NƏHC-ül-BƏLAĞƏ - 128-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir:1

 Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir.2 Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan3 qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).
Bu sözlər Həzrətin kəlamının tatarların (və monqolların kitablarda və tarixdə həkk olunmuş axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir
Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)
O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi:
Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih – öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır!» Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir.4 Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.

ومن کلام له عليه السلام 

فيما يخبر به عن الملاحم بالبصرة 

يَا أَحْنَفُ، کَأَنِّي بِهِ وَقَدْ سَارَ بِالْجَيْشِ الَّذِي لاَ يَکُونُ لَهُ غُبَارٌ وَلاَ لَجَبٌ، وَلاَ قَعْقَعَةُ لُجُمٍ، وَلاَ حَمْحَمَةُ خَيْلٍ، يُثِيرُونَ الْأَرْضَ بِأَقْدَامِهِمْ کَأَنَّهَا أَقْدَامُ النَّعَامِ. قال الشريف: يوميء بذلک إلي صاحب الزّنْج. ثمّ قال عليه السلام: وَيْلٌ لِسِکَکِکُمُ الْعَامِرَةِ 

، وَدُورِ الْمُزَخْرَفَةِ الَّتِي لَهَا أَجْنِحَةٌ کَأَجْنَحَةِ النُّسُورِ، وَخَرَاطِيمُ کَخَرَاطِيمِ الْفِيَلَةِ، مِنْ أُولئِکَ الَّذِينَ لاَ يُنْدَبُ قَتِِيلُهُمْ، وَلاَ يُفْقَدُ غَائِبُهُمْ. أَنَا کَابُّ الدُّنْيَا لِوَجْهِهَا، وَقَادِرُهَا بِقَدْرِهَا، وَنَاظِرُهَا بِعَيْنِهَا. 

منه في وصف الاتراک 

کَأَنِّي أَرَاهُمْ قَوْماً کَأَنَّ وَجُوهَهُمُ الْمَجَانُّ الْمُطَرَّقَةُ، يَلْبَسُونَ السَّرَقَ وَالدِّيبَاجَ، وَيَعْتَقِبُونَ الْخَيْلَ الْعِتَاقَ، وَيَکُونُ هُنَاکَ اسْتِحْرَارُ قَتْلٍ، حَتَّي يَمْشِيَ الْمَجْرُوحُ عَلَي الْمَقْتُولِ، وَيَکُونَ الْمُفْلِتُ أَقَلَّ مِنَ المَأْسُورِ! فقال له بعض أصحابه: لقد أَعطيت يا أميرالمؤمنين علم الغيب! فضحک عليه السلام، وقال للرجل ـ وکان کلبياً: يَا أَخَا کَلْبٍ، لَيْسَ هُوَ بِعِلْمِ غَيْب، وَإِنَّمَا هُوَ تَعَلُّمٌ مِنْ ذِي عِلْمٍ، وَإِنَّمَا عِلْمُ الْغَيْبِ عِلْمُ السَّاعَةِ، وَمَا عَدَّدَهُ اللهُ سُبْحَانَهُ بِقَوْلِهِ: (إِنَّ اللهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ... ) الْآية، فَيَعْلَمُ سُبْحَانَهُ مَا فِي الْأَرْحَامِ مِنْ ذَکَرٍ أَوْ أُنْثَي، وَقَبِيحٍ أَوْ جَمِيلٍ، وَسَخِيٍّ أَوْ بَخِيلٍ، وَشَقيٍّ أَوْ سَعِيدٍ، وَمَنْ يَکُونُ فِي النَّارِ حَطَباً، أَوْ فِي الْجِنَانِ لِلنَّبِيِّينَ مُرَافِقاً; فَهذَا عَلْمُ الْغَيْبِ الَّذِي لاَ يَعْلَمُهُ أَحَدٌ إِلاَّ اللهُ، وَمَا سِوَي ذلِکَ فَعِلْمٌ عَلَّمَهُ اللهُ نَبِيَّهُ فَعَلَّمَنِيهِ، وَدَعَا لِي بِأَنْ يَعِيَهُ صَدْرِي، وَتَضْطَمَّ عَلَيْهِ جَوَانِحِي.

Ardı var...

129-CU XÜTBƏNİ BURADAN OXUYUN


 

1. Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən və Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti və bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş və hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir.
2. Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə tə’nə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış və Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə də zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış və ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş və Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə «borğe») görə «borğeyi» kimi məşhurlaşmışdır.
3. Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu.
4. Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!