NƏ ÜÇÜN NAMAZI ƏLİBAĞLI QILMAQ OLMAZ?

:

Sual: Şiələrin namazı əliaçıq və əhli-sünnənin əlibağlı qılmasının səbəbi nədir? Peyğəmbər (s) namazı necə qılmışdır? Namaz necə qılınmalıdır? Bu haqda göstərişlər varmı?

Cavab: Peyğəmbər (s) həyatda ikən əli əl üzərinə qoyaraq namaz qılınmayıb. Peyğəmbərimizin (s) özü də namazı əliaçıq qılarmış.1 Şiələr həmişə olduğu kimi hər bir məsələdə Peyğəmbər (s) və İmamlara (ə) tabe olduqlarını göstəriblər. Elə namazı əliaçıq qılmaları da buna əyani sübutdur. Onlar heç bir zaman əlibağlı namaz qılmayıb. Çünki əlibağlı namaz qılmaq dinə əlavədir (bidətdir). Əlibağlı namaz qılmaq dinimizin göstərişi olmayıb. Əslində namaz bu şəkildə Peyğəmbərin (s) vəfatından sonra yəni ikinci xəlifənin zamanında qılınmışdır. Elə həmin dövrdən başlayaraq bu günə qədər namazın əlibağlı şəkildə qılınması2 bir çox müsəlmanlar arasında sünnəyə çevirilərək əməl olunur.3

 İmamların (ə) göstərişində isə əlibağlı namaz qılmaq kafir və atəşpərəstlərin adət və ənənələrinə oxşar olduğu bildirilir. Məhz elə ona görə də, İmamlar (ə) şiələrə Peyğəmbərin (s) sünnəsinə əməl etməyi yəni əliaçıq namaz qılmağı əmr ediblər.

Əbi Həmid Saidinin nəql etdiyi hədisdə Peyğəmbər (s) namaz qılarkən yerinə yetirdiyi bütün əməllər yəni “Allahu əkbər” dən başlayaraq namazın “salamına” qədər olan hər bir vacib və müstəhəb əməllər qeyd olunmuşdur. Lakin həmin hədisdə əlibağlı kimi “dinə əlavə” halı qeydə alınmamışdır. Əksinə olaraq, haqqında danışdığımız hədisdə Peyğəmbər (s) “Allahu əkbər “dedikdən sonra əlini aşağa salıb yan tərəflərə birləşdirməsi aydın göstərilmişdir.4 Hamıya məlumdur ki, Peyğəmbər (s) həyatda ikən heç bir müstəhəb əməli tərk etməmişdir.
Yuxarıda qeyd etdiyimiz mövzu barədə başqa hədislər də nəql olunmuşdur. Onlardan biri də Həmmad ibn İsanın İmam Sadiqdən (ə) nəql etdiyi hədisdir. Həmmad ibn İsa İmam Sadiqdən (ə) ona namazı kamil və doğru şəkildə qılınmasını öyrətsin deyə müraciət edir. İmam (ə) üzünü qibləyə tutub bütün müstəhəb əməlləri yerinə yetirdikdən sonra Allahu əkbər deyib namazı qılmağa başlayır. O, namazı elə bu gün şiələr qıldığı kimi qılaraq salamını deyib namazı başa vurur.5
Qeyd etdiyimiz hədisdə İmam Sadiq (ə) eyni ilə Peyğəmbər qıldığı namazı Həmmad ibn İsaya öyrədir. Amma gördüyünüz kimi İmam (ə) Həmmada təlim verdiyi zaman heç də əlini digər əli üzərinə qoymaqdan söhbət açmır. Əgər əli əl üzərinə qoymaq sünnə olardısa yəqin bilin ki, İmam (ə) namazı öyrədərkən onu da öyrədər yaxud ən azından ona işarə edərdi. Deməli, bu şəkildə namaz qılmaq sünnə olmadığı üçün İmam (ə) da ondan söhbət açmayıb.
Bura qədər sadaladığımız hədislərlə bərabər İmamlardan (ə) da bizə çoxlu saydə hədislər gəlib çatıb. Həmin hədislərdə əli əl üzərinə qoyub namaz qılmağı kafir və atəşpərəstlərin əməllərinə oxşar bir əməl olduğu vurğulanıb. Əlibağlı namaz qılmağı kafir əməlinə bənzədən bir nəçə rəvayəti diqqətinizə çatdırırıq:

1. Məhəmməd ibni Müslim İmam Sadiq (ə) yaxud İmam Baqirdən (ə) belə nəql edir:

قاله: قلت له: الرجل یضع یده فی الصلاه –و حکی- الیمنی علی یسری؟ فقال: ذالک التکفیر لا یفعل6

2. Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

انه قال: و علیک بالا قبال علا صلا تک ولا تکفر فانما یصنع ذالک المجوس7

3. Şeyx Səduq Əli (ə)– a istinadən belə nəql edir:

انه قال: لا یجمع المسلم یدیه فی الصلاته و هو قائم بین یدیالله عز و جل یتشبه با هل الکفر یعنی المجوس8


1 - Bu haqda nəql olunan hədis qeyd olunacaq.
2 - Haqqında danışdığımız mövzu barədə Büxarinin Səhl ibni Səiddən nəql etdiyi hədisi göstərə bilərik:
کان النا س یومرون ان یضع الرجل الید الیمنی علی ذراعه یسری فی صلاه
“Fəthül-bari fi şərhi səhihil-büxari”, cild. 2, səh. 224.
Əgər Peyğəmbər (s) namazda əlibağlı olmaq əmri vermişdirsə bəs niyə hədisdə “کان النا س یومرون” gətirilib?! Deməli, peyğəmbər (s) belə bir göstəriş verməyib. Əgər peyğəmbərin belə bir əmri olsaydı əslində hədisdə belə “کان النبی یامر” deyilməli idi.
3 - Hənəfilər, Şafeilər və Hənbəlilər əlibağlı namaz qılmağı sünnə və müstəhəb bilirlər. Amma Malikilər isə onların əksinə olaraq əliaçıq namaz qılmağı müstəhəb bilir. ”Əl-fiqhu ələl-məzahibil-xəmsə”, səh. 110.
4 - “Sünəne Beyhəqi”, cild. 2, 72, 73, 101, 102; “Sünəne Əbi Davud”, cild. 1,səh. 194.
5 - “Əl-vəsail”, cild. 4, fəsl. 1, hədis. 1
6 - “Əl- vəsail”, cild. 4, fəsl, 15,hədis. 1
7 - “Əl- vəsail”, cild. 4, fəsl, 15,hədis. 2, 3, 7.
8 - Cəfər Sübhani, “Fiqhul- şiə əl-imamiyyə və məvazeul-xilaf bəynəhu və bəynəl-məzahebil- ərbəə” , səh. 183.

Tags: suallara cavab, Fiqh, Müxtəlif dini mövzular, Şübhələrə cavab

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!