RAMAZAN AYI VƏ DUA-1

:

İSTİĞFARIN TƏSİRİ
Ramazan ayının günlərində oxunan dualarda oxuyuruq: "Bu peşmançılıq ayıdır, tövbə ayıdır, cəhənnəm alovundan azad olma ayıdır".1 Bu ay istiğfar, tövbə, Allaha qayıdış ayıdır.

İstiğfar, bağışlanma diləmək, günahların Allah tərəfindən əfvini istəməkdir. Bu istiğfar əgər doğru başa düşülərsə, insanın üzünə ilahi bərəkət qapısı açar. Bir fərdin, bir insan cəmiyyətinin ehtiyacı olduğu ilahi lütflərin – ilahi inayətlər, ilahi mərhəmət, ilahi nuraniyyət, ilahi hidayət, Allah tərəfindən müvəffəqiyyət, işlərdə yardım, müxtəlif sahələrdə nailiyyətlərin – yolu işlətdiyimiz günahlar səbəbi ilə bağlanır. Günah, bizimlə ilahi mərhəmət, ilahi lütf arasında hicab, örtük olur. İstiğfar bu hicabı aradan qaldırır. Qarşımızda Allahın mərhəmət, lütf yolu açılır. Bu, istiğfarın faydasıdır. Buna görə də siz Quranda görürsünüz ki, istiğfarın dünyəvi və bəzən də axirət faydaları qeyd olunur. Misal üçün, “Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram” (“Hud”, 3) “Ey camaatım! Rəbbinizdən bağışlanma diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (fasiləsiz) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” (“Hud”, 52). Bütün bunlar hamısı belə başa düşülür ki, bu ilahi lütflərin yolu istiğfarla ruh və cismin üzünə, bəşəri cəmiyyətin üzünə açılır. Buna görə də istiğfar mühümdür2.

