ZİKRİN HƏQİQƏTİ

:

Sual: Zikrin həqiqət və mahiyyəti nədir?
Qısa cavab: Zikrin iki mənası var: bəzən zehinə gələn məfhum (xatırlamaq), bəzən də daxildə (ruhunda) haqq etiqad və maarifi qoruyub saxlamaq mənasındadır.

Əxlaq ustadları belə yazır:
“Allahın zikri” tam qəlbinlə Ona və əzəmətinə diqqət etmək, Onu hazır və nazir (nəzarət edən) bilməkdən ibarətdir”.
Həzrət Əli (ə) bir hədisdə bu haqda buyurur:
“Zikir iki cürdür: müsibət vaxtı Allahı yada salmaq (və dözümlü olmaq). Bu zikir gözəldir. Bundan da üstünü günahlar qarşısında Allahı xatırlamaqdır, belə ki, bu zikir səninlə haram arasında maneə yaradır”.
Ətraflı cavab: Rağib İsfahani “Mufrədat” kitabında yazır:
“Zikir”in iki mənası var: bəzən bir şeyin zehinə gəlməsi (xatırlamaq), bəzən də daxildə (ruhunda) haqq etiqad və maarifi qoruyub saxlamaqdır”.
Əxlaq ustadları uyğun mövzu barədə belə açıqlama verir:
“Allahın zikri” təkcə onun adını dilə gətirmək və təkrar-təkrar “təsbih” (sübhanəllah), “təhlil” (la ilahə illəllah) və “təkbir” (Allahu əkbər) demək deyil, zikir həm də bütün qəlbinlə Ona və əzəmətinə yönəlmək, Onu hər yerdə hazır və nəzarətçi bilməkdir.
Şübhəsiz, belə bir zikir yaxşılıq və xeyirlərə doğru hərəkətə bir stimul olacaq, eyni zamanda insanla günah və xoşagəlməz xüsusiyyətlər arasında möhkəm maneə yarada biləcəkdir.
Bu səbəbdən Peyğəmbərin (s) İmam Əliyə (ə) buyurduğu bir hədisdə oxuyuruq:
“Bu ümmətin üç şeyə taqəti yoxdur (və hər kəs öhdəsindən gələ bilmir): Dini qardaşlara maddi yardıma, camaatın haqqını verməyə və hər zaman Allahı zikr etməyə”.
Sonra əlavə etdi:
وَ لَیْسَ هُوَ سُبْحانَ اللّهِ وَ الْحَمْدُ لِلّهِ وَ لا اِلهَ اِلاّ اللّهُ وَ اللّهُ اَکْبَرُ وَلکِنْ اِذا وَرَدَ عَلى ما یَحْرُمُ عَلَیْهِ خافَ اللّهَ عزَّوَجَلَّ عِنْدَهُ وَ تَترُکَهُ (1)
“Zikir təkcə “Sübhanəllah vəlhəmdu lillah və la ilahə illəllahu vəllahu əkbər” – demək deyil, həm də haram işlər üçün şərait yarandıqda Allahdan qorxmaq və onu tərk etməkdir””.
Eyni məzmunlu digər bir hədis İmam Sadiqdən (ə) azacıq fərqlə nəql olunub (2).
Həzrət Əlidən (ə) nəql edilən başqa bir hədisdə yazılır:
اَلذِّکْرُ ذِکْرانِ: ذِکْرٌ عِنْدَ الْمُصِیبَهِ حَسَنٌ جَمِیلٌ وَ اَفْضَلُ مِنْ ذلِکَ ذِکْرُ اللّهِ عِنْدَ ماحَرَّمَ اللّهُ عَلَیْکَ فَیَکُونَ ذالِکَ حاجِزاً (3)
“Zikir iki cürdür: müsibət vaxtı Allahı yada salmaq (və dözümlü olmaq). Bu zikir gözəldir. Bundan da üstünü günahlar qarşısında Allahı xatırlamaqdır, belə ki, bu zikir səninlə haram arasında maneə yaradır”.
Yuxarıda qeyd edilənlərdən belə bir nəticə əldə etmək olar ki, həqiqi “ilahi zikir” insanın varlığında iz qoyan, düşüncə və əməlinin istiqamətlənməsində təsirli olan, insan ruhunu inkişaf etdirən və Allah yoluna çağıran zikirdir. Allaha zikir dediyi halda şeytanın yolunu gedən şəxsin zikri doğru və xalis deyi.
Buna görə də İmam Əli ibn Musa Rza (ə) buyurur:
“مَنْ ذَکَرَاللّهَ وَ لَمْ یَسْتَبِقْ اِلى لِقایِهِ فَقَدْ اِسْتَهْزَءَ بِنَفْسِهِ” (4)
“Allahı zikir edib Ona yaxınlaşmaqda başqalarından önə keçməyən (və qiyamət üçün yaxşı işlər tədarük görməyən) özünü məsxərə etmişdir”.5
İstifadə olunmuş ədəbiyyat:
1- “Biharul-ənvar”, c. 90, səh. 151, bab 1.
2- “Biharul-ənvar”, c. 90, səh. 151, hədis 5 və 6.
3- “Biharul-ənvar”, c. 75, səh. 55, bab 16.
4- “Biharul-ənvar”, c. 75, səh. 356, bab 26.
5- Ayətullah Məkarim Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilmişdir, c. 1, səh. 360.
Hazırladılar: Seyid Azər Əhmədoğlu
Xəyal Tofiqoğlu

 

Tags: Müxtəlif dini mövzular

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!