HƏCC HAQQINDA BİR NEÇƏ SUAL (I HİSSƏ)

:

Mal-dövlət, bədənin sağlam və qüdrətli, yolun açıq və vaxtın kifayət qədər olması baxımından müstəti olmaq.

Mal-dövlət baxımından müstəti olmaq, yol ehtiyatı və nəqliyyat vasitəsinin olmasından ibarətdir. Əgər bunların özü olmasa, onları əldə etmək üçün, xərcləyə biləcək pul və ya malın olması kifayət edər və həmçinin qayıtmaq xərclərini də, təmin etmək imkanına malik olmalıdır.
Həccin vacib olmasında, gedib-qayıtmaq xərclərindən əlavə, öz şəninə uyğun həddə ev və ev əşyaları, nəqliyyat vasitəsi və məişət üçün zəruri olan şeylərə malik olması şərtdir. Əgər onların özü də olmasa, onları əldə etmək üçün, lazımi miqdarda pulu, yaxud dəyərli bir əşyası olmalıdır.
Evlənməyə ehtiyacı olan və subaylıq ucbatından çətinliyə, yaxud xəstəliyə və ya harama düçar ola bilən və bu səbəbdən dolayı, pula ehtiyacı olan şəxs, həcc xərclərindən əlavə, evlənmək xərclərinə də malik olmalıdır.
Başqasına borc vermiş və müstəti olmağın başqa şərtlərinə malik olan şəxsin, borcunu almaq vaxtı çatmışdırsa, zəhmətsiz və əziyyətsiz onu geri alması mümkündürsə, onu alıb həccə getməyi vacibdir.
Əgər müstəti olmayan şəxs, həcc xərclərini başqasından borc götürərsə, müstəti olmaz və əgər onunla həccə getsə, İslam həcci üçün kifayət deyildir.
Həcc xərclərinə malik olan və eyni zamanda borcu olan şəxsin, əgər borcu müddətlidirsə və onu öz vaxtında ödəməyə imkanı olacağından arxayındırsa, həccə getməsi vacibdir. Həmçinin, borcun ödənilmə vaxtı çatarsa, borcu verən şəxs də, onun ödənilməsini təxirə salmağa razı olarsa və borclu onu tələb olunan zaman ödəyə biləcəyindən arxayındırsa, onun həccə getməsi vacibdir. Bu iki surətdən başqa hallarda, borclu şəxsə həcc vacib deyildir.
Əgər həcc xərclərinin çoxluğu, mükəlləfi müstəti olmaqdan çıxarmazsa, həccin vacibliyi onun boynundan götürülmür. Amma əgər bu səbəbdən dolayı xərclər yaşayış tərzini çətinləşdirərsə, həcc mükəlləfin boynundan götürülər.
Ehtiyac duyulmayan və artığını satdıqları təqdirdə, həcc xərclərini təmin edəcək miqdarda malları olan şəxslər və həmçinin başqa şərtlərə malik olsalar, həccə getmək onlara vacibdir.
Əgər malik olduğu malın  istitaət üçün kifayət edib-etməməsində şəkk etsə, zahiri nəzərə əsasən  araşdırması vacibdir. Bu səbəbdən dolayı öz malının miqdarını və ya həcc xərclərini bilib-bilməməsi arasında heç bir fərq yoxdur.
Həcc üçün müstəti olub-olmadığını bilməyən, lakin bilmək istəyən şəxsə zahiri nəzərə əsasən, öz mövcud maddi vəziyyətini nəzərdən keçirməsi vacibdir.
Hacılara xidmət etmək üçün, əcir olan şəxs (muzd və ya bir işin muqabilində görəvləndirilən şəxs) xidmət əsnasında, həcc əməllərini də, yerinə yetirə bilərsə və qayıtdıqdan sonra öz yaşayışını, maddi cəhətdən təmin edə biləcəksə, müstəti sayılır və həcc ona vacibdir, yerinə yetirdiyi həcc əməlləri İslam həcci üçün kifayətdir. Baxmayaraq ki, əcir olmaq ona vacib deyildir.
Həccdən qayıdana qədər ailəsinin xərclərini ödəməyə imkanın olması müstəti üçün şərtdir.
Həccdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyat tərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükan kimi mülkiyyət mənfəətinə malik olması müstəti olmaqda şərtdir. Əgər öz halına uyğun qazanc əldə etmək qüdrəti olarsa və qayıtdıqdan sonra, dolanışıq tələbatı aylıq maaşla təmin olunarsa, kifayətdir. Bu səbəbdən dolayı həccdən qayıdarkən, elm mərkəzlərində aylıq təqaüdlərinə ehtiyacları olan və həmin təqaüdün onların  yaşayış tələbatını ödəmək üçün  kifayət edən elm əhlinə (tələbələrə) həcc vacibdir.
Həccin vacib olması üçün bədən, yol və zaman cəhətdən istitaətin olması şərti. Bu səbəbdən dolayı yol getmək qüdrəti olmayan, yaxud çox əziyyət çəkən xəstə üçün həcc vacib deyildir.
Müstəti özü həccə getməlidir və başqasının onun tərəfindən həccə getməsi kifayət etməz. Amma həcci boynunda qalan və qocalıq, ya xəstəlik ucbatından həccə gedə bilməyən şəxsin əvəzinə, başqa birisi həccə gedə bilər. Əgər özü müstəti olan şəxs  başqasının əvəzinə həccə getsə, həcci batildir.
Əgər boynunda vacib həcc olan şəxs, onu yerinə yetirməyib dünyadan gedərsə, qoyub getdiyi maldan, onun üçün həcc əməlləri yerinə yetirilməlidir.
Allah-Təaladan arzu edirik, vacib buyurduğu İslam Həccini  bizlərə nəsib etsin.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!