HƏZRƏT İMAM HÜSEYN (ə) BİZƏ NƏ ÖYRƏTDİ?-2

:

İMAM HÜSEYN(Ə) BİZƏ HƏQİQİ NAMAZ QILMAĞI ÖYRƏTDİ

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.1

İmam Hüseynin(ə) Aşura günü Kərbəla qiyamı ilə bütün insanlara öyrətdiyi dərslər həm insanın dünyasına həm də axirəti üçün böyük əhəmiyyət kəsb edir. İmam Hüseynin(ə) aşura günü Kərbəla qiyamında bütün müsəlmanlara öyrətdiyi dərslərdən biri budur ki, insan məkanından və hər bir vəziyyətindən asılı olmayaraq Allaha təvazökarlıqla namaz qılıb Onun qarşısında əyilməlidir.
Yuxarıda qeyd etdiyimiz ayədə Allah-təala təvazökarlıqla namaz qılan möminlərin nicat tapacağı barədə söhbət açaraq buyurur:
Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.
Bu ayədə möminlərin ən tanınmış və görkəmli xüsusiyyətlərindən, yəni möminlər üsulid-dindən sonra əməl edəcəkləri ilk xüsusiyyət xüşu ilə Allah qarşısında namaz qılmalarından söhbət açılmışdır.
Xüşu insanın cismində olan təvacökarlıqdır ki, onun ruhunda öz təsirini əks etdirir. Mömin o şəxsə deyilir ki, cismində olan təvazökarlığın vasitəsilə ruhunda da həmin təvazökarlıq hiss olunsun.
Həzrət Peyğəmbərin(s) dövründə bir nəfər məsciddə namaz qılırdı. Lakin namaz əsnasında əlini saqqalına aparıb saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər(s) bu hadisəni müşahidə etdi və bir cümlə buyurdu ki, o Həzrətin bu cümləsindən xüşu sözünün nə demək olduğu aydın oldu.

اَما اَنَّهُ لَوْ خَشَعَ قَلْبُهُ لَخَشَعَتْ جَوارِحُهُ
Əgər bu şəxsin qəlbində Allaha təvazökarlıq olsaydı, bədən üzvlərində də təvazökarlıq hiss olardı.
Bu hədisdən məlum olur ki, əgər insanın ruhu Allah qarşısında əyilərsə, cismi də əyilər. Cismin Allah qarşısında əyilməməsi ruhun əyilməməsindən irəli gəlir. Buna görə də Allah təala ayədə təvazökarlıqla ibadət edib Onun qarşısında namaz qılan möminlərin nicat tapmasını zikr etmişdir.
Namaz Allahla insan arasında olan bir söhbət və Onun insana verdiyi nemətləri qarşısında etdiyi təşəkkürdür. Buna görə də Allahın insana verdiyi nemətlər müqabilində gündə on yeddi rəkət namaz qılmalıdır. Bu növ təşəkkürü Allah Özü insanlara buyurmuşdur.
Buna əsasən də Allaha təşəkkür etmək istəyən bir şəxs gündə on yeddi rəkət namaz qılmalı və hər rəkətdə də alnını iki dəfə torpağa qoymalıdır. İnsan namaz qılarkən Allaı böyük təriflərlə zikr etməlidir. İnsan namazda rüku edərkən “Sübhanə Rəbbiyəl əzimi və bihəmdihi” Pak və münəzzəhdir əzəmətli olan Allah və Ona həmd edirəm. Səcdə edərkən “ Sübhanə Rəbbiyəl əla və bihəmdihi” Pak və münəzzəhdir uca olan Allah və Ona həmd edirəm. Zikrləri deyilməlidir.
Qeyd etmək lazımdır ki, insan namaz qılarkən fikri namazda olmalıdır. Belə olmasın ki, namaz qılarkən fikri oyan buyanda olsun. Bəzi insanlar namaz qılarkən fikri istədiyi bir əşyanın, bəziləri öz ticarətinin yanında qalır. Birdə ayılıb görür ki, namazı qılıb qurtarıb.
Ümumiyyətlə insan namaz qılarkən fikri yalnız Allahla olmalı və dediyi hər bir sözün mənasını da başa düşməlidir.
Həyatda elə insanlar da vardır ki, namaz qılarkən fikri yalnız Allahla olur və qapı döyülsədə, telefon zəng çalsa belə onun fikrini Allahdan ayırmır. Çünki Allahla söhbət etməyin şirinliyindən fikri yalnız Allaha zikr etməklə məşğuldur. Bu məsələni daha da aydınlaşdırmaq üçün bir misalı qeyd etmək lazım olur. Uşaqlar küçədə və ya idman zallarında futbol oynayarkən yıxılır, əzilir lakin ağrı hiss etmirlər. Oyun nə qədər şirin olsa yıxılıb əzilənlər onun ağrısını hiss etmirlər. Qapıçının fikri yalnız qapıda və topda olur ki, top qapıdan içəri keçməsin. Top onun üstünə gəldikdə o da topa sarı atılır. O topu tutarkən hansı səmtə yıxılacağını və əziləcəyini düşünmür. Onun əsas məqsədi topu tutmaqdır. Topu tutandan sonra ürəyi sakitləşir. Lakin oyunun şirinliyindən yıxılıb əzildiyi yaraların ağrısını hiss etmir. Oyun qurtardıqdan sonra baxıb görür ki, əlində aə ya ayağından qan axır. Başa düşür ki, oyun əsnasında harasa dəyib yaralanıb. Lakin o anda oyunun şirinliyi əlinin və ya ayağının hara dəyməsini və yaranın acılığını tamamilə aradan aparmışdır.
İnsan vardır ki, onun mərifət və düşüncəsi bir top qədərdir ki, oyunun şirinliyindən bədənində olan ağrıları hiss etmir. Lakin elə insan da vardır ki, Allaha ibadət etməyin şirinliyindən bədənində olan qılınc və ox yaralarının ağrısını hiss etmir.
İmam Hüseyn(ə) Aşura günü Kərbəlada ömrünün axır anlarında gözləri qanla dolmuş və bədənində ox və qılınc yarası olduğu halda üzünü torpağın üzərinə qoyub Allahla münacat edərək belə deyirdi:

