ƏXLAQI DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ?

:

Quran ayələri və hədis nöqteyi-nəzərindən əxlaqda dəyişiklik imkanı
Sual: Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?
Cavab: Quran ayələri və hədislər aşkar şəkildə əxlaq dəyişkənliyin mümkün olmasını göstərir:
1- Peyğəmbərlərin gəlişi, elçilərin göndərilməsi, səmavi kitabların endirilməsi özü-özlüyündə və ümumi olaraq bütün insanların tərbiyəsi, hidayəti istiqamətində öhdələndikləri vəzifələr bəşərin tək-tək fərdlərinin əxlaqi fəzilətlərinin tərbiyə və təkamülü imkanına ən möhkəm dəlildir.

هُوَ الَّذى بَعَثَ فِى الاْمِّیِینَ رَسُولا مِنْهُم یَتْلُوا عَلَیْهِمْ آیاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتابَ وَالْحِکْمَهَ وَاِنْ کانُوا مِنْ قَبْلُ لَفِى ضَلال مُبِیْن2,1 

“Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün Odur ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.”
Bu və ya digər ayələr Allah Rəsulunun (s) peyğəmbərlik hədəfinin açıq zəlalət və azğınlıqda olan insanların hidayəti, tərbiyəsi, təlimi və təzkiyəsi olduğunu çox gözəl bəyan edir.
2- Bütün bəşərə “یا بَنى آدَمَ” (Ey Adəm övladı), “یا اَیُّها النّاسُ” (Ey insanlar), “یا اَیُّها الاْنْسانُ” (Ey insan) və “یا عِبادى” (Ey bəndələrim) kimi ifadələrlə xitab edən, eləcə də göstərişlər, qadağalar, nəfsi saflaşdırmaqla əlaqəli məsələlər və əxlaqi fəzilətləri özündə ehtiva edən ayələr əxlaqi rəzilətlərin dəyişməsi, xoşagəlməz xüsusiyyətlərin islahı imkanına ən gözəl sübutdur. Əks təqdirdə, bu xitabların ümumi olması bihudə iş olar.
Mümkündür belə deyilsin ki, belə ayələr, adətən, hökmlərlə bağlıdır. Əxlaq daxili səciyyələrin göstəricisi olduğu halda əhkam praktiki yönləri ilə seçilir.
Yaddan çıxarmamalıyıq ki, “əxlaq” və “əməl” bir-biri ilə sıx bağlıdır, səbəb-nəticə kimidir və qarşılıqlı təsirə malikdirlər. Hər gözəl əxlaq yaxşı əməllərdən qaynaqlanır. Necə ki, əxlaqi rəzilət çirkin əməllərin nəticəsidir. Qarşılığında əgər yaxşı və pis işlər təkrarlanarsa, tədricən yaxşı və pis xarakterə, xüsusiyyətə çevrilər.
3- Əxlaqın dəyişməsinin mümkünsüzlüyünə inam “cəbrə” (icbarilik) etiqadla nəticələnir; mənası budur ki, yaxşı və pis əxlaqa sahib olanlar onu dəyişməyə qadir deyillər. Əməllərini əxlaqlarının inikası olduğunu nəzərə alsaq, yaxşı və pis görməkdə məcburdurlar, eyni halda yaxşıları yerinə yetirmək və pisləri tərk etməklə vəzifələndiriliblər. Bu, tam icbardır. Cəbr məktəbinin bütün fəsadları buna da aiddir3.
4- Əxlaqı düzəltməyə birbaşa təşviq edən ayələr əxlaqi səciyyələrin dəyişməsi imkanına tutarlı dəlildir. Misal üçün: “Hər kim nəfsini saflaşdırsa, nicat tapıb və nəfsini günaha bulaşdıran kəs isə məyus və məhrum olub”4.
“دسّیها” kəlməsi “دسّ” və “دسیسه” maddəsindən götürülüb əsl mənası “xoşagəlməz şeyin başqa şeylə qarışması”dır. Misal üçün, belə deyilir:
دسّ الحنطه بالتراب
“Buğdanı torpağa qarışdırdı”.
Bu ifadə insan təbiətinin paklıq və təqvadan yana olduğunu, çirkinlik və əxlaqi rəzilətlərin kənardan ona nüfuz etdiyini və hər ikisinin dəyişmə istedadını ortaya qoyur.
“Fussilət” surəsinin 34-cü ayəsində buyurulur:

اِدْفَعْ بِالَّتى هِىَ اَحْسَنُ فَاِذاَ الَّذى بَیْنَکَ وَبَیْنَهُ عَداوَهٌ کَاَنَّهُ وَلِىٌّ حَمِیْمٌ
“Pisliyi yaxşılıqla kənarlaşdır. Anidən (görəcəksən ki) aranızda düşmənçilik olan şəxsi, sanki səmimi və isti (və köhnə) dostundur!”.

Yuxarıdakı ayə dərin ədavət və düşmənçiliyin insan əxlaqında kök saldığı təqdirdə, məhəbbət və ləyaqətli davranış sayəsində isti və köklu dostluqlara çevirməyin mümkünlüyünü çox gözəl göstərir. Əgər əxlaq dəyişməz olsaydı, bu qeyri-mümkündü.
İslam hədislərində də bu xüsusda aşkar ifadələr qeyd edilib. Misal üçün:Məşhur “اِنّى بُعِثْتُ لاِتَمِّمَ مَکارِمَ الاْخْلاقِ”5" “Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm”. – hədisi əxlaqi səciyyələrin dəyişmə imkanına şəffaf dəlildir.

