UŞAĞI KOBUD RƏFTARA VADAR EDƏN NƏDİR?

:

Sual: Uşağı kobud rəftara vadar edən nədir?

Cavab: Özündə daxili nəzarət mexanizmi yarada bilməyən uşaqlar kobud rəftarlı olurlar. Yə`ni bu uşaqlar nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirə bilməmişlər. İnsanın rəftarını tənzimləyən vicdan müxtəlif səbəblərdən məhv ola bilər. Kobud rəftarlı uşaqlar ani ləzzətlərin ötəri olduğunu anlamırlar. Onlar cəmiyyətdən alacaqları böyük mükafatı qoyub, ani ləzzətə üstünlük verirlər. Valideynlər övladlarına anlatmalıdırlar ki, ilk baxışdan ləzzətsiz görünən bir iş çox faydalı ola bilər. Əgər uşaq ani ləzzətlər dalınca qaçırsa, demək, onun tərbiyəsində səhvə yol verilmişdir. Tərbiyənin başlıca müddəalarından biri “böyük məqsədə ani ləzzətlərdən keçməklə çatmaq olar” prinsipi üzərində qurulmalıdır. Övladınızı çətin bir işin öhdəsindən gəldikdə mükafatlandırsanız, o başa düşər ki, mükafat əldə etmək üçün hansısa şərtlərə əməl olunmalıdır.
Uşağın kobud rəftarlı olmasının başqa səbəbləri də var. Məsələn, valideyn və ya müəllim fərqinə varmadan uşağı şər adlandırarsa, bu ittiham uşağı şərə sövq edə bilər.
Uşağı yersiz tənbeh etməyin. Nahaq tənbeh insanın yaxşılığa marağını azaldır. Yersiz tənbeh olunan uşaq qərara gəlir ki, yaxşı və ya pis olmağın heç bir fərqi yoxdur. Bu düşüncə tərzi olduqca qorxuludur. Bu düşüncə tərzinə malik insanlar ətrafın yersiz ittihamlarına cavab olaraq ani ləzzət ardınca qaçır, heç bir qayda-qanun tanımır, bir sözlə, ləzzət üçün yaşayırlar.
Çox uşaqlar tanıyıram ki, ətrafın sevgisini qazanmaq istəsələr də, öz kobud rəftarlarından əl çəkə bilmirlər. Çünki bu uşaqların böyüyüb, boya-başa çatdıqları mühitdə cəmiyyətin tələbləri haqqında təsəvvür formalaşmayıb. Bu uşaqların əksəriyyəti yaxşı rəftarın ləzzətini duymayıblar. Onların tərbiyəsində “ insan və cəmiyyət” mövzusunda heç bir söhbətə yer verilməyib. Onların qulağı “sən şərsən”, “səndən bir şey çıxmayacaq”, “səninlə danışmaq faydasızdır” kimi ittihamlara vərdiş verib. Belə uşaqların valideynləri başı öz problemlərinə qarışmış insanlardır. Bu valideynlər yalnız uşaq xətaya yol verdikdə onu yada salırlar. İstisnasız olaraq bütün uşaqlar valideynin diqqətinə ehtiyac duyurlar. Yalnız pis iş gördükdə bu diqqəti qazana bilən uşaq məhz valideynin diqqətini cəlb etmək üçün pis işlərini davam etdirə bilər.

Kitabın adı: Kaş valideynlərim biləydi
Müəllif: Doktor li Salk

Tags: SUALLARA CAVAB, AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!