MÜBAHİLƏ AYƏSİ

:

Əziz İslam peyğəmbəri həzrət Məhəmməd (səlləllahu əleyyhi va Alih) və O həzrətin məsum Əhli-beytinin (ə) müxtəlif fəzilətlərini təsdiq edən bir çox mötəbər dəlillər mövcuddur. Belə dəlillərdən biridə "Mübahilə" ("Ali-İmran/61") ayəsidir ki, Allah-taala bu ayəni nazil etməklə, İslam peyğmbəri (s) və O həzrətin məsum Əhli-beytinin (ə) fəzail və üstünlüyünü aydın şəkildə vurğulamışdır.İstər Əhli-beyt, istərsə də Əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri də öz kitablarında bu məsələyə toxunmuş və "Mübahilə" ayəsinin İslam peyğəmbəri (s) və O həzrətin (s) məsum Əhli-beytinin (ə) fəzilət və üstünlüyünə dəlalət etdiyinə təkid etmişlər.

Unutmayaq ki, "Mübahilə" ayəsi ilk növbədə heç də Əhli-beytin ilahi rəhbərliyinə dəlalət etmir. Çünki bu ayənin zahiri, yalnız İslam peyğəmbəri (s) və O həzrətin məsum Əhli-beytinin fəzilət və üstünlüyünə dəlalət edir. Lakin bu ayə barədə ətraflı düşünülsə və onun nümunələrini digər şəxslər ilə müqayisə etdikdə, Əhli-beytin (ə) İlahi rəhbərliyini də ondan əldə etmək olar.
Allah-taala Qurani-Kərimdə buyurur:
إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ. الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ. فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةَ اللّهِ عَلَى الْكَاذِبِينَ.
"Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(bəşər) ol!" - dedi, o da oldu. (59). (Ey Peyğəmbər!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma! (60). (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin, biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək! (61)" "Ali-İmran" surəsi, ayə: 59,60,61.

Mübahilə sözünün mənası
"Mübahilə", ərəb sözü olub, hər hansı bir şeyi öz başına qoymaq və azadlığa buraxmaq mənasını verir. Həmçinin, lüğət kitablarında yazıldığına görə bu söz "lənət və nifrin etmək" mənasına da malikdir.
Dini terminologiyada isə hər hansı bir fərdi, ictimai, dini və s. İşlərdə bir-biri ilə ixtilafı olan iki nəfər və ya iki dəstənin bir-birinə Allah dərgahında nifrin etməsi və ilahi əzaba düçar olmasını diləməsinə deyilir.

Ayənin nazil olma səbəbi
Təfsir və hədis kitablarında bu ayənin nazil olma səbəbi ilə bağlı nəql olunan müxtəlif hədis və rəvayətlərin xülasəsi belədir:
"Ərəbistan yarımadasının Nəcran məntəqəsindən olan bir qurup xristian (alimlərindən ibarət) heyət, İslam dini barədə araşdırma aparmaq üçün Mədinə şəhərinə İslam peyğəmbəri həzrət Məhəmmədin (səlləllahi ələyhi və Alih) yanına gəlirlər.
Onların İslam peyğəmbərinə (s) verdiyi sual belə idi: "Atasız uşağın dünyaya gəldiyini görmüsənmi?"
Allah-taala da onlara cavab olaraq "Ali-İmran" surəsinin 59-cu ayəsini nazil edərək bildirir ki, həqiqətən də, İsa Məsihin (ə) atasız dünyaya gəlməsi Adəmin (ə) yaranışı (atasız halda dünyaya gəlməsi) kimidir.
Xiristian heyəti öz sözlərini təkid edib, inadkarlıq göstərdikdə İslam peyğəmbəri (s) İlahi göstərişə əsasən, onları mübahilə etməyə dəvət etdi. Onlar isə Peyğəmbərdən sabaha qədər möhlət aldılar.
Xiristian heyətinin böyük ruhanisi onlara dedi: "Siz sabah Məhəmmədə baxarsınız. Əgər o, mübahilə etmək üçün öz Əhli-beyti və övladları ilə birgə gələrsə, onunla mübahilə etməkdən qorxun. Yox əgər səhabələri və dostları ilə birgə gələrsə, onunla mübahilə edin. Çünki bu onların zəifliyini göstərəcəkdir."
Sabahsı gün həzrət Peyğəmbər (s) həzrət Əli ibn Əbu-Talib, Həsən, Hüseyn və həzrət Fatimə (ə)-lar ilə birgə mübahilə etmək üçün gəldi. Belə ki, O həzrət (s) Əliyyibni Əbu-Talibin əlindən tutmuş, Həsən və Hüseyn öndə, həzrət Fatimə isə onların arxasında gəlirdi.
Xiristian heyəti də öz dini rəhbərlərinin başçılığı ilə gəlib Peyğəmbərin yanında olanları gördükdə, onların kimliyini soruşdular.
Onların cavabında dedilər ki, bu (Əli) Peyğəmbərin hamıdan çox sevdiyi əmisi oğlu və kürəkəni, bu iki uşaq, onun Əlidən sayılan qız nəvələri, bu gənc qadın isə onun daha çox sevdiyi əziz qızı Fatimədir...
Elə bu vaxt xiristian heyəti Peyğəmbərlə (s) mübahilə etməkdn boyun qaçırdılar və onların dini rəhbəri İslam peyğəmbərinə (s) üz tutub dedi: "Ey Əbul-Qasim! Biz səninlə mübahilə deyil, sülh edirik."
İslam Peyğəmbəri (s) də onlarla sülhü qəbul edərək, onların "cizyə" (müəyyən vergi) verməsi ilə razılaşdı..."

Bir rəvayətə əsasən, xiristian heyətinin dini rəhbəri (keşişi) xiristianlara üz tutub belə demişdir:
"Mən elə simalar görürəm ki, əgər Allahdan dağların yerindən qopmasını xahiş etsələr, Allah-taala da dağları yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xiristian qalmaz".
Həmçinin digər bir rəvayətə əsasən, İslam Peyğəmbəri (s) Nəcran xiristianları ilə saziş etdikdən sonra belə buyurmuşdur:
"And olsun məni haqq olaraq peyğəmbərliyə göndərən Allaha ki, əgər bizimlə mübahilə etsəydilər, onların üstünə od vadisi yağardı."
"Məcmuəl-bəyan fi təfsiril-Quran", Şeyx Təbərsi, c.2, səh.762.
Haqqın batilə qələbə çaldığı gün olan, Mübahilə gününüz mübarək olsun!

Müəllif: Elcin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!