Bir çox hədislər yaxşı xüsusiyyətə təşviq edir, o cümlədən: nəbəvi hədisdə deyilir:

لَوْ یَعْلَمُ الْعَبْدُ ما فى حُسْنِ الْخُلْقِ لَعَلِمَ اَنَّهُ یَحْتاجُ اَنْ یَکُونَ لَهُ خُلْقٌ حَسَنٌ6
“Əgər bəndələr yaxşı əxlaqın faydalarını bilsəydi, ona möhtac olduqlarına əmin olardılar”.

Peyğəmbərdən (s) nəql edilən digər hədisdə buyurulur:
اَلْخُلْقُ الْحَسَنُ نِصْفُ الدِّینِ7
“Gözəl əxlaq dinin yarısıdır”.
Əmirəl-möminin Əli (ə) buyurur:
اَلْخُلْقُ الْمَحْمُودُ مِنْ ثِمارِ الْعَقْلِ، اَلْخُلْقُ الْمَذْمُوْمُ مِنْ ثِمارِ الْجَهْلِ 8
“Gözəl əxlaq ağıl və savadlılığın meyvəsidir, pis əxlaq isə cəhl və nadanlığın səmərəsi”.
Elm və cəhlin dəyişkən olduğunu nəzərə alsaq, onda əxlaq onlardan asılı olaraq dəyişəcəkdir.
Allahın Rəsulundan (s) nəql edilən başqa bir hədisdə gəlib:
اِنَّ الْعَبْدَ لَیَبْلُغُ بِحُسْنِ خُلْقِهِ عَظیمَ دَرَجاتِ الاْخِرَهِ وَشَرَفَ الْمَنازِلِ وَاِنَّهُ لَضَعیفُ الْعِبادَهِ 9
“Allah bəndəsi gözəl əxlaq sayəsində axirətin ali dərəcələrinə və ən yaxşı məqamlarına çatır. Halbuki ibadət cəhətindən zəif ola bilər”.
Bu hədisdə ilk növbədə gözəl əxlaqla ibadətin müqayisəsi, ikinci növbədə axirətin ali dərəcələrini – hansı ki qəti olaraq insanın ixtiyari işlərinə bağlıdır – xatırlatmaq, üçüncü növbədə gözəl əxlaqı qazanmağa təşviq hamısı birgə əxlaqın icbari, ilzami və ixtiyardan xaric olduğunu deyil, qazanılan nəsnə olduğunu göstərir! (Diqqət edin).
Bu qəbildən olan hədislər, aşkar və mənalı ifadələr məsumların (ə) kəlamlarında çox gözə dəyir10. Bütün bunlar əxlaqın dəyişkən olduğunu göstərir, əks təqdirdə bu təbirlər, təşviqlər mənasız olardı.
Yenə Peyğəmbərdən (s) nəql edilən digər bir hədisdə Həzrət (s) səhabəsi Cərir ibn Abdullaha belə buyurur:
انک امرء قد احسن الله خَلقک فاحسن خُلقک
“Allah sənə gözəl sima verib, əxlaqını da sən gözəlləşdir!”11.
Sözün qısası, hədis kitablarımız insan əxlaqının dəyişməsinin mümkünlüyünə dəlalət edən hədislərlə doludur12.
Bu bəhsi Əmirəl-möminin Əlinin (ə) əxlaqi fəzilətlərə təşviq edən bir hədisi ilə sonlandırırıq. İmam Əli (ə) buyurur:
حُسْنُ السَّجـِیَّهِ وَ اجْتِـنابُ الدَّنِـیَّهِ 13
“İnsanın dəyər və səviyyəsi bəyənilən əxlaqı və xoşagəlməz əxlaqdan qaçması ilədir”14.

Hazırladı: Seyid Azər Əhmədoğlu Rizvan.net İslam Maarid Jurnalı üçün

İstifadə olunmuş ədəbiyyat:

1. “Cumə” surəsi, ayə 2.
2. “Ali-İmran” surəsinin 164-cü ayəsi eyni məzmundadır.
3. “Əl-Kafi”, c. 1, səh. 155
4. “Şəms” surəsi, 9 və 10-cu ayələr.
5. “İrşadul-qulub”, c. 1, səh. 174, fəsil 18.
6. “Biharul-ənvar”, c. 10, səh. 369.
7. “Biharul-ənvar”, c. 68, səh. 385, fəsil 92.
8. “Ğurərul-hikəm və durərul-kiləm”, səh. 69, hədis 1328.
9. “Əl-Məhəccətul-bəyza fi təhzibil-ihya”, c. 5, səh. 93.
10. “Əl-Kafi”, c. 2, səh. 99.
11. “Biharul-ənvar”,c. 68, səh. 394 fəsil 92.
12. “Əl-Kafi”, c. 2, səh. 99.
13. “Ğurərul-hikəm və durərul-kiləm”, səh. 87, hədis 1674.
14. Ayətullah Nasir Məkarim Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilmişdir, c. 1, səh. 34.

Tags: suallara cavab, Məqalələr, Şübhələrə cavab

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!