HƏZRƏT RÜQƏYYƏNİN (ə) ŞƏHADƏTİ

:

İmam Hüseynin (ə) üç yaşlı nazlı qızı Həzrət Rüqəyyə (sə) gecələrin birində yuxuda atasını görür. O xanım, yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşurlar, cavabında deyir: Atam haradadır? Mənim atamı, gözümün nurunu gətirin. Onlar bildilər ki, xanım atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də sakitləşdirə bilmədilər. Əhli-beyt (ə) özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də gecənin sükutunu sındırıb, hamılıqla o qıza qoşulub, ağlamağa, nalə etməyə başladılar, öz üzlərinə sillə vurub, saçlarını pərişan etdilər və başlarına torpaq tökdülər. Onların ağlamaq səsi o qədər ucaldı ki, lənətə gəlmiş Yezidin qulağına çatdı.

Tahir ibn Əbdillah Dəməşqi deyir: Mən Yezidin (Allahın lənəti olsun ona) nədimi idim və çox gecələr onun üçün söhbət edib, başını qarışdırırdım. Bir gecə də yenə o məlunun yanında idim. Gecədən bir qədər keçmişdi. Mənə dedi: Ey Tahir! Bu gecə vəhşət mənə qələbə edib, ürəyim döyünür, qüssə və hüznlə dolub. O qədər qəm-qüssəliyəm ki, oturmağa və söhbət etməyə taqətim yoxdur. Gəl başımı ətəyinə al və mənim keçmişimdən, pis işlərimdən danışma. Tahir deyir: Mən onun nəhs başını ətəyimə aldım. O məlun yuxuya getdi. O vaxt, şəhidlər sərvəri, həzrət imam Hüseynin (ə) nurani başı qızıl teştdə bizim qarşımızda idi. Bir saatdan sonra imam Hüseynin (ə) hərəmlərinin xarabadan nalə səsləri ucaldı. Yezid məlun yuxuda, mən isə qüssədə idim ki, bu nə zülmdür Yezid, Əbu Türab övladlarına etdi?!

Teştə tərəf baxıb gördüm, imam Hüseynin (ə) gözlərindən yaş süzülür, təəccüb etdim! Sonra gördüm, o nurani baş, elə bil dörd zira (təqribən iki metr) yuxarı qalxdı və mübarək dodaqları hərəkətə gəldi, o möcüzəli ağzından qəmli və zəif bir səs ucaldı, deyirdi: "اللهم هئولاء اولادنا و اکبادنا و هئولاء اصحابنا" "İlahi, bunlar mənim övladlarım, ciyərlərimdir və bunlar mənim səhabələrimdirlər."
Tahir deyir: Mən bu halı o həzrətdən müşahidə etdikdə qorxuya düşdüm və məni dəhşət götürdü, ağlamağa başladım. Yezidin imarətinin üstünə gəldim. Əsirlər saxlanılan xaraba onun arxasında idi. Elə bilirdim ki, Rəsulullahın (s) əhli-beytindən biri dünyasını dəyişib və onun ölümü onların bu nalələrinə səbəb olub. Qəsrin üstünə çatdıqda gördüm, əhli-beyt hamılıqla bir balaca qız uşağını araya alıblar. O qız başına torpaq tökür, nalə və fəğan edib, deyir: "يا عمتي و يا اخت ابي اين ابي اين ابي" "Ey bibi, ey atamın bacısı, atam haradadır, atam haradadır?"
Onları çağırıb, soruşdum: Nə olub ağlayırsınız, nalə edirsiniz? Dedilər: Şəhidlər sərvərinin qızı atasını yuxuda görüb, ayılandan bəri bizdən atasını istəyir. Nə qədər təsəlli versək də, aram olmur.
Tahir deyir: Mən bu dərdli halı müşahidə edəndə Yezidin yanına qayıtdım. O bədbəxt, Hüseyn ibn Əlinin (ə) başına tərəf baxır, qorxusundan öz-özünə söyüd yarpağı kimi titrəyirdi. Bu vaxt Hüseynin (ə) mübarək başı Yezidə tərəf baxıb, buyurdu: Ey Muaviyənin oğlu, mən sənin haqqında nə pislik etmişdim ki, sən mənə bu zülmü etdin və əhli-beytimə xarabada yer verdin?
Sonra o həzrət, Allaha üz tutub dedi:

"اللهم انتقم منه بما عامل بي و ظلمني و اهلي و سيعلمم الذين ظلموا ايي منقلب ينقلبونا"

İlahi, Yeziddən mənə qarşı etdiyi rəftarın və əhli-beytimə etdiyi zülmün intiqamını al!
Yezid, bunu eşidərkən bədəni lərzəyə düşdü. Sonra məndən əhli-beytin (ə) ağlamaqlarının səbəbini soruşdu və Hüseynin (ə) başını o qıza göndərib, dedi: Bunu görəndən sonra bəlkə təsəlli tapar. Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəldilər. Əhli-beyt (ə) bildilər ki, imam Hüseynin (ə) müqəddəs başını gətiriblər, ona görə də hamılıqla o başı qarşılamağa çıxdılar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tutdular. Məxsusən, Zeynəbi Kübra (ə) pərvanə kimi o mübarək başın dövrəsinə dolanırdı. O balaca qız, mübarək başı görən kimi soruşdu: Bu kimin başıdır? Dedilər: Bu atanın mübarək başıdır. O qız, atasının mübarək başını teştdən götürüb, bağrına basdı və ağlamağa başladı.
O balaca qız, atasının mübarək başını qucağına alıb, ürək sözlərini, qəmlərini, yol boyu düşərgələrdə çəkdiyi müsibətləri... o başa deyirdi və atasının məzlumluğuna ağlayırdı: Atacan, kaş mən sənə fəda olardım və sənin mübarək saqqalının qana boyanmasını görməzdim. O məzlumə qız, dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağladı ki, axırda huşdan getdi.
Höccətül-islam Sədrəddin "Səmərət əl-həyat" kitabında, öz sənədi ilə birlikdə gətirib: Həzrət Rüqəyyə öz dodağını atası Hüseynin (ə) dodağına qoydu və o həzrət (imam Hüseyn) buyurdu: اليي الي هلميي فانا لك با لانتظار "Ey gözümün nuru, gəl mənə tərəf, mənim gözüm sənin yolundadır."
Bu vaxt, gördülər həzrət Rüqəyyə (ə) dünyadan gedib.

Kitabın adı: HƏZRƏT RÜQƏYYƏ
Müəllif: SEYYİD ZAHİR

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!