PEYĞƏMBƏRİN (S) KÖLGƏSİ OLMAYIBMI?

:

Sual: Həzrət Peyğəmbərin (s) kölgəsinin olmaması ilə bağlı deyirlər ki, o həzrətin möcüzələrindən biri də kölgəsinin olmaması idi. Bu məsələ həqiqətən də belə olubmu və bu haqda mötəbər, mütəvatir hədislər varmı? Əgər belədirsə bu kölgənin olmaması Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından öncə olub, yoxsa ondan sonra? Bu məsələ həzrətin digər insanlardan bioloji baxımdan fərqli olduğunun göstəricisidir, yoxsa yalnız ilahi bir möcüzə əsasında olub? Bu kölgənin olması yalnız peyğəmbərdə olub, yoxsa məsum İmamlarda (ə) da olub? Əgər Peyğəmbər biloji baxımdan digərlərindən fərqli olubsa bəs nə üçün Qurani Kərimdə birbaşa ayədə qeyd olunur ki, sizin üçün sizin özünüzdən (öz cinsinizdən) olan bir peyğəmbər qərar verdik?

Cavab: Peyğəmbər (s) və İmamların (ə) kölgəsinin olmaması məsələsi ağılla isbat olunan məsələlərdən olmadığı üçün bu haqda ağıl ilə hökm vermək olmaz və ağıla söykənərək həzrətlərin kölgəsinin olub-olmaması haqqında bir söz demək olmaz. Bu xüsusda söykənə biləcəyimiz yer əqli arqumentlər ola bilmədiyi üçün yalnız nəqli arqument və dəlillərə üz tutmaqdan başqa çarəmiz yoxdur. Bu üzdən məcbur qalıb İslam qaynaqları olan Quran və hədislərə müraciət etməliyik. Qurani-Kərimdə bu xüsusda heç bir mətləb qeyd olunmamış, hətta buna işarə belə olmamışdır. Lakin bu mövzuda hədislər mövcuddur ki, o hədislərin bəziləri əhli-sünnə mənbələrində nəql olunub:
Zəkvandan nəql olunan hədisdə belə oxuyururq: Rəsulullahın (s) kölgəsi görünməyib, istər günəşli gündə, istərsə də aylı gecədə.
Həmin mətləbi isə Həkim Tirmizi nəql edərək deyib: Mübarək kölgəsi başqasının ayaqları altında qalmasın və o həzrətə hörmətsizlik olmasın deyə Allah Rəsulunun (s) kölgəsi olmayıb.
İbn Səbi, “Xəsais” adlı kitabında qeyd edib: Allah Rəsulunun kölgəsi yer üzərində görünmürdü. Allah Rəsulunun mübarək vücudu nur idi və günəş yaxud ay nurunun altında yol getdiyi zaman kölgəsi zahir olmurdu. Alimlərdən bəziləri deyirlər, bu mövzuya aid olan sübutumuz elə əziz Peyğəmbərin (s) öz duasıdır ki, belə buyurub: "واجعلنی نورا – məni nur qərar ver (nurani et)". ,
Lakin bu mövzuda şiə mənbələrində gələnlər isə bundan ibarətdir ki, bu məsələ imamın sifətlərindəndir. Taliqani, Əhməd Həmədanidən, o da Əli ibn Hüseyn ibn Fəzzaldan, o da Əbəl-Həsən Əli ibn Musər Riza(əleyhissalam)dan belə nəql edibdir: “İmamın özünəməxsus xüsusiyyətləri vardır; Məsələn imam camaatın ən bilikli, ən təqvalı, ən həlimli, ən şücaətlisi və s-dir. Həmçinin onun kölgəsi yoxdur.
Qeyd olunan məsələləri nəzərə alaraq, aydın olur ki, həm əhli-sünnə mənbələrində, həm də Şiə mənbələrində qeyd olunan rəvayətlər bir sıra xüsusiyyətlərə malikdir:
Birinci: sənəd baxımdan bu hədislər zəif və etibarsızdır.
