İSLAMDA MƏSLƏHƏTLƏŞMƏK

:

İnsan övladı fərdi və ictimai vəzifələrə malikdir. İlkin addımda fərdi vəzifəsi onu yaradan Allahını tanıyıb, ona itaət etməkdir. İctimai vəzifəyə gəldikdə isə fərdi işlərindən əlavə cəmiyyətin qayğısına da qalmalıdır.

Çox vaxtlar bu iş fərdi olaraq yerinə yetirildikdə təcrübəsizlikdən bir çox səhvlərlə üzləşə bilir. Buna görə də bu işin uğurlu olması üçün elə həmin cəmiyyətlə məsləhətləşmək daha məntiqə uyğundur. Necə ki, Allah Taala bu mövzuya belə toxunmuşdur:

و الَّذينَ اسْتَجابُوا لِرَبِّهِمْ وَ أَقامُوا الصَّلاةَ وَ أَمْرُهُمْ شُورى‏ بَيْنَهُمْ

“O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər (Şura, 38)”.

Buradan belə başa düşülür ki, cəmiyyətin maddi və mənəvi islahı yolunda məsləhətləşmək, bu yolun uğur tapmasında böyük rolu var. Məlumdur ki, cəmiyyətin verdiyi məsləhətlərdən əlavə uca Allahın yardımı da təsirsiz olmayacaq. Bu barədə Ənkəbut surəsinin 69-cu ayəsində belə buyurulur:

وَ الَّذينَ جاهَدُوا فينا لَنَهْدِيَنَّهُمْ سُبُلَنا وَ إِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنينَ

Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!

Ayədə yer almış فينا kəlməsi (bizim uğrumuzda), Allah Taalanın razılığı yolunda görülən bütün işlərə dəlalət edir. جاهَدُوا kəlməsi (cihad etdilər və yaxud cihad edənlər) cihad etmək mənasından əlavə Allah yolunda çalışmaq mənasınada dəlalət edir. Yuxarıda qeyd olunan iki ayənin mənasından belə alınır ki, hər kəs Allahın razılığı olan yolda məsləhətləşsə, Uca Allah da onu öz yoluna hidayət etməsindən əlavə ona bu yolda uğurlar nəsib edər. Bu arada bunu da qeyd etmək lazımdır ki, bu işi həyata keçirən şəxs bilməlidir ki, Rəbbinin razılığını əldə etməsindən əlavə cəmiyyət arasında vəhdət, sülh, əmin-amanlığa da səbəb olmuşdur. Bəndəliyin əsl mahiyəti məhz elə bundan ibarətdir. Müsəlmanlar çalışmalıdırlar ki, bir-birinin sahib olduğu mükəmməl idea və istedadından yetərincə istifadə edə bilsinlər. Bunun özü insanda olan təkəbbürlük, bədgümanlıq, ehtiramsızlıq, özünü tanımamaq və yersiz cəsarətin ortadan qaldırılmasında böyük təsiri ola bilər. Allah bütün müsəlmanları öz vəzifəsini düzgün şəkildə yerinə yetirməsində yardımçı olsun.

Höccətül-İslam Mahir Məmmədov

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!