İNSANIN MƏNƏVİ TƏRƏFİNİN TUTQUNLAŞMASI
İstiğfar özü əslində tövbənin bir hissəsidir. Tövbə də Allaha doğru qayıtmaqdır. Buna görə də tövbənin rüknlərindən biri istiğfardır. Yəni, Allahdan əfv diləməkdir. Bu, böyük ilahi nemətlərdən biridir. Yəni, Allah-Taala tövbə qapısını bəndələrinin üzünə açmışdır ki, onlar kamillik yolunda irəliləsinlər, günah onların arxasını yerə vurmasın. Çünki günah insanı insanlıq qülləsindən salır.
Hər bir günah insan ruhuna, insan sağlığına, mənəviyyatına, ruhun yüksəlişinə zərbə endirir. İnsan ruhunun şəffaflığını aradan qaldırır, onu tutqunlaşdırır. Günah insanda mövcud olan, onu kainatdakı digər varlıqlardan ayıran mənəviyyatı şəffaflıqdan salır. Onu heyvanlara, cansız təbiətə yaxınlaşdırır.
Günahlar insan həyatında mənəvi tənəzzüldən başqa bir sıra uğursuzluqlara da yol açır. Bir çox bəşəri hərəkət meydanları vardır ki, insan günahları səbəbi ilə orada müvəffəq ola bilmir. Əlbəttə, bunların elmi, fəlsəfi və psixi izahı da var. Sırf mütilik və ya sözləri demək deyil. Necə ola bilər ki, günah insanın kürəyini yerə vurur? Misal üçün, - Ühüd döyüşündə bir qrup müsəlmanın təqsiri, səhlənkarlığı nəticəsində ilkin qələbə məğlubiyyətə çevrildi. Yəni müsəlmanlar öncə qələbə çaldılar, amma dağın arasındakı yolda gözətçilik etməli, arxa cəbhəni qorumalı olan oxatanlar qənimət tamahı ilə öz səngərlərini tərk etdilər, meydana doğru gəldilər. Düşmən də dağın başına fırlanıb hücum etdi, müsəlmanları qılıncdan keçirdi. Ühüd məğlubiyyəti belə baş verdi.
"Ali-İmran" surəsində demək olar ki, on və ya on iki ayə bu məğlubiyyətə həsr olunmuşdur. Çünki müsəlmanlar ruhi baxımdan həddindən artıq sarsılmışdılar. Özlərinə yer tapa bilmirdilər. Bu onlara çox baha başa gəldi. Quran ayələri onlara həm təskinlik verir, həm yönləndirib doğru yola hidayət edir, həm də başa salır. Sonra buyurur: Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır "(Ali-İmran", 147). Yəni, keçmişdə peyğəmbərlərin səhabələri, həvariləri müxtəlif hadisələrdə, döyüşlərdə bir müsibətlə üzləşdikdə Allaha duaya sığınırdılar və deyirdilər: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” Bu, əslində göstərir ki, hadisələr, müsibətlər sizin özünüzün günahlarınızla yaratdığınız vəziyyətdən törəyir. Bu, günahlar məsələsidir.
Demək, insanın işlətdiyi günahlar, müxtəlif qüsurlar, şəhvət düşkünlüyündən, dünya sevgisindən, dünya malına tamahdan, dünyada vəzifəyə yapışmaqdan, mövcud imkanına nisbətdə xəsislikdən, həmçinin həsəddən, dargözlükdən, qəzəbdən, hərislikdən doğan günahlar şübhəsiz, insan vücudunda iki təsir qoyur: Biri mənəvi təsirdir. Ruhu ruhanilikdən salır, nuranilikdən çıxarır, insanda mənəviyyatı zəiflədir. İlahi mərhəmətin yolunu insanın üzünə bağlayır. Digər təsiri isə budur ki, ictimai mübarizə meydanında, yaşam uğrunda mübarizənin insanın iradəsinə, müqavimətinə, əzminə ehtiyacı olduğu anda bu günahlar insanın yaxasını tutur. Əgər bu zəifliyin yerini dolduracaq digər amil olmasa insanı ayaqdan salır. Əlbəttə, bəzən insanda digər amillər olur ki, - misal üçün, bir xüsusiyyət və ya yaxşı iş – o boşluğu doldurur. – İndi onlardan danışmaq istəmirik. – Amma günahın öz-özlüyündə təsiri budur.
Allah-Taala insana böyük bir nemət, məğfirət, bağışlanmaq neməti vermiş və buyurmuşdur ki, əgər siz gördüyünüz işdən, işlətdiyiniz günahdan – bu işin, günahın izi qalmalıdır – peşman olsanız, tövbə və istiğfar qapısı açıqdır. Siz günaha batdıqda, günah iş gördükdə sanki öz bədəninizə yara vurmusunuz, bədəninizə mikrob salmısınız. Bu zaman xəstəlik qaçılmazdır. Əgər bu yaranın, bu xəstəliyin, bu zərbənin izinin vücudunuzdan getməsini istəyirsinizsə, Allah bunun üçün qapı açmışdır. Bu, tövbə, istiğfar, peşmanlıq, qayıdış qapısıdır. Əgər qayıtsanız, Allah-Taala izləri aradan qaldıracaq. Bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir.
Ramazan ayı ilə vida duasında – "Səhifeyi-Səccadiyyə"nin qırx beşinci duası – İmam Səccad (ə) Allaha ərz edir: "(Bu) Sənsən ki, bəndələrinin üzünə əfvinə doğru qapı açmısan". Onu tövbə adlandırmısan “Və bu yol üçün vəhyindən bir bələdçi də qoymusan ki, bəndələrin yollarını azmasınlar". Bir neçə cümlədən sonra deyir: "Qapı açıldıqdan sonra bu mənzilə daxil olmayanın üzrü yoxdur". Əgər ilahi əfv qapısı açılmışsa, bundan istifadə etməyənin nə üzürü ola bilər?" İlahi əfv yolu istiğfardır, yəni əfv diləməkdir. Allahdan bağışlanmaq istəyin.
Peyğəmbər (s) buyurmuşdur: "Allah-Taala günahları bağışlayır. Amma bağışlamaq istəmədiyi şəxs istisnadır".3 Bir gün Peyğəmbər (s) səhabələrinə buyurdu: "Allah günahları bağışlayır. Amma bağışlamaq istəmədiyi şəxs istisnadır". Sonra səhabələr soruşdular: "Allahın bağışlamaq istəmədiyi şəxs kimdir?" Həzrət (s) buyurdu: "İstiğfar etməyən şəxs (əfv diləməyən)". İstiğfarla, əfv diləməklə ilahi əfvi əldə etmək olar. İstiğfar bu qədər əhəmiyyətlidir. İstiğfar, Allahdan əfv diləmək, bağışlanmaq istəməkdir.
Bu haqda bir-iki məsələyə də toxunmaq istəyirəm. Ümidvaram bizim bu ramazan ayından faydalanmağımız, bir az Allaha yaxınlaşmağımız üçün bir vasitə olsun. Bu, bizim dünya və axirətimiz, cəmiyyətimiz qarşımızdakı müxtəlif meydanlarda inkişaf etməyimiz üçün çox lazımlı və faydalıdır.
Bir məsələ budur ki, əgər istiğfara və bu ilahi nemətə nail olmaq istəsək, özümüzdən iki xisləti – qəflət və qüruru uzaqlaşdırmalıyıq. Qəflət odur ki, insan ümumilikdə özü günah işlətdiyini bilmir. Camaatın bəzisi belədir. Çoxu deyirəm, əksəriyyəti yox – çoxluğu və ya azlığı ilə işim yoxdur. Ola bilər ki, bəzi cəmiyyətlərdə azdır, bəzilərində çox. Hər halda dünyada, insanlar arasında bu növ insanlar var ki, qafildirlər, günah edirlər və günah işlətdiklərini də bilmirlər. Yalan deyirlər, fitnə salırlar, qeybət edirlər, zərər vururlar, şər atırlar, ara qarışdırırlar, qətl törədirlər, günahsız insanlar üçün tələ qururlar, uzaq üfüqlərdə, geniş səthdə xalqlar üçün qorxunc yuxular görürlər, camaatı azdırırlar, insanları yoldan çıxarırlar, amma bu çirkaba düşdüklərinə əsla diqqət yetirmirlər. Əgər kimsə ona günah etdiyini desə, laqeydlikdən qəhqəhə çəkir, məsxərəyə qoyur, deyirlər: Günah? Nə günah?
Bəzi qafil insanlar əsla savab və əzaba etiqad bəsləmirlər. Bəzilərinin savab və əzaba inancları da var. Amma qəflətdə qərq olmuşlar. Əsla nə iş gördüklərini bilmirlər. Əgər bunu öz gündəlik həyatımızda bir az incələsək, görəcəyik ki, bizim bəzi hallarımız qafillərin halına bənzəyir. Qəflət çox qəribə və təhlükəli şeydir. Ola bilər ki, həqiqətən insan üçün qəflətdən böyük heç bir düşmən yoxdur. Bəziləri belədirlər.
Qafil insan əsla istiğfar etməz, əfv diləməz. Ümumiyyətlə günah etdiyini, günah içində çabaladığını, məst və yuxulu olduğunu xatırlamır. Həqiqətən, yuxuda hərəkət edən adam kimidir. Buna görə də əxlaq yolunu gedənlər saliklərin nəfsi saflaşdırma, əxlaqi yetkinlik yolunda yetdikləri mənzillərindən birinin "yəqzə" mənzili, yəni oyaqlıq mərhələsi olduğunu bildirmişlər.
Quran terminologiyasında bu qəflətin müqabil tərəfi təqvadır. Təqva ayıq olmaq, daim gözüaçıq olmaq, özünü nəzarətdə saxlamaq deməkdir. Qafil adamın, yüzlərlə günah edən və günah işlətdiyini əsla bilməyən, hiss etməyən adamın əksi təqvalı adamdır. Təqvalı adam çox az günah edir. Günah etdikdə də dərhal günaha batdığını bilir və günahın yerini doldurmağa çalışır. “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” ("Əraf", 201). Şeytan yanından keçdikdə, şeytanın küləyi ona toxunduqda, dərhal şeytana uyduğunu hiss edir, yanıldığını bilir, qəflətə düşdüyünü görür. Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” Bəzilərinin gözü açıqdır4.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: Ramazan kölgəsində
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

 


1. "Əl-Kafi fi əl-üsul", c. səh. 75
2. Ali Dini Liderin Tehranda cümə namazı xütbələri (1369. 1. 10)
3. "Müstədrək əl-vəsail", c. 12, səh.122
4. Ali Dini Liderin Tehranda cümə namazı xütbələri (1369. 1. 10)

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!