İkinci: bu haqda yalnız bir hədis əhli-sünnə və bir hədis də İmam Rizadan (ə) şiə qaynağında qeyd olunub. Buna görə də görəsən bu məntiqli sayılırmı bu qədər mühüm bir məsələ bu qədər zəifliyi ilə qeyd olunsun? Görəsən mümkündürmü ki, Allahın Peyğəmbəri (s) və İmamların (ə) kölgəsinin olmasın camaatın böyüklü, kiçikli bunun şahidi olsun, lakin onu nəql edən bir nəfər olmasın? Peyğəmbər (s) və İmamların (ə) bütün xüsusiyyətlərini bildirən və onu bizlərə gətirib çıxaran hədislər bəs nə üçün bu haqda bir söz deməyibdir? Sizcə ağıl bu məntiqi qəbul edirmi ki, Peyğəmbərin (s) bütün səhabələri bunu görə-görə bir nəfər də olsun belə bu məsələdə qəflət edərək bir kəlmə olsun belə danışmayıb? Demək olarmi ki, bilərəkdən bu mövzunu gizli saxlayıblar?!
Mümkündür ki, bir nəfər sual verib desin ki, necəki özünüz də yuxarıda qeyd etdiniz bu mövzu haqda əhli-sünnə mənbələrində gəlibdir.
Cavabında demək lazımdır ki, bu qəribə və mühüm xüsusiyyət haqqında olan hədislərin sayı olduqca az olduğu üçün kifayət etmir və mümkün deyil ki, bu qədər mühüm mövzu haqda cəmi bir hədis nəql olunmuş, hətta əgər hədisin sənədi də səhih olsa belə. Lap qəbul edək ki, bu məsələ Peyğəmbər (s) haqqında hədisdə qeyd olunub və bu bir hədislə də kifayətlənsək belə bəs nə üçün İmam Əlinin (ə), İmam Həsənin (ə) və s. İmamların (ə) səhabələri bu haqda bir söz danışmayıb, nəhayət İmam Kazim (ə) onu nəql edib? Nə üçün bu məsələ haqqında İmam Rizanın (ə) zamanına qədər süküta qərq olub? Yəni Peyğəmbərin (s) dövründən iki əsr sonra səkkizinci imamın dövründə bir dəfə nəql olundu və ondan sonra kiçik qeybət dövrünə qədər (təqribən bir əsr) yenidən sükuta qərq oldu, görəsən nə üçün? Bəs görəsən məntiqli nəzərə çarpırmı ki, bu qədər mühüm bir hadisə haqqında tarix boyu olduqca az və məhdud kimsə bir söz deməsin? Görəsən bu qədər mühüm məsələnin yəni həzrət Peyğəmbərin (s) kölgəsinin olmamasını gizli saxlanılmasının səbəbi nə olub?
Bu qeyd etdiklərimizdən əlavə bu hədis əhli-sünnənin altı səhih mötəbər və orijinal qaynaqlarında da qeyd olunmayıb. Eləcə də şiənin də “mən la yəhzuruhul fəqih” kitabında başqa orijinal qaynaqlarında qeyd olunmamışdır.
Burada bizim üçün mühüm ola biləcək bir məsələni də qeyd etmək yerinə düşər ki, sual olunan mövzuya istər tarixi zaviyədən, istərsə də əqidə və inanc zaviyəsindən nəzər salsaq, hər iki halda bir hədislə onu nə təsdiq, nə də birdəfəlik inkar etmək də olmaz. Lakin kölgənin olmaması həzrət Peyğəmbərin (s) möcüzələrindən sayılırmı sualına gəlincə demək lazımdır ki, bunun özünün də sübuta ehtiyacı var və yuxarıda da qeyd etdik ki, mövzu ilə əlaqədar əlimizdə arqument yoxdur. Bu mövzunun qəribəliyini və bu haqda qeydlərin olmaması məsələnin alimlərə sabit olmamasından xəbər verir.
Hər halda bu haqda olan hədis də həm mütəvatir deyil, həm də müstəfiz belə deyil. Əksinə vahid bir xəbər olduğu üçün bu haqda ona etimad etmək olmaz.
Nəticədə deyə bilərik ki, əsas mövzu yəni Peyğəmbərin (s) kölgəsinin olmaması ümumiyyətlə sabit olmadı o ki, qaldı yuxarıda qeyd etdiyimiz suallara da yer qalsın.

Hazırladı: Rəsul Mahmudzadə

Tags: PEYĞƏMBƏR (s) , SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!