NƏHC-ül-BƏLAĞƏ - 163-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır.

(Osmanın özünün və nümayəndələrinin fitnə-fəsad və əyrilikləri Mədinə və digər şəhərlərdə yayıldıqdan sonra Mədinənin Həzrət Peyğəmbərin səhabələrindən olmuş və digər sakinlərinin bir dəstəsi, başqa şəhərlərin əhalisinə belə bir məktub yazdılar: Siz ki Allah yolunda cihad edərək din düşmənləri ilə vuruşmaq istəyirsiniz, tez bizim yanımıza gəlin. Sizin xəlifəniz dini məhv edib və aradan aparıb. Beləliklə, xalqın qəlbi Osmandan sındı və onu məqamından uzaqlaşdırmaq qərarına gəldilər. Misir, Bəsrə və Kufə əhalisinin böyük bir dəstəsi Mədinəyə gəldi.) Onlar (Osmandan İmama gileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini və onun onların razılığını təmin etməsini (pis davranmaqdan əl çəkərək dində yaratdığı bid’ətləri yox etməsini, Həzrət Peyğəmbərin səhabələrinə bu qədər zülm etməməsini və şəhərlərin hakimi vəzifəsinə düz insanları göndərməsini) istəməsini xahiş etdilər. Buna görə də İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:
Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. (Məndən onların sözlərini sənə çatdıraraq fəsadı aradan qaldırmağımı istəyiblər.) Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. (Nə dil ilə danışım ki, sənə təsir etsin? Sənin bid’ət və çirkin əməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş (yerinə yetirdiklərinin haram olması) barəsində bələdçi deyiləm. (Bəlkə özün davranışının haram və dinə zidd olmasını bilirsən.) Bizim bildiyimizi sən də bilirsən. (Sənin gördüyün işlərin çirkinliyi bizə məlum və aşkar olduğu kimi sənin özünə də aşkar və məlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq.1 Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan. Nə Əbu Quhafənin və nə də Xəttabın oğulları düzlüyə səndən layiq deyildi.2 Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) onlardan daha yaxınsan.3 Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr və Ömərin çatmadıqları bir məqama çatmısan.4 Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən və nadan olub sonra öyrədilən olmayacaqsan.5Həqiqətən yollar (Allahın hökmləri) aşkar və dinin nişanələri (Qur’an və Əhli-Beyt) möhkəm və bərqərardır. Odur ki, (əgər qəflətə düşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) və batil və səhv bid’əti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bid’ətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bid’əti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Qiyamət günü zalım başçını gətirəcəklər və onun nə kömək edəni olacaq (ki, onu cəhənnəm odundan xilas etsin), nə də üzrxahı (ki, əzabı ondan dəf etsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq və dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda və dibində həbs olunaraq saxlanılacaq». Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (Həzrət Peyğəmbər buyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək və (onun öldürülməsi nəticəsində) qiyamətə kimi qan axıdılması və döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli və qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq və onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı və nigaran olarlar. Buna görə də (səksən ildən artıq olan), uzun illərdən və ömürü başa vurduqdan sonra (katib və məmurun) Mərvan (ibn Həkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.
Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:
Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.6

ومن کلام له عليه السلام 

لما اجتمع الناس اليه وشکوا ما نقموه علي عثمان وسألوه مخاطبته واستعتابه لهم، فدخل عليه فقال: 

