NƏHC-ül-BƏLAĞƏ - 165-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan (və quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.1
Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi və səhabələrini məzəmmət etdiyi) bir hissəsidir
(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam və dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət və doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi və) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni də heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı (və elə selin də yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar və onlara güc və qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq və hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət və bütün şeyləri aradan gedər).
Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar və Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır.2 Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin və Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik və səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).

ومن خطبة له عليه السلام 

الحثّ علي التآلف 

لِيَتَأَسَّ صَغِيرُکُمْ بِکَبِيرِکُمْ، وَلْيَرأَفْ کَبِيرُکُمْ بِصَغيرِکُمْ، وَلاَ تَکُونُوا کَجُفَاةِ الْجَاهِلِيَّةِ: لاَ في الدِّينِ يَتَفَقَّهُونَ، وَلاَ عَنِ اللهِ يَعْقِلُونَ، کَقَيْضِ بَيْضٍ في أَدَاحٍ يَکُونُ کَسْرُهَا وِزْراً، وَيُخْرِجُ حِضَانُهَا شَرّاً. 

بنو أمية 

و منها: افْتَرَقُوا بَعْدَ أُلْفَتِهِمْ، وَتَشَتَّتُوا عَنْ أَصْلِهِمْ، فَمِنْهُمْ آخِذٌ بِغُصْنٍ أَيْنَما مَالَ مَالَ مَعَهُ. عَلَي أَنَّ اللهَ تَعَالَي سَيَجْمَعُهُمْ لِشَرِّ يَوْمٍ لِبَنِي أُمَيَّةَ، کَمَا تَجْتَمِعُ قَزَعُ الْخَرِيفِ يُؤَلِّفُ اللهُ بَيْنَهُمْ، ثُمَّ يَجْعَلُهُمْ رُکَاماً کَرُکَامِ السَّحَابِ، ثُمَّ يَفْتَحُ لَهُمْ أَبْوَاباً، يَسِيلُونَ مِنْ مُسْتَثَارِهِمْ کَسَيْلِ الْجَنَّتَيْنِ، حَيْثُ لَمْ تَسْلَمْ عَلَيْهِ قَارَةٌ، وَلَمْ تَثْبُتْ عَلَيْهِ أَکَمَةٌ، وَلَمْ يَرُدَّ سَنَنَهُ رَصُّ طَوْدٍ، وَلاَ حِدَابُ أَرْضٍ. يُذعْذِعُهُمُ اللهُ فِي بُطُونِ أَوْدِيَتِهِ، ثُمَّ يَسْلُکُهُمْ يَنَابِيعَ فِي الْأَرْضِ، يَأَخُذُ بِهِمْ مِنْ قَوْمٍ حُقُوقَ قَوْمٍ، وَيُمَکِّنُ لِقَوْمٍ فِي دِيَارِ قَوْمٍ. وَايْمُ اللهِ، لَيَذُوبَنَّ مَا فِي أَيْدِيهمْ بَعْدَ الْعُلُوِّ وَالتَّمْکِينِ، کَمَا تَذُوبُ الْأَلْيَةُ عَلَي النَّارِ. 

الناس آخر الزمان 

أَيُّهَا النَّاسُ، لَوْ لَمْ تَتَخَاذَلُوا عَنْ نَصْرِ الْحَقِّ، وَلَمْ تَهِنُوا عَنْ تَوْهِينِ الْبَاطِلِ، لَمْ يَطْمَعْ فِيکُمْ مَنْ لَيْسَ مِثْلَکُمْ، وَلَمْ يَقْوَ مَنْ قَوِيَ عَلَيْکُمْ، لکِنَّکُمْ تِهْتُمْ مَتَاهَ بَنِي إسْرَائِيلَ. وَلَعَمْرِي، لَيُضَعَّفَنَّ لَکُمُ التِّيهُ مِنْ بَعْدِي أَضْعَافاً، بِمَا خَلَّفْتُمُ الْحَقَّ وَرَاءَ ظُهُورِکُمْ، وَقَطَعْتُمُ الْأَدْني، وَوَصَلْتُمُ الْأَبْعَدَ. وَاعْلَمُوا أَنَّکُمْ إِنِ اتَّبَعْتُمُ الدَّاعِيَ لَکُمْ، سَلَکَ بِکُمْ مِنْهَاجَ الرَّسُولِ، وَکُفِيتُمْ مَؤُونَةَ الْأَعْتِسَافِ، وَنَبَذْتُمُ الثِّقْلَ الْفَادِحَ عَنِ الْأَعْنَاقِ.

Ardı var...

166-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki ola bilər ki, zəhərli ilan yumurtası olsun. Cahiliyyət zalımları dəvəquşunun yumurtladığı yerdə tapılan zəhərli ilan yumurtası kimidirlər. Ona görə ki, onlarla müxalifət etmək və onları devirmək döyüş və qan tökülməsi ilə nəticələnir, yumşaq davranmaq isə azğınlıq və fitnə-fəsada səbəb olurdu.
2. Çünki onların sərgərdanlıqları qırx il idi. Sizin və övladlarınızın sərgərdanlığı isə zühuru gözlənilən on ikinci İmamın - Allah-təala onun zühurunu tezləşdirsin - zühur edəcəyi zamana kimi davam edəcəkdir.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!