RAMAZAN AYI VƏ DUA-2

:

DUA VƏ YALVARIŞ CƏMİYYƏTİ

Ramazan ayını əldən verməyin. Bu fürsəti tərk etməyin. Bu, dua və yalvarış üçün çox qənimət sayılası fürsətdir. Çalışın dua qapısını üzünüzə açıq saxlayın. Əgər kimsə dua etməyə müvəffəq oldusa, – diqqətli dua, əhval-ruhiyyəli dua – bilməlidir ki, Allahın lütfü ona nəsib olmuşdur. Qəbul olunmaq isə sonrakı mərhələdir. İslam cəmiyyəti dua və “təzərrö” cəmiyyəti, Allaha qayıdış cəmiyyəti olmalıdır1.

TƏQVA TƏDARÜKÜ GÖRMƏK AYI
Ramazan ayı dua və təqva tədarükü ayıdır. Bu elə bir aydır ki, biz bu ayda ibadətlə, Allaha diqqətlə mənəvi və ruhi güc tapmalıyıq. Bu ruhi və mənəvi güclə daşlıqları sürətlə asanlıqla keçməliyik, yolları yaxşı aşmalıyıq2.

RAMAZAN AYI DUALARININ TƏSİRİ
Ramazan ayında da öz üzərimizdə işləməliyik, camaatın üzərində işləməliyik. Bilməliyik ki, əgər üzərimizdə işləməsək, camaatın da üzərində işləyə bilməyəcəyik. Ramazan ayının bu duaları, bu orucu, minacatı, yalvarışı, zikrləri, nafilələri, bütün bunlar hamısı biz özümüzü bir az nurlandıraq deyə nəzərdə tutulmuşdur. Əgər nurlansaq, başqalarının da dadına yetə bilərik. Əgər nurlanmasaq, başqalarını da nurlandıra bilmərik. Nə qədər desək də artıq olacaq, zərərli olacaq, faydası olmayacaq3.

İKİQAT NURANİLİK
Bu otuz gündə - və ya iyirmi doqquz gündə - ardıcıl olaraq, beş vacib namazdan əlavə nafilələr də var ki, insan həmişə onları qıla bilər. Bəzi dualar var ki, onlara diqqət, onları oxumaq insana iki qat nuranilik bəxş edir. Bu duaları bizim ixtiyarımıza vermişlər. Allahla danışmaq, minacat etmək qaydasını bizə öyrətmişlər. Müəyyənləşdirmişlər ki, Allahla hansı sözləri danışmaq olar. Bu duaların bəzisi imamlardan nəql olunmuş dualardır. Əgər bunlar olmasaydı, insan özü Allahla necə danışmaq lazım olduğunu, hansı dillə danışmaq, necə istəmək lazım olduğunu bilməzdi.
Bundan başqa ramazan ayının özü oruc tutan üçün bir nuranilik, ruhanilik zəminidir. Onu ilahi lütfləri qazanmaq üçün hazırlayır. Ramazan ayının namazları ilə, orucu ilə, duaları ilə, bir bütöv olaraq nəzərə alsanız, Quran tilavətini də ona əlavə etsəniz – demişlər ki, ramazan ayı Quranın baharıdır – bir yenidənqurma, özünəqayıdış, çürüntülərdən xilas olmaq və s. dönəmidir. Olduqca qənimət sayılası bir dönəmdir.
Məsələnin əsası bundan ibarətdir ki, biz ramazan ayında Allaha doğru səfərə çıxaq və bu mümkündür. Bəzən Ramazan ayından sonra İmam Xomeyninin (r) yanına gedirdim. Hiss edirdim ki, o, nurlanıb. Baxmağı, danışmağı, işarəsi, əlinin işarəsi, fikrini bildirməsi, ramazan ayından öncə ilə fərqlənirdi. Ramazan ayı mömin bir insan üçün belədir. Onun qəlbinə, daxilinə o qədər nuranilik bəxş edirdi ki, insan onu müşahidə etdikdə bunu hiss edirdi. Danışmasından hiss edir ki, nurlanıb. Allahın bəndələri belədir. Biz gərək bu fürsətdən çox istifadə edək4.

NİKBİN CƏMİYYƏT
Dua insanla Allah arasında könül əlaqəsidir. Dua Allahı səsləməkdir. İstəmək ümidvar olmaqdır. Naümid insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunmağı ümidlə yanaşıdır. Bu qəbul olunma ümidli könülləri işıqlandırır, nurlandırır. Duanın bərəkəti ilə cəmiyyət şən, nikbin, fəal olur5.

ÖZ VAİZİMİZ OLAQ
Ramazan ayı daxil olduqda hər namazın sonunda bir dua oxumaq müstəhəbdir. O duada Allaha deyilir: "İlahi, müsəlmanların hər bir qüsurlu işlərini islah et! İlahi, yoxsulluğumuza öz zənginliyinlə sədd çək! İlahi, əhvalımızın pisliyini öz lütfünlə dəyiş!"6 Allahdan bunu istəmişik. Bu, bizim öz əlimizdədir. Müğayat olmalıyıq. Ramazan ayından öncə on bir ay boyunca özümüzü hazırlayaq. Əgər ramazan ayına lazımi hazırlıqla girsək, ilahi ziyafətdən daha çox faydalanacağıq. Növbəti il üçün bir pillə, bir dərəcə, bir sinif daha yuxarıya gedəcəyik. O zaman, həm öz nəfsimizdə, qəlbimizdə, həm ictimai mühitdə sizi razı salan, sevindirən vəziyyəti müşahidə edəcəksiniz. İslamda tərbiyəvi və başqa bütün həyat proqramlarının əsasını bunlar təşkil edir. Hər bir şəxs öz vaizi olmalıdır, özünə nəzarət etməlidir. özünün yanlışa yol verməsinə mane olmalıdır. Özünə yaxşılığı əmr, pisliyi isə qadağan etməlidir. Özünə yaxşılığı əmr edib pisliyi qadağan etmək, özünə moizə etmək başqalarına moizə etməkdən daha vacibdir.7

Kitabın adı: Ramazan kölgəsində
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei


1. Ali Dini Liderin ruhani və təbliğatçılarla görüşdə nitqi (1388. 9. 23)
2. Ali Dini Liderin cəmiyyətin müxtəlif təbəqələri ilə görüşdə nitqi (6. 2. 1369)
3. Ali Dini Liderin Tehranda cümə namazı xütbələri (1369. 1. 10)
4. Ali Dini Liderin Fitr bayramı namazında xütbələri (1383. 8. 24)
5. Ali Dini Liderin cəmiyyətin müxtəlif təbəqələri ilə görüşdə nitqi (6. 2. 1369)
6. "Müstədrək əl-vəsail", c. 7, səh. 447
7. Ali Dini Liderin Fitr bayramı namazında xütbələri (1383. 8. 24)

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!