إِنَّ النَّاسَ وَرَائي، وَقَدِ اسْتَسْفَرُوني بَيْنَکَ وَبَيْنَهُمْ، وَوَاللهِ مَا أَدْرِي مَا أَقُولُ لَکَ! مَا أَعْرِفُ شَيْئاً تَجْهَلُهُ، وَلاَ أَدُلُّکَ عَلَي أَمْر لاَ تَعْرِفُهُ، إِنَّکَ لَتَعْلَمُ مَا نَعْلَمُ، مَا سَبَقْنَاکَ إِلَي شَيْءٍ فَنُخْبِرَکَ عَنْهُ، وَلاَ خَلَوْنَا بِشَيْءٍ فَنُبَلِّغَکَهُ، وَقَدْ رَأَيْتَ کَمَا رَأَيْنَا، وَسَمِعْتَ کَمَا سَمِعْنَا، وَصَحِبْتَ رَسُولَ الله -صَلَّي اللهُ عَلَيْهِ وَآلِه- کَمَا صَحِبْنَا. وَمَا ابْنُ أَبِي قُحَافَةَ وَلاَ ابْنُ الْخَطَّابِ بِأَوْلَي بِعَمَلِ الْحَقِّ مِنْکَ، وَأَنْتَ أَقْرَبُ إِلَي رَسُولِ اللهِ -صَلَّي اللهُ عَلَيْهِ وَآلِه وَسَلَّمِ- وَشِيجَةَ رَحِمٍ مِنْهُمَا، وَقَدْ نِلْتَ مَنْ صَهْرِهِ مَا لَمْ يَنَالاَ. فَاللهَ اللهَ فِي نَفْسِکَ! فَإِنَّکَ ـ وَاللهِ ـ مَا تُبَصَّرُ مِنْ عَميً، وَلاَ تُعَلّمُ مِنْ جَهْلٍ، وَإِنَّ الْطُّرُقَ لَوَاضِحَةٌ، وَإِنَّ أَعْلاَمَ الدِّينِ لَقَائِمَةٌ. فَاعْلَمْ أَنَّ أَفْضَلَ عِبَادِاللهِ عِنْدَ اللهِ إِمَامٌ عَادِلٌ، هُدِيَ وَهَدَي، فَأَقَامَ سُنَّةً مَعْلُومَةً، وَأَمَاتَ بِدْعَةً مَجْهُولَةً، وَإِنَّ السُّنَنَ لَنَيِّرَةٌ، لَهَا أَعْلاَمٌ، وَإِنَّ الْبِدَعَ لَظَاهِرَةٌ، لَهَا أَعْلاَمٌ، وَإِنَّ شَرَّ النَّاسِ عِنْدَاللهِ إِمَامٌ جَائِرٌ ضَلَّ وَضُلَّ بِهِ، فَأَمَاتَ سُنَّةً مَأْخُوذَةً، وَأَحْيَا بِدْعَةً مَتْرُوکَةً. وَإِني سَمِعْتُ رَسُولَ اللهِ -صَلَّي اللهُ عَلَيْهِ وَآلِه- يَقُولُ: «يُؤْتَي يَوْمَ الْقِيَامَةِ بِالْإِمَامِ الْجَائِرِ وَلَيْسَ مَعَهُ نَصِيرٌ وَلاَ عَاذِرٌ، فَيُلْقَي فِي نَارِ جَهَنَّمَ، فَيَدُورُ فِيهَا کَمَا تَدُورُ الرَّحَي، ثُمَّ يَرْتَبِطُ فِي قَعْرِهَا». وَإِني أَنْشُدُکَ اللهَ ألَّا تَکُونَ إِمَامَ هذِهِ الْأُمَّةِ الْمَقْتُولَ، فَإِنَّهُ کَانَ يُقَالُ: يُقْتَلُ فِي هذِهِ الْأُمَّةِ إِمَامٌ يَفْتَحُ عَلَيْهَا الْقَتْلَ وَالْقِتَالَ إِلي يَوْمِ الْقُيَامَةِ، وَيَلْبِسُ أُمُورَهَا عَلَيْهَا، وَيَبُثُّ الْفِتَنَ فِيهَا، فَلاَ يُبْصِرُونَ الْحَقَّ مِنَ الْبَاطِلِ، يَمُوجُونَ فِيهَا مَوْجاً، وَيَمْرُجُونَ فِيهَا مَرْجاً. فَلاَ تَکُونَنَّ لِمَرْوَانَ سَيِّقَةً يَسُوقُکَ حَيْثُ شَاءَ بَعْدَ جَلاَلَ السِّنِّ وَتَقَضِّي الْعُمُرِ. فَقَالَ لَهُ عُثْمَانُ: کَلِّمِ النَّاسَ فِي أَنْ يُؤَجِّلُونِي، حَتَّي أَخْرُجَ إِلَيْهِمْ مِن مَظَالِمِهِمْ، فَقالَ عَلَيْهِ السَّلَامُ: مَاکَانَ بِالْمَدِينَةِ فَلاَ أَجَلَ فِيهِ، وَمَا غَابَ فَأَجَلُهُ وُصُولُ أَمْرِکَ إِلَيْهِ.

Ardı var...

164-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Həm biz, həm də sən Həzrət Peyğəmbərin hüzurunda olmuş, xalq ilə rəftarını görmüş və hökmlərini eşitmişik. Buna görə də o Həzrətin davranışını sənə təbliğ etmək lazım deyil.
2. Həzrət Peyğəmbərin buyurduğunun ziddinə çıxıb bəhanə ilə xilafəti qəsb etmələrinə baxmayaraq, dində sənin kimi bid’ətlər yaratmadılar və müsəlmanlara bu cür zülm və sitəm etmədilər.
3. Çünki Osman, Əffan ibn Əbil As ibn Üməyyə ibn Əbd Şəms ibn Əbd Mənafın oğludur və Əbd Mənaf Həzrət Peyğəmbərin - Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Haşim ibn Əbd Mənaf ibn Qusəyy ibn Kəllab ibn Murrə ibn Kə’bin üçüncü babasıdır. Əbu Bəkr isə Abdullah ibn Əbu Quhafə Osman ibn Amir ibn Ömər ibn Kə’b ibn Sə’d ibn Təym ibn Murrə ibn Kə’bdir. Murrə Həzrət Peyğəmbərin altıncı babasıdır. Ömər isə Xəttab ibn Nufəyl ibn Əbduluzza ibn Riyah ibn Abdullah ibn Qurt ibn Zurrah ibn Ədiyy ibn Kə’bin oğludur. Kə’b Həzrət Peyğəmbərin yeddinci babasıdır. Deməli, Osmanın Həzrət Peyğəmbərlə qohumluğu Əbu Bəkr və Ömərdən daha yaxınıdır.
4. Osman məşhur nəzərə əsasən Peyğəmbərin qızları - Rüqəyyə və Umm Gülsümü alıb. Əvvəlcə Ruqəyyəni alıb və bir müddət sonra o məzlum xanım vəfat etdikdən sonra Umm Gülsümü bacısının yerinə ona veriblər. Buna görə də Osmana sünnilər «iki nur sahibi» ləqəbini veriblər.
5. Sən haqq yola nabələd deyilsən ki, sənə yol göstərim və düz rəftardan xəbərsiz deyilsən ki, onu sənə öyrədim. Bəlkə bilə-bilə dinə zidd davranırsan.
6. Mədinədə olan kimsələr barəsindəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasına başla, buna möhlət lazım deyil. Burda olmayan barəsində isə, sənin əmrin çatana kimi heç bir üzr və bəhanə yeri yoxdur. Deyirlər ki, Osman Mərvana aldanıb müsəlmanlara zülm etməkdə cürətlənərək Əmirəl-mömininin sözlərinə qulaq asmadı və iş o yerə çatdı ki, Misir əhalisi və başqaları onu evində mühasirəyə alaraq acınacaqlı şəkildə öldürdülər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!