həccə gedən şəxs, Mədinədə xəstələnmiş, elə o halda da Məkkəyə tərəf hərəkət etmiş və həcc mərasimi başlamazdan qabaq Məkkə şəhərində vəfat etmişdir. Ölüm çağında onun bütün mülkiyyəti bir miqdar pul və Azərbaycanda olan bir qədər torpaq sahəsindən ibarət idi. Bu pulun onun yerinə naib tutularaq həccə göndərməyə çatmadığını nəzərə alaraq, onun varisləri torpaq ərazisini satıb naib tutmalıdırlarmı, yoxsa onun vəfatı ilə həcc boynundan götürülür?
Cavab: Əgər o, təməttö ümrəsinin ehramıyla Məkkəyə daxil olmuş və ümrə əməllərini yerinə yetirmədən, ya tamamlamadan, ya da tamamladıqdan sonra vəfat etmişdirsə, bu miqdar əməl onun üçün kifayətdir və həcc təklifi üzərindən götürülmüşdür. Amma əgər ehram bağlamadan öncə Məkkəyə daxil olmuş və orada vəfat etmişdirsə və qabaqcadan boynunda həcc qalmışdısa, irsinin əslindən onun əvəzinə həccə getmək üçün naib tutulmalıdır (Miqat həcci kifayətdir). Əgər qabaqcadan boynunda həcc qalmamışdısa, qeyd etdiyiniz surətdə müstəti sayılmır və naib tutmaq da lazım deyildir.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!