الهى رضا بقضائك و تسلما لأمرك لا مَعْبُودَ سِواكَ يا غِِياثَ الْمُسْتَغِثِينَ
İlahi, Sənin qəza və qədərinə razı və əmrinə təsliməm. Səndən başqa Məbud yoxdur ey pənahsızların ən ulu pənahı.
İmam Hüseyn(ə) ömrünün son anlarında Allahla münacat etməyin şirinliyindən bədənindəki yaraların ağrısını, övladlarını tamamilə unutmuşdur.
Allah-təala Kərbəlada İmam Hüseyn(ə)-ı bir insaniyyət, hzürriyyət, azadlıq və həqiqət sərgisi kimi bütün insanlara, Peyğəmbərlərə və mələklərə nümayiş etdirirdi.
Allah-təala insanı xəlq edərkən mələklər dedilər: İlahi, insanı yaratma. O gəlib yer üzündə qan tökəcək. Aşura günü Allah göyün hicabını kənara çəkib mələklərə əmr etdi ki, Mənim bəndəmə baxın! Siz deyirdiz insanı yaratma. Mən bütün aləmi Hüseynə görə yaratmışam.
İmam Hüseyn(ə) qəlbində olan kiçik məhəbbətlərin hamısını Allah məhəbbətinə qurban verdi. O Həzrət Allaha mərifətlə ibadət etməsi nəticəsində bədənində olan bütün ağrıları unutmuşdu. O Həzrəti heç bir şey Allaha ibadət etməkdən və Onunla münacat etməkdən ayıra bilmədi. Çünki o, qəlbində Allah sevgisini hər şeydən üstün bilirdi.
Bu bəhsdən də belə nəticə alırıq ki, insan Allaha ibadət edərkən qəlbində yalnız Allahın məhəbbəti olmalıdır. İnsan yalnız bu yolla Allahla əlaqə yarada bilər. İnsanın yaradılmasından da əsas məqsəd Allahla əlaqə yaratmaqdır.
Buna görə də insan Allahla əlaqə yaratmaq üçün gərək mərifət, düşüncə ilə namaz qılmalıdır. Və namaz əsnasında fikiri başqa yerdə olmamalıdır. İnsan namaz qılarkən hər şeydən öncə bilməlidir ki, kimin hüzurunda dayanıb və kiminlə söhbət edir. Bunun üçün də özünü hazırlamalı ədəb, ərkan və düşüncə ilə namaz qılmalıdır.
İmam Hüseyn(ə) Aşura günü öz hərəkatı ilə bütün dünya müsəlmanlarına öyrətdiyi dərslərdən biri budur ki, insan özünü namaza necə hazırlamalı və namaz qılarkən fikri də namazda Allahla olmalı və çətin vəziyyətlərdə də olsa belə namaz qılmağı öyrətmişdir.
İmam Hüseyn(ə) o gecəni ibadətdlə sona yetirdi və nəhayət aşura günü gəlib çatdı. Döyüş başlandı və İmamın qoşunu ilə düşmən qoşunu qızğın müharibə edirdi. İmam özü də döyüşürdü. Səhabələrdən biri olan Sümamə gəlib İmama dedi: Ağa namazın vaxtıdır. İmam Hüseyn(ə) ona buyurdu:

جَعَلَكَ الله مِنَ الْمُصَلِّينَ ذَكَرْتَ الصَّلاة
Sümamə, Allah səni namaz qılanlardan qərar versin ki, namazı yad etdin.
İmam əmr etdi ki, döyüşü saxlasınlar. Döyüş dayandı, imam günorta namazına qılmağa başladı. Düşmənlərdən biri dedi: O qılan namaz qəbul deyil. Həbib ibn Məzahir onun bu sözlərindən qəzəbləndi və gəlib ona dedi: Ey ulaq, sən qılan namaz qəbul olur, lakin Allahın höccəti qılan namaz qəbul deyil? Həbib ibn Məzahiri elə oradaca şəhid etdilər. İmam namaz qılarkən səhabələrdən bir neçəsi İmamın kənarında qalxan kimi dayanmışdılar. Düşmənin atdığı oxlar onların sinələrinə sancılırdı. Lakin onlar öz imamlarını qoruyurdu.
Tarixin bu hadisəsindənməlum olur ki, Kərbəlada şəhid olanlar namaz qurbanlarıdır. Onlar namazın diri qalması üçün öz canlarını Allah yolunda qurban verdilər.

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: İMAM HÜSEYN (Ə) MƏKTƏBİ
Müəllif: SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD


1.Muminun surəsi 1-2

Tags: İMAM HÜSEYN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!