KİMLƏRƏ SƏLƏM (FAİZƏ PUL) VERMƏK OLAR

:

Aydın məsələdir ki, İslamda sələmə pul vermək və almaq haram və böyük günahlardandır. Bu sələm istər ticarətlə olsun, istərsə də borc verməklə. Lakin bu qanun bəzi hallarda istisna olur ki, müctəhidlər bu haqda belə buyurur:

“İslam pənahında olmayan kafirdən əgər bir müsəlman sələm alarsa, bunun eybi yoxdur, ata və oğul həmçinin ər və arvad bir birindən sələm ala bilərlər.1
Fəqihlərin bu haqda verdiyi fətvalar Əhli-Beytdən (ə) olan hədislərə əsaslanır.2 Lakin belə hədislərdə bu məsələnin hikmətinə də işarə olunmayıb. Mümkündür bu məsələnin hikməti bu cür izah olunsun ki, bəzi hədislərdə sələmin digərləri üçün törətdiyi fəsadlar yuxarıda qeyd etdiyimiz fərdlər arasında bu fəsadlar olmasın deyə, buna icazə verilir. Çünki ata və oğul yaxud ərlə arvad bir növ bir-birilə müştərək məxaricə malikdirlər. Belə ki, onlar bir-birindən aldığı puldan çox qaytarmış olsalar, bir növ məişətlərinin iqtisadi durumunu yaxşılaşdırmaq üçün olmuş olur. Buna görə də biri digərinə etdikləri köməyə görə bu cür artıq pulun verilməsinin heç bir maneəsi yoxdur.
Misal üçün ata, gücü çatdığı qədər övladının iqtisadi durumunu yaxşılaşdırmaq üçün öz köməyini ondan əsirgəməməlidir. Yəni əgər bir-biri arasında ata borc aldıqdan sonra övladına bir miqdar artıq pul qaytararsa, əslində bu bir növ övladının məişətinə kömək etmiş kimi bir iş sayılır.
Qeyri-zimmi kafirdən3 riba almaq məsələsinə gəlincə, deyə bilərik ki, İslam dövləti bu fərdlərin canını və malını qorumaq öhdəliyi olmadığı üçün, müqavilələrdə onlardan riba almaq heç də məntiqsiz bir iş deyil.

Hazırladı: R.Mahmudzadə, Rizvan.net İslam Maarifi Jurnalı üçün


1 - İmam Xumeyni, İzahlı məsələlər, təlif: Bəni Haşim Xumeyni, Seyid Muhəmməd Hüseyni, c2, s215, 2080-cı məsələ.
2 - Bax: İbn Babiviyeh, Muhəmməd ibn Əli, “Mən la yəhzuruhul fəqih”, c3, s278.
Muhəmməd ibn Yəqub ibn İshaq, “Əl-Kafi”, c5, 147.
3 - Zimmi kafirdə məqsəd müsəlman hökumətində yaşayan kafirdir. Qeyri-zimmi kafir yəni müsəlman hökümətində yaşamayan kafir. Bə`zən həmin kafir, müsəlmandan torpaq alır və ondan öz yaşayışında istifadə edir. Belə olan halda həmin kafirə vacibdir ki, torpağı alarkən onun xumsunu da versin. Bu xums torpaq alınıb satılarkən müsəlmanla kafir arasında həll olunmalıdır. Bu barədə şər`i hökm belədir:
"Əgər zimmi kafir müsəlmandan müəyyən qədər torpaq alarsa, onun xumsunu həmin torpaqdan verməlidir. Əgər onun xumsunun pulunu da versə, eybi yoxdur."

Tags: suallara cavab, Ailə və Cəmiyyət, Müxtəlif dini mövzular, Şübhələrə cavab

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!