AİLƏ MƏS`ULİYYƏTİ

:

AİLƏ MƏS`ULİYYƏTİ
Bu məs`uliyyət sadalanan məs`uliyyətlərin ən ağırıdır. Bu vəzifənin müxtəlif cəhət və proqramları ilə yaxından tanış olaraq, onların yerinə yetirilməsində Allah hökmlərinə, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) və Mə`sum İmamların (əleyhimussalam) şəriət–yaşayış qaydalarına əsaslanaraq geniş surətdə diqqət edib çalışmaq gərəkdir.

İslam dininin yarandığı ilk vaxtlardan Cəhənnəm əhlinin əzabı barəsində bir ayə nazil olmuşdur. Belə ki bu cür əzaba düçar olmalarının qorxusundan bir neçə cavan öz adi yaşayışlarından əl çəkərək səhraya üz tutdular. Onlardan biri, bir daha öz həyat yoldaşı ilə birlikdə yatmayacağına, qadınla təmas tutmayacağına söz verdi. İkincisi camaatla əlaqəni birdəfəlik kəsəcəyinə, üçüncüsü isə heç vaxt ləzzətli yeməklər yeməməyi qərara alır.
Bu üç nəfərin həyat yoldaşları, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gələrək öz ərlərinin vəziyyətlərini ona danışdılar. Həzrət bu macəranı eşitdikdə narahat olub, tez məscidə tələsir. Evdən elə tə`cili halda çıxır ki, əbası yerlə sürünür. Məhz elə bu halətdə “qeyri-adi vəziyyəti” aydınlaşdırmaq üçün camaatı məscidə yığaraq belə buyurur: “Mən sizin peyğəmbəriniz olmaqla bərabər həm evlənmiş, həm yemək yeyir, həm də bədənimin qayğısına qalıram. Günümü camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış tərzimdən üz döndərsə məndən deyil.”1
Müqəddəs Qur`an da bu barədə buyurur:
“Dul qadınlar, arvadsız kişilər, ləyaqətli və xoşrəftar kənizlərinizi, bir-birinizlə evləndirin! Əgər onlar yoxsul olsalar Allah Öz rəhmət və fəzli sayəsində onları ehtiyacsız edər. Allah çox əta edən və (geniş rəhmət və fəzilət sahibi, bəndələrinin halından) agahdır.”2
Mə`lum olur ki, yoxsulluq Peyğəmbər şəriətindən uzaqlaşmaqla nəticələnməməlidir, əksinə evlənib ailə qurmağın özü ruzinin artması səbəblərindən biridir. Bütün bunlarla yanaşı ailə məs`uliyyəti çox ağır və həssasdır. Ailə saxlamaq və uşaq tə`lim-tərbiyəsi xüsusi qayda-qanuna malik olub, ailə böyüklərinin hər birinin öhdəsində öz vəzifələri vardır. Ailə üzvlərinin mehriban olmasının yeganə yolu bu vəzifələri düzgün yerinə yetirməkdən ibarətdir.3
“Ey iman gətirənlər, (Allah hökmlərinə tabe olmaqla) özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!”4
“Həqiqətən ən çox zərər görmüş şəxslər onlardır ki, həm özləri, həm də ailələrini (pis, düzgün olmayan tərbiyə, yaxud təlim-tərbiyədə süstlük səbəbinə əsasən) Qiyamət günü ziyana saldılar. Agah olun! Aşkar ziyankarlıq elə budur!”5
Bu kitabda ailə saxlamağın müxtəlif vəzifə və qayda-qanunundan geniş surətdə söhbət açacağıq. Arvadın ər, ərin arvad, övladın ata-ana, onların da övlad qarşısındakı vəzifələrini hərtərəfli araşdırmaqla yanaşı, eləcə də ailə mühitinin mə`nəvi dəyərlərini lazımınca saxlamağı öyrənəcəyik. Ailənin ruhdan düşərək mə`nəvi şəraitin soyuması uşaq, qadın və kişinin həyatında ən böyük dərddir. Övladlarımızın pis mühitdə böyüməsi, ürək sıxıntısı, ruhi xəstəliklərə və başqa müxtəlif narahatlıqlara düçar olmasının qarşısını almaq hamımızın ümdə vəzifələrindən biridir. Övladlarımız ailənin bu çatışmazlıqları ilə gərək ictimaiyyətə qədəm qoymasınlar, çünki bu addım insan cəmiyyətinin faciəsi və məhvinin başlanğıcıdır.
“Allahın nişanələrindən biri budur ki, sizin üçün özünüzdən həyat yoldaşı yaratdı ki, onunla birlikdə rahatlıq tapasınız və sizin aranızda mehr-məhəbbət və rəhmət qərar verdi. Bu iş üzərində fikirləşənlər üçün (hikmət və) nişanələr vardır.”6

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri


1. “Sünənün-Nəbi” (mərhum Əllamə Təbatəbai), səh.147; “Biharul-ənvar”, (Əllamə Məclisi) 22-ci cild, səh.124.
2. “Nur” surəsi, ayə:32
3. “Təhrim” surəsi, ayə:6
4. “Zümər” surəsi ayə:15
5. “Zümər” surəsi, ayə:15
6. “Rum” surəsi, ayə:21

Tags: AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!