NƏHC-ül-BƏLAĞƏ - 179-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.

Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?!1 Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız.2 Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Qur’anı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı!3 Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!4

ومن کلام له عليه السلام

في ذمّ العاصين من أصحابه

أَحْمَدُ اللهَ عَلَي مَا قَضَي مِنْ أَمْرٍ، وَقَدَّرَ مِنْ فِعْلٍ، وَعَلَي ابْتِلاَئِي بِکُمْ أَيَّتُهَا الْفِرْقَةُ الَّتِي إذَا أَمَرْتُ لَمْ تُطِعْ، وَإذَا دَعَوْتُ لَمْ تُجِبْ، إنْ أُمْهِلْتُمْ خُضْتُمْ، وَإنْ حُورِبْتُمْ خُرْتُمْ. وَإنِ اجْتَمَعَ النَّاسُ عَلَي إمَامٍ طَعَنْتُمْ، وَإنْ أُجِبْتُمْ إلَي مُشَاقَّةٍ نَکَصْتُمْ. لاَ أَبَا لِغَيْرِکُمْ ! مَا تَنْتَظِرُونَ بِنَصْرِکُمْ وَالْجِهَادِ عَلَي حَقِّکُمْ؟ الْمَوْتَ أَوِ الذُّلَّ لَکُمْ؟ فَوَاللهِ لَئِنْ جَاءَ يَوْمِي ـ وَلَيَأْتِيَنِّي ـ لَيُفَرِّقَنَّ بَيْني وَبَيْنَکُمْ وَأَنا لِصُحْبَتِکُمْ قَالٍ، وَبِکُمْ غَيْرُ کَثِيرٍ. لِلَّهِ أَنْتُمْ! أمَا دِينٌ يَجْمَعُکُمْ! وَلاَ حَمِيّةٌ تَشْحَذُکُمْ ! أَوَلَيْسَ عَجَباً أَنَّ مُعَاوِيَةَ يَدْعُو الْجُفَاةَ الطَّغَامَ فَيَتَّبِعُونَهُ عَلَي غَيْرِ مَعُونَةٍ وَلاَ عَطَاءٍ، وَأَنَا أَدْعُوکُمْ ـ وَأَنْتُمْ تَرِيکَةُ الْإِسْلاَمِ، وَبَقِيَّةُ النَّاسِ ـ إلَي الْمَعُونَةِ أَوطَائِفَةٍ مِنَ الْعَطَاءِ، فَتَفَرَّقُونَ عَنِّي وَتَخْتَلِفُونَ عَلَيَّ؟ إِنَّهُ لاَ يَخْرُجُ إِلَيْکُمْ مِنْ أَمْرِي رِضيً فَتَرْضَوْنَهُ، وَلاَ سُخْطٌ فَتَجْتَمِعُونَ عَلَيْهِ، وَإنَّ أَحَبَّ مَا أَنَا لاَقٍ إِلَيَّ الْمَوْتُ! قَدْ دَارَسْتُکُمُ الْکِتَابَ، وَفَاتَحْتُکُمُ الْحِجَاجَ، وَعَرَّفْتُکُمْ مَا أَنْکَرْتُمْ، وَسَوَّغْتُکُمْ مَا مَجَجْتُمْ، لَوْ کَانَ الْأَعْمَي يَلْحَظُ، أَوِ النَّائِمُ يَسْتَيْقِظُ! وَأَقْرِبْ بِقَوْمٍ مِنَ الْجَهْلِ بِاللهِ قَائِدُهُمْ مُعَاوِيَةُ! وَمُؤَدِّبُهُمُ ابْنُ النَّابِغَةِ

Ardı var...

180-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi və digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ən’ənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm də onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə də başçılar o Həzrətdən elə də razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər
2. Mənim işlərimdə həmişə riyakarlıq və ikiüzlülük edirsiniz. Nə itaət edərək tabe olmaqda qədəminiz sabitdir, nə də müxalifət etməkdə birüzlü və yekdil! Kaş ki, bir yol ilə gedəydiniz və məni bu dərd və kədərin çəkişməsindən xilas edəydiniz.
3. Mən doğru yol göstərmək və ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə və yatan oyanmasa, mənim günahım deyil.
4. Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!