ZİL-HƏCCƏ AYININ İLK ON GÜNÜNÜN ƏMƏLLƏRİ

:

`Allah-Taala dərgahında heç bir xeyir əməl və ibadət bu on gündə (Zil-həccə ayının ilk ongünlüyündə) yerinə yetirilən xeyir əməl və ibadətlərdən sevimli deyil`
Müqəddəs dinimizə əsasən, mübarək Zil-həccə ayı şərafətli bir aydır və iman əhli tarix boyu bu ayda ibadətlə məşğul olmuşlar. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunmuşdur: «Allah-Taala dərgahında heç bir xeyir əməl və ibadət bu on gündə (Zil-həccə ayının ilk ongünlüyündə) yerinə yetirilən xeyir əməl və ibadətlərdən sevimli deyil.»
Bu on günün özünəməxsus əməl və ibadətləri vardır. Sözsüz ki, ilk növbədə qəza oruc və namazlarına diqqət yetirmək lazımdır. Ən əsası isə, əməllər “qürbət qəsdi” ilə (Allaha yaxınlıq niyyətilə) yerinə yetirilməlidir.
ZİL-HƏCCƏ AYININ İLK ON GÜNÜNÜN ƏMƏLLƏRİ
Zil-həccə ayının ilk ongünlüyünün bəzi əməlləri bunlardan ibarətdir:
1. Bu ayın ilk doqquz gününü oruc tutmağın savabı bir ömür orucun savabına bərabərdir.

2. Bu on günün hamısında “məğrib” və “işa” namazları arasında iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra bir dəfə “İxlas” surəsini və həmçinin hacıların savablarına şərik olmaq məqsədilə “Əraf” surəsinin 142-ci ayəsini oxuyursan.

3. İlk gündən “Ərəfə” gününün əsrinə qədər “sübh” namazından sonra və “məğrib” namazından əvvəl imam Sadiqdən (ə) nəql edilən “Əllahümmə hazihil-əyyamülləti fəzzəltəha ələl-əyyam…” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə edilir. Duanın bütöv mətni “Məfatihul-cinan” kitabının “Zil-həccə ayının əməlləri” bölümündə verilmişdir.

4. İlk ongünlükdə həzrət Cəbrailin (ə) Allah tərəfindən həzrət İsaya (ə) hədiyyə etdiyi duanı oxumaq da müstəhəb əməllər sırasındadır:
(1) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (2) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، اَحَداً صَمَداً لَمْ يَتَّخِذْ صاحِبَةً وَلا وَلَداً (3) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ اَحَداً صَمَداً لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ (4) اَشْهَدُ اَنْ لا اِلـهَ اِلاَّ اللهُ وَحْدَهُ لا شَريكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيى وَيُميتُ وَهُوَ حَىٌّ لا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلى كُلِّ شَىْء قَديرٌ (5) حَسْبِىَ اللهُ وَكَفى سَمِعَ اللهُ لِمَنْ دَعا، لَيْسَ وَرآءَ اللهِ مُنْتَهى، اَشْهَدُ للهِ بِما دَعا وَاَنَّهُ بَرىءٌ مِمَّنْ تَبَرَأَ وَاَنَّ لِلّهِ الاْخِرَةَ وَالاْولى
Oxunuşu:
“Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəttəxiz sahibətən və la vələda.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh, əhədən, səmədən, ləm yəlid və ləm yuləd və ləm yəkul-ləhu kufuvən əhəd.
Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə həyyun la yəmut. Biyədihil-xəyr və huvə əla kulli şəyin qədir.
Hasbiyəllahu və kəfa. Səmiəllahu limən dəa. Leysə vəraəllahi müntəha. Əşhədu lillahi bima dəa və ənnəhu bəriun mimmən təbərrəə və ənnə lillahil axirəti vəl-ula.”
Tərcüməsi:
“Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd-səna Ona məxsusdur. Xeyir yalnız Onun əlindədir və O, hər şeyə qadirdir.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Özünə zövcə və övlad götürməmişdir.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır. Doğmaz, doğulmaz və tayı-bərabəri olmaz.
Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk və həmd Ona məxsusdur. Dirildən və öldürəndir. O, ölməyəcək diridir, xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.
Allah mənə yetərli və kifayətdir. O, dua edəni eşidər. Allahın əhatəsindən kənar heç nə yoxdur. Şəhadət verirəm ki, Allahın dəvət etdikləri doğrudur və O, paklıq axtaranlardan daha pakdır, axirət də, dünya da Allaha məxsusdur!”
Həzrət İsadan (ə) bu beş duadan hər birinin gündə yüz dəfə oxunması üçün çoxlu savab nəql edilmişdir. Əllamə Məclisi yazır: “Hər kim bu dualardan hər birini on dəfə oxusa, hədisə əməl etmişdir. Amma gündə hər birini yüz dəfə oxusa, daha yaxşı olar.”

5. Hər gün imam Əlinin (ə) buyurduğu “La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə olunmuşdur. Bu dua da “Məfatihul-cinan” kitabının 526-cı səhifəsində verilmişdir.

Hazırladı: Rəsul Mahmudzadə
Mənbə: Maidə